...XX əsr dilçiliyinin "atası" sayılan Ferdinand de Sössürün cəmi-cümlətanı bircə kitabı olub!

...XX əsr dilçiliyinin
 

Professor İdris Abbasov yazır...

Xəbər saytları yazır ki,17 il Ankara Universitetində müəllim işləmiş fəlsəfə doktoru Bakıya gələrək paytaxtda kirayə evdə qalıb və 1 il kirayə pulunu ödəməyib. Ona görə də onu əşyaları ilə birlikdə evdən çıxarıblar.
Əslində, ev sahibi humanist davranıb, deyilmi? Çox nadir hallarda ən yaxşı və xeyirxah ev sahibi tapılar ki, uzaq başı 15-20 gün adama güzəştə getsin. Çox nadir!
Yazırlar ki, alim əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib...Niyə indi? Ev sahibinə 1 illik ziyan vurduqdan sonra? Elə əvvəldən gecələyəydi də. Əgər xəbər düzdürsə, şəxsən mən Ankara Universitetinin sanballı alimi sahibsiz buraxmasına qətiyyən inanmıram. Özü də 17 il o qiymətli alimdən faydalandıqdan sonra! İnandırıcı deyil, əlbəttə. Bu, nəsə müəmmalı şeyə oxşadı.
Mətbuatın təqdim etdiyi elmlər namizədi Fazil İsmayılov haqqında google-da axtarışlar nəticəsiz qaldı. Adına bir yazı belə, rastlanmadı. İctimai mövqeyinə rast gəlinmədi.
Quran tərcüməçisi imiş. Olsun. Bununla kimi təəccübləndirmək olar?! İndi Quran tərcüməçisi olmayan az-az intelligentlər tapılar. Hamı Qurandan danışır. Əməllər isə tam əksinə. Bu gün mal həkimi Quranı tərcümə və təfsir edir. Artıq Allahın Kitabı da, inanın ki, təkrar-təkrar yersiz tərcümələrdən bezib. Nə qədər Azərbaycan dilindən Azərbaycan dilinə, rus dilindən rus dilinə tərcümələr etmək olar?! Bu da oldu Mahmud Kaşğarlının "Divanü-luğati-t-Türk"ü. Adamın yadına Mirzə Cəlilin "Quzu" hekayəsi düşür... Nə isə.
29 kitab müəllifi imiş! Ola bilməz ki, Ankara Universiteti elmi sanbalı olan kitab müəllifini mükafatlandırmasın, qayğısına qalmasın, ələlxüsus da universitetin elmi şərəfini qoruyan bir almi! Eləyə qalsa, digərlərini demirəm, təkcə akademik İsa Həbibbəylinin 2000-ə yaxın əsəri var, üstəlik, əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar, macar, litva və b. dillərdə çap olunub. Bəs necə?! Amma gəlin, görək, o əsərlərin elmi inkişafın kandarında yeri varmı?! Heç olmayacaq da!
(Aydınlıq üçün deyim ki, akademik kitab istehsalında ən zəif davranan Zəqqudə xalanın nəvəsi dosent Zoqqumə Xəşənəklidir. Onun da nə az, nə çox, düz 77 kitabı var. Biri 77-sinə, 77-si də birinə dəyməz). Halbuki XX əsr dilçiliyinin "atası" sayılan Ferdinand de Sössürün cəmi-cümlətanı bircə kitabı olub!
Və ilahiyyatçı alimin 5000 kitabı var imiş! Paho! Müqayisə üçün deyək ki, fırıldaqçı professor Vağzallının evində 60-70 min kitabı var. Adam insanlıq, bilik meyarları ilə deyil, kağız yükü ilə öyünür.
Mənə gəlincə, şəxsən mənim kitabım artıq yox dərəcəsindədir. 35 il kirayələrdən kirayələrə, yataqxanalardan yataqxanalara köç etməyim min bir əziyyətlə aldığım kitablarla vidalaşmağıma səbəb oldu. Kitabları daşımaq üçün çox ağır yükdür. Yükdən xilas olmağıma darilmıram. Canım qurtarıb. Şükürlər olsun ki, müasir dünyada elektron kitabxanalar uğur qazanıb!
Bu gün canına cəfa basmayan, gözünün qabağında baş verən qanunsuzluqlara, eybəcərliklərə susan, hətta bişərəflərlə ortaq olub şəxsi fayda güdən, "elmlə" məşğul olub jımıx, yoxsa çörəklə qidalandığının fərqində olmayan, halal-haram qanmayan key alimin nəinki bütöv bir cəmiyyətə, heç özünə belə, faydası yoxdur.
Təəssüf ki, elmi-tədqiqat müəssisələri zərərli, beyin qırışları zibillənmiş tüfeyli alimlərlə doludur.
Dövlətə, xalqa, ölkənin gələcəyinə etibarsızlıq, ümidsizlik aşılayan, özünü heyvərəliyə qoyan, "elm"lə məşğul olub millətə zərər vuran, ölkənin uçuruma getməsini vecsizcəsinə seyr edən, dərisiqalın, haram tikənin mənbəyini soruşmadan qapışdıran, əməli ilə şərə qulluq edən, haqqa qarşı kar, kor və lal olan akademik şəbəkə üzvləri və onun Sakit Okeana qədər kök atmış törəmələri yalnız nifrət obyektləri ola bilərlər.

Paralel.az 

0.015027046203613