Elmsiz ölkələrin gələcəyi - dos. İlham Əhmədov
"Elm və təhsildən faydalanan xalq firavan yaşayar" (Konfutsi)
Elmsiz ölkələrin gələcəyi
Dos. İlham Əhmədov
"Elm və təhsildən faydalanan xalq firavan yaşayar" (Konfutsi).
27 Mart Azərbaycanda Elm günüdür. Həqiqi alimləri və elmə dəyər verən bütün insanları təbrik edirəm. Qüvvət elmdədir. Bu hər zaman da belə olub.
"Elm və təhsildən faydalanan xalq firavan yaşayar" (Konfutsi). Bu kəlam 2500 il əvvəl deyilsə də, nəticə çıxaranlar azdır. Ona görə də ... "Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər". (VOLTER)
Elm insanın, cəmiyyətin, dövlətin, bəşəriyyətin inkişafı üçün çox mühüm vasitədir. İbtidai insanın inkişaf edib, bu günkü insan səviyyəsinə çatması məhz elmin gücü ilə mümkün olmuşdur. Bütün sivil dünya elmə, alimə daim xüsusi diqqət, qayğı və maraq göstərmişdir. Hətta savadsız fəhlə-kəndli-motros hökuməti də. 1922-ci ildə az vaxtda SSRİ-də 50 elmi tədqiqat institutu yaradılmışdır. SSRİ-nin elm sahəsində 33 illik inkişaf yolu ilə bizim son 33 ildəki inkişaf yolumuzu və nailiyyətlərimizi müqayisə etmək maraqlı olardı.
Təəssüf ki, son illər elm və təhsil haqqında danışanda keçmişi nastolji hisslərlə yada salırıq. Ona görə yox ki, onda elm və təhsil yüksək səviyyədə idi. Yox. O dövrün də öz problemləri var idi. Amma indi bu sahələr daha pis duruma düşüb. Düzü mən 33 il əvvəl təsəvvür etməzdim ki, bizim elm və təhsilimiz, texnoloji inkişafımız 33 ildən sonra belə böhranlı hala gələcək.
Elm və təhsil hər bir suveren dövlətin milli təhlükəsizlik amilidir. Buna görə də cəmiyyət və dövlət elmin bugünkü böhranlı durumuna biganə qalmamalıdır. Əgər biz qeyri neft sektorunun inkişafına ümid ediriksə, güclü və müasir orduya sahib olmaq istəyiriksə, regionun lider dövləti olmaq iddiasındayıqsa, onda elmin sürətli inkişafını və keyfiyyətli insan kapitalının formalaşmasını təmin etməliyik. İnnovativ inkişaf üzrə qlobal reytinqlərdəki durumumuz elm və təhsilimizin real vəziyyətini əyani göstərir.
Təhsildə olduğu kimi, elmdə də əsas problem təlabatdan xeyli az, səmərəsiz maliyyələşmə, yanlış kadr siyasətidir. Elmin maliyyələşməsinin təlabatdan xeyli az olması barədə AMEA-nın sabiq prezidenti, rəhmətlik akad. Mahmud Kərimov bir neçə dəfə səsləndirmişdi.
Elmin digər problemi gənclərin bu sahəyə gəlməməsidir.
Əsas səbəb alimlərin sosial durumunun ağır olmasıdır. Gınclərə yüksək rifah halında yaşayan alimlərin həyat tərzini göstərmək lazımdır (əgər ölkədə belə bir alim tapılarsa). Alimin dolanacağı şou-biznes nümayəndələri səviyyəsində olmasa da, heç olmasa ona orta həyat şəraiti yaratmaq lazımdır. ETN deyir ki, gənc alimə ev vermək yox, yüksək maaş vermək lazımdır ki, özünə ev alsın. Bu real söhbət deyil. Maaş yaşa görə yox, elmə verdiyi tövhəyə görə olmalıdır. 30-40 ilin aliminə nə maaş verirlər ki, 3-4 ilin aliminə nə maaş versinlər? Doktorant öz elmi rəhbərindən 3 dəfə artıq maaş alacaq?
Elmə gedən yolların dalana dirənməsi bu səbəblərlə əlaqəlidir. Yeri gəlmişkən, bu yaxınlarda RF-da valideynlər arasında keçirilən sorğular göstərib ki, valideynlərin 70 % övladlarının elmə yönlənməsini istəyirlər. Görünür, valideynlər istəyir ki, övladları Rusiyada alim olub, sonra köçüb ABŞ-da ya Avropada normal elmi fəaliyyətlə məşgul olub, həyatlarını təmin etsinlər. Çünki, rus aliminin maddi durumu da elə bizim alimlərin durumu kimidir. Ən pisi isə odur ki, onlarda elmə aidiyyatı olmayan menecer- məmurlar alimlərənrəhbərlik edir və alimin karyerası belə elmsiz menecerlərdən asılıdır.
Avlimlərin sosial vəziyyətinin ağır olması səbəbi ilə gənclər bu sahəyə az gəlməsi bir neçə ildən sonra elmə öz mənfi təsirini hökmən göstərəkdir. Elmə gələnlərin arasında qadınların əksəriyyət təşkil etməsi də bir problemdir. Qadınların ailə-məişət məsələləri ilə əlaqədar öz üzərində davamlı işləmək, inkişaf etmək, elmi ezamiyyələrə və ekspedisiyalara getməkdə problemləri olacaqdır. Ümumiyyətlə, gender məsələsi elmdə aktual olmamalıdır. Kimin həvəsi və elmi potensialı var o da elmə gəlməlidir. Elmə gələnlərə də normal maaş verilməlidir ki, yalnız tədqiqatla məşğul olsun, əlavə pul qazanmaq yolları barədə düşünməsin.
Bu yazımı Rəşid Bəy Əfəndiyevin elm haqqında maraqlı fikirləri ilə tamamlamaq istəyirəm: "Elm tükənməz xəzinədir. Bu, elə bir xəzinədir ki, onu sandıqda saxlamağa və qorumağa ehtiyac yoxdur. Elm bir dövlətdir ki, onu nə itirmək, nə də oğurlatmaq mümkündür. Bu səbəbdən onun qədir və qiyməti hər bir şeydən alidir. Çünki elm bu halda puldan və paradan zəngin, topdan və tüfəngdən ötkün, xəncərdən və qılıncdan kəskindir. Nəcabət və hörmət bu halda o kəsdədir ki, onun mükəmməl surətdə elmi və məlumatı vardır. Hər şey sərf və xərc olunduqca tükənir və əskilir, amma elm sərf olunduqca həddən ziyadə artır. Bir nəfər alim şəxs elmini sərf etsə, özündən başqa neçə yüz alim meydana gətirər, həm də öz elm və məlumatını ziyadələndirər. Hər alim bir şama bənzər ki, ondan neçə-neçə şamlar yandırmaq mümkündür. Bir şamın nuru başqa şamları alovlandırmaqla özü kimi çox-çox çıraqlar və məşəllər törədər. Elmin böyük bir fəziləti də budur ki, kiçiyə, böyüyə, ədnaya, əlaya heç təfavüt qoymaz. Bu kəslərdən hansında elm olsa, onu hörmətə layiq edəcəkdir. Elm yaşca kiçik adamda da olsa, onu ehtirama layiq edər, onu əla dərəcəsinə yetirər."
Bu fikirlərə əlavə olaraq keçən il bu mövzuda yazdığım bu məqələnin- " Elm və təhsildə varislik mühümdür" linkini də əlavə edirəm:
https://paralel.az/az/article/471503
Paralel.az