"Efirlərdə müğənnilərə baxanda adam iyrənir, nə savadları, nə səviyyələri var" - Şeyx Əbdül Mahmudbəyov

 

“Bu gün toylar acınacaqlı vəziyyətdədir. Bu cür toylar ləğv edilməlidir. 50-60 nəfərin yığılıb xoş günü qeyd etməsi daha məntiqlidir. İnsanlar toy eləmək üçün borca pul götürür, sonra da ilboyu o borcu qaytarmaq üçün çalışırlar. Nə var, nə var, filan küçədə qalmış “manıs”ı, xanəndəni məclisinə dəvət edəcək. Onları gətirtmək üçün 5-10 min manat pul xərcləyib sonra həmin borcu qaytarmalı olurlar...”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Mənasız toy adətlərinin əleyhinə olan kinorejissor sadələşməyin vacibliyindən danışıb:

“Bu qədər mənasız yerə pul xərcləməkdənsə, həmin pulu ailə quran gənclərə vermək lazımdır. Araq içib məclisdə tullanıb-düşmək, kirayə gəlinliyə minlərlə manat pul saymaq lazım deyil.

Əgər məclislər bu cür sadə keçirilsə, bəzi musiqi savadı olmayan, qudurmuşlar da azalar. Siz 1 saat gəlib oxuması üçün onlara 5 min manat versəniz, əlbəttə ki, bu gün onlar meydanda at çapacaq...

Bu gün efirlərdə o müğənnilərə baxmaq da olmur, ağızlarını açanda adam onlardan iyrənir. Nə savadları, nə səviyyələri var, narkoman görkəmində gəlib otururlar. Adam baxdıqca dəhşətə gəlir ki, pərvərdigara, xalq bunlara niyə ətəklə pul verib məclisinə çağırır? Onlara bahalı “Range Rover”ləri bu xalq alıb, müğənnilərin nə fabriki, nə zavodu, nə də biznesi var. Onlar toylardan qazandıqları hesabına lüks yaşayırlar”.

Ə.Mahmudbəyov şou-biznes əhlini sərt şəkildə tənqid edib:

“Xalq borca düşüb şou-biznes nümayəndələrini toyuna çağırır, “manıs”lar da həmin pulları verirlər həkimlərə, kosmetoloqlara, burunlarını kəsdirib, dodaqlarını şişirdirlər.

Ya mən qocalmışam, heç nə başa düşmürəm, ya da bu xalq. Danışanda da hamı mənimlə düşmənə çevrilir.

Bu yaxınlarda bir toy məclisində idim, oturmuşdum, birdən içəriyə sözügedən müğənnilərdən ikisi daxil oldu. Həmin an ayağa qalxıb toy yiyəsini tapdım, dedim ki, Allah övladını xoşbəxt etsin, amma mən bu insanlarla bir məclisdə otura bilmərəm və gedirəm.

Artıq televiziya verilişlərinin çoxundan imtina edirəm, çünki o insanlarla bir efirə çıxa bilmirəm. Onlara qarşı bizim özümüzdə inqilab formalaşmalıdır. Xalqın əxlaqlı, mənəviyyatlı zümrəsi belə səviyyəsizlərə qarşı inqilaba başlamalıdır. Yoxsa vəziyyət daha da biabırçı olacaq. Dünən kənddən gələni bu gün tanımaq olmur. Gələn kimi bir nəfər tapıb hərifləyirlər, birinci burunlarını, dodaqlarını düzəltdirirlər, sonra digər yerlərini... Bu nə xəstəlikdir axı? Başa düşdüm, onların yiyəsi yoxdur, bəs cəmiyyət, ictimaiyyət hara baxır?

Bu məsələdə əsas məsuliyyət xalqın üzərinə düşür. Ay millət, ağlınızı başınıza yığın! Görün hara gedirsiniz... Bu gün uşaqlarınız gecə saat 2-də, 3-də evə yığışır, baldırı, sinəsi açıq, damağında siqaret gəzir. Atalardan məsəl var, ölünü yiyəsiz qoysan, şıllaq atıb kəfəni yırtar”.

0.31099486351013