"Təhsil Naziri olaramsa..." - Şəhla Aslanla MÜSAHİBƏ
 

 


Təhsilin idarəedilməsi üzrə mütəxəssis, araşdırmacı-jurnalist Şəhla Aslan müsahibə verib.

Paralel.az həmin müsahibəni təqdim edir:

- Şəhla xanım, Sovet dövründəki elmi uğurlara nəzər salsaq, bugünkü Azərbaycan elminin uğurlarını ürəkaçan saymaq olmaz. Bunu əsas səbəb kimi təhsil sisteminin səmərəsizliyi ilə əlaqələndirənlər var. Siz necə düşünürsünüz, Azərbaycanda tətbiq edilən təhsil sistemi müasir standartlarla necə ayaqlaşır?

- Bilirsiniz, Sovet dövrünün təhsildən tələbləri, gözləntiləri başqa idi, bu günün tələbləri başqadır. O dövr üçün uğur sayılan hadisə bu gün adi bir şey ola bilər. Sovet dövründən sonra dünyada təhsil sahəsinə dair ciddi yeniliklər baş verib. Hazırda bu sahəyə yeni yanaşmalar var. Yeni fürsətlər, imkanlar var. Bu baxımdan, təhsil sistemlərini 21-ci əsrin tələbləri kontekstində dəyərləndirməliyik.

Texnoloji inkişafın yüksək həddə çatdığı dünyamızda təhsil sahəsində yeniləşmə, dəyişiklik qaçılmaz olub. Biz bu gün təhsili texnologiyadan ayrı düşünə bilmərik. Təhsilin inkişafı texnologiyadan, texnologiyanın inkişafı isə təhsildən asılıdır. Ona görə də, inkişaf edən texnologiya fonunda təhsil sahəsində köklü dəyişikliklərin edilməsi dövrün tələbatlarından birinə çevrilib.

Digər tərəfdən, Azərbaycan təhsil sistemində klassik təhsil yanaşmalarından imtina edilməməsi, texnoloji sahədəki çatışmazlıqlar, təhsildə imkan bərabərliyinin mövcudluğu - kənd və şəhər məktəbləri arasındakı fərq, təhsildə fiziki infrastrukturun və avadanlıqların kifayət qədər olmaması, təhsil sahəsində elmi-tədqiqat işlərinin qeyri-kafi olması, təlim proqramının intensivliyi və onun qeyri-adekvatlığı, təhsilin mərkəzləşdirilmiş strukturu, müəllim hazırlama proqramlarının qüsurlu olması (keyfiyyətlə kəmiyyət arasındakı ziddiyyət), müəllimlərin məvacibi məsələsi, peşə təhsili və s. kimi səbəblərə ayrı-ayrılıqda nəzər salsaq, görərik ki, sistem dünyada gedən sürətli dəyişikliklərlə ayaqlaşa bilmir.

- Şəhla xanım, bəs Sizcə, dərs yükünün artıq, kitabların çəkisinin çox olması təhsilin keyfiyyətinin yüksəlməsində nə dərəcədə rol oynaya bilər? Bəzən görürük ki, şagirdlərin çiyinlərindəki çantalar elə özləri boyda olur...

- Təhsilin ağır tədris proqramı ilə (kitablarla) məlumatların ötürülməsinə (əzbərlənməsinə) əsaslanması və ya insanların yalnız bilik və bacarıqlarla təchiz edilməsinə diqqət yetirilməsi kifayət deyil. Təhsilalanlar dərsdə əldə etdikləri bilikləri gələcəkdə özlərinin, cəmiyyətin və bəşəriyyətin xeyrinə istifadə edə biləcəklərmi? Baxın, təhsildə məqsəd bu olmalıdır.

Müasir təhsil müstəqil araşdırmaya, hadisələr arasında əlaqəni axtarmağa, öyrənməyə əsaslanır. Təhsil azad və tənqidi düşüncə əsasında həqiqət axtarışını prioritetləşdirir. Tədris proqramları bu tip məsələlər nəzərə alınaraq hazırlanarsa, keyfiyyət ön planda tutularsa, təhsildə hədəflənən nəticələrə nail olmaq olar.

Mövcud kurikulum sistemi... Bu sistemdə də təhsilalanlara çərçivələrdən kənara çıxmağa, özünü, keyfiyyətlərini göstərməyə yetərli səviyyədə imkan yaradılmır. Təhsilalanların seçimləri məhduddur. Şəxsi inkişafa imkan verməyən, bacarıqları nümayiş etdirməyə maneə törədən belə kontekstlərdə həddindən artıq asılı, itaətkar təfəkkürlü şəxsiyyətlər formalaşacaq. Müasir insan şəxsiyyətindən gözlənən keyfiyyətlər bunlardan çox fərqlidir axı!..

- Sizcə, Azərbaycanda Elmlər Akademiyası olmasa, nə itirərik, yaxud da Elmlər Akademiyasının varlığı müstəqillik dövründə Azərbaycan elminə nə qazandırıb?

- Bu sualınız mənə bir hekayəmi xatırlatdı. 12 il əvvəl yazmışdım.

İndi düşünürəm ki, hekayəmdə anlatdıqlarım bu gün üçün də aktualdır. Oradakı elmi fəaliyyət kifayət qədər ləngdir. Lakin konkret olaraq akademiya elmimizə nə qazandırıb sualınıza dəqiq cavab vermək üçün tədqiqat materiallarına dair statistikaya, onların faydalılığına baxmaq lazımdır. Haradan baxaq, bu statistik məlumatlara?!Varmı elə bir mənbə?! Məncə, olsa belə mənzərə ürəkaçan olmayacaq; elmə heç bir faydası olmayan qədim mövzular, plagiat “elmi işlər” və s. Buna görə də, elm sahəsində dünyadan çox geridəyik. Düzdür, çox ciddi uğurları olan alimlərimiz də var. Təəssüf ki, bunların sayı çox azdır. Və ya bugünkü akademiyaya aidiyyətləri yoxdur.

Gəlin, araşdıraq. Yaxın tarixdə iki mühüm hadisə oldu: Covid-19 pandemiyası, II Vətən müharibəsi. Bu hadisələrə dair neçə dissertasiya yazıldı? Hanı elm adamlarımızın dünyanın məşhur elmi jurnallarında məqalələri? Niyə yazılmır? Niyə araşdırılmır? Nə qədər olar “filankəs müəllimin yaradıcılığının poetik təhlili və s. tipli məqalələr?! Pandemiya dövrünün araşdırılmasına dair yüzlərlə mövzu işlənə bilər. Eləcə də, Vətən müharibəsinə dair və s.

Məlumdur ki, xalqların gələcəyini elm, tədqiqat və texnologiyaların inkişafları formalaşdırır. Elm və texnologiya həm də bəşər tarixinin zənginləşməsinin və inkişafının hərəkətverici qüvvəsi hesab olunur. Buna görə də, elm sahəsindən gözlənən uğurları əldə etmək üçün həm dövlətin, həm də elm adamlarının elmə münasibəti dəyişməli, bu sahəyə xüsusi diqqət yetirilməlidir.

- Ucqar dağ kəndində istilik sistemi, normal vəsaitləri olmayan məktəbdə təhsil alan şagirdlərlə şəhər və rayon mərkəzlərində hər cür şəraitə malik məktəblərdə təhsil alan şagirdlərin nəticədə eyni imtahana girməsi nə dərəcədə ədalətlidir? Bunu necə tənzimləmək olar?

- Burada təhsilin “bərabərlik” prinsipini xatırlatmalıyıq. Təhsil sahəsində istifadə edilən “bərabər imkan” anlayışı dinindən, dilindən, cinsindən və irqindən asılı olmayaraq hamıya bərabər hüquqların verilməsi deməkdir. Həyatımıza liberalizm anlayışı ilə birlikdə daxil olan bu konsepsiya həm də hər bir fərdə öz istedadını nümayiş etdirə bilməsi üçün ona müvafiq şansın tanınması anlamını ifadə edir. Hər bir vətəndaşa bərabər imkanlar təqdim edən ölkələr elm, təhsil, texnologiya, səhiyyə, idman kimi müxtəlif sahələrdə daha çox uğur qazanırlar.

“Təhsil Qanunu”nda “bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması”ndan bəhs edirik, lakin hər kəsin bu hüquqdan yararlana bilməsi üçün bərabər şəraiti yarada bilmirik.

Kənd yerlərində yaşayan uşaqların təhsil almaqda böyük çətinlikləri olduğunu söylədiniz, doğrudur. Sinif otaqlarının sıxlığı və ağır fiziki şərait, məktəblərdə texnoloji avadanlıqların olmaması və s. uşaqların keyfiyyətli təhsil almalarına mane olur. Vəziyyət belə ikən, nəticədə, bütün şagirdlərin eyni metodla - vahid imtahanla biliklərinin qiymətləndirilməsi əlbəttə, adil deyil.

İmkan bərabərliyi ədalətli təhsildə axtarılır. Ancaq Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə gələcəyi imtahanlardan asılı olan uşaqlar üçün ədalətli təhsil prosesindən danışmaq mümkün deyil.

İmtahanlar şagirdlərin müəyyən məlumatları necə əzbərlədiklərini yoxlamaq üçün deyil, şagirdlərin məlumatdan istifadə etmələrini, analiz edə bilmələrini, oxuduqlarını nə dərəcədə başa düşdüklərini test etmək üçün həyata keçirilməlidir. O zaman mövcud mənzərə daha aydın olacaq. İmtahan forması düzgün deyilsə, şagird imtahanda nə bildiyini, nə qədər bildiyini göstərə bilməz.

- Təhsil naziri Emin Əmrullayev vəzifəyə başladığı ilk günlərdən ölkədəki təhsil sistemindəki problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı islahatlar barədə bildirmişdi. Sizcə, yeni nazir öz fəaliyyətində nə dərəcədə uğurlu oldu, yaxud uğurludur.

- Emil bəy, bilirsiz, Azərbaycan təhsil sistemindəki mövcud problemlərin yaranma tarixi yeni deyil. Çox təəssüf ki, zaman-zaman bu problemlərin aradan qaldırılması üçün ciddi strategiyalar müəyyənləşdirilməyib. Ya da tətbiq mərhələsində qüsurlar olub. Nəticədə, vəziyyət çox da dəyişməyib.

Mən hər zaman deyirəm; o təhsil sistemində ki, kəmiyyətlə keyfiyyət arasında ziddiyyət var, orada ciddi inkişafdan bəhs edilə bilməz. Azərbaycan təhsil sistemi də kəmiyyət epidemiyasına tutulub. İllərdir, bu virusun qarşısını almaq üçün peyvəndlər aparılsa da, ciddi nəticə əldə olunduğunu söyləmək olmaz. Təhsil sistemində kəmiyyətlə keyfiyyət arasındakı məna fərqi aradan qaldırıldıqda təhsildə lazımi səviyyədə irəliləyiş əldə olunacaq.
Heç müsbət irəliləyiş yoxdur? Əlbəttə ki, var. Son illərdə bir sıra məsələlərdə kəmiyyət baxımından əhəmiyyətli irəliləyişlər görünür. Təəssüf ki, keyfiyyət üçün eyni şeyi söyləmək mümkün deyil.

Digər bir məsələ, təhsil sistemini bir şəxsin fəaliyyəti üzərində analiz etmək düzgün olmaz. Təhsil sisteminin inkişafı təkcə təhsil naziri vəzifəsini icra edən şəxsin fəaliyyət performansından asılı deyil. Bu prosesdə iştirak edən bütün elementlər əhəmiyyət kəsb edir.
Təhsil prosesinin nəticəsi qısa müddətdə hasil olmaz; Bu gün başladılan bir layihənin on il sonra uğurlu nəticəsini görə bilərik. Mühüm olan o layihəni mövcud səlahiyyət müddətində başlatmaqdır.

-Türkiyədə, digər xarici ölkələrdə təhsil standartları hansı yöndə qurulur? Məsələn, Almaniyadakı təhsillə Azərbaycandakı təhsilin məzmunu arasında hansı fərqlər var ki, ölkə elmi-texnoloji cəhətdən, istərsə də, ədəbi-mədəni yöndə dünyada mərkəz mövqe tutur. Həmin ölkələrdə tətbiq edilən yenilikləri bizim ölkə təhsilində tətbiq etmək nə dərəcədə mümkündür?

-Təhsil sistemləri üzərində işləməzdən əvvəl ölkənin ehtiyacları müəyyən edilməlidir. Sonra təhsildə buna uyğun öyrənmə modeli hazırlanmalıdır. Türkiyədə, Almanyada, ya da Finlandiyada tətbiq edilən öyrənmə modeli Azərbaycanda eyni nəticəni verməyə bilər. Bu, təbiidir. Ona görə, hər ölkənin təhsil sisteminin ölkənin ehtiyacına görə hazırlanması çox vacib məsələdir. Bundan əlavə, müxtəlif ölkələrin təhsil modelləri detallı araşdırılmalı, müqayisələr aparılmalıdır. Ölkənin təhsil siyasəti, coğrafi imkanları, nüfuzu, öyrənmə şəraiti, tədris materialları, strukturu, kadr hazırlama proqramları yenidən nəzərdən keçirilərək müsair, milli təhsil sistemi yaradıla bilər. Təhsil psixoloqları, sosioloqlar, filosoflar, bu sahənin elm adamları bu yol xəritəsi üzərində ciddi işləməlidirlər. Yalnız o zaman uğurlu bir iş ortaya çıxar.

- Bir müddət əvvəl siz təhsil naziri olmaq istədiyinizi bildirmişdiniz. Təhsil naziri olsaydınız, ölkədəki təhsil sistemində atacağınız ilk addım nə olardı?

- Son illərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr öz təhsil sistemlərini təkmilləşdirmək üçün bir çox yeniliklər edirlər. Bu yeniliklərə sistem səviyyəsində islahatlar, müasir müəssisələrin yaradılması səyləri, müasir tədris alətləri və avadanlıqları ilə təminat, müəllimlərin peşəkar bilik və bacarıq səviyyələrinin yüksəldilməsi, məktəb idarəçiliyində innovasiyalar vasitəsilə tədris-təlim prosesinin təkmilləşdirilməsinə yönəlmiş müxtəlif təcrübələr və s. daxildir.

Bu baxımdan Azərbaycanın da milli təhsil siyasətinə ciddi ehtiyacı olduğunu düşünürəm. Müasir təhsil modeli hazırlamalıyıq. Bu model özündə milli xarakter, innovativ meyillər, dövrün tələblərini əks etdirməlidir. Modelin hazırlanması məsələsinə isə yuxarıda söylədiyim kimi, məhz bu sahənin elm adamları, mütəxəssisləri cəlb edilməlidir.

Təhsil - onun idarə olunma mexanizmi, kadr siyasəti, təhsilin məzmunu, məqsəd və strategiyaları, təhsil qanunu tamamilə yenilənməlidir. Yeni təhsil meyarları inkişaf edən texnologiya ilə paralel olmalı, dərsliklər, dərs proqramları, fiziki şərait, pedaqoji fəaliyyət, insan resurslarından düzgün istifadə bu prosesdə inkişaf edən dünyanın tələblərinə uyğun hazırlanmalıdır.

Mən təhsilin idarəedilməsi üzrə mütəxəssis statusuna malikəm. Son beş ildir, Türkiyənin çox önəmli bir universitetində (Qazi Universiteti) bu sahənin elmi nəzəriyyəsini araşdırmaqla məşğulam. Doktorantam. Təhsilin idarəedilməsi sahəsində dünyada ilk olacaq bir mövzuda tədqiqat aparıram. Müdafiə mərhələsindəyəm. Ayrıca, beynəlxalq jurnalları izləyirəm, seminarlara qatılıram. Bu sahənin məşhur elm adamları ilə görüşürəm. Bu sahədə dünyada gedən prosesləri, örnək yanaşmaları müzakirə edirik və s. Təhsilə yeni münasibətin formalaşması üçün bunlar son dərəcə əhəmiyyətlidir.

Bildiyim qədər, Azərbaycanda təhsilin idarəedilməsi sahəsi üzrə elmi dərəcəsi olan təhsil naziri olmayıb. Əsas problemlərdən biri də elə budur. Məsələn, sən yaxşı fizik ola bilərsən, riyaziyyatçı, ya da hüquqşünas ola bilərsən, lakin təhsil idarəçiliyi sahəsində yetərli təhsilin, bacarığın yoxdursa, o vəzifəni məşğul etməməlisən.

Hesab edirəm ki, Azərbaycan təhsil sistemində dəyişikliklər etmə səlahiyyəti mənə verilərsə, yuxarıda bir qismini sadaladığım mövcud problemlərin aradan qaldırılması və vacib yeniliklərin tətbiq olunması istiqamətində birlikdə çalışacağım komanda ilə ciddi töhfələr verə bilərik.

Ümidliyik... (gülür).

Söhbətləşdi: Elmir Həsən,

Yeniavaz.com

 
 
 
 
 
 
 
 
 
Copyright 2015-2019

 

www.MANERA.az

 

 
 
0.059398889541626