Təhsildə ictimai nəzarət niyə səmərəsizdir? - dos. İlham Əhmədov 

Təhsildə ictimai nəzarət niyə səmərəsizdir? - dos. İlham Əhmədov 
 

Ölkə rəhbərliyi daim ictimai nəzarətin vacibliyini vurğulayır, mütəxəssisləri bu məsələdə daha fəal olmağa çağırır.
İctimai Nəzarətlə əlaqəli cənab Prezident 2008-ci ildə belə bir fikir bildirmişdi. Sonralar da dəfələrlə bu məsələnin aktuallığını qeyd etmişdi: “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.” (Prezident İlham Əliyev).
İctimai Şuralar da ölkəmizdə məhz bu səbəbdən yarandı.
Təbii ki, iş olan yerdə nöqsanlar ola bilər. Bu eyib deyil. Amma bu nöqsanlar vaxtında aşkar edilmirsə, korreksiya edilmirsə, bu eyibdir.
"Köhnə üsullarla yeni problemləri həll edə bilməzsiniz, çünki keçmiş təkrar etmək üçün deyil, öyrənmək üçündür. (Henri Ford).
Nöqsanlara məhəl verilməməsi nəticəsində səhvlər və problemlər üst-üstə illərlə yığılır, qoyulan məqsədlərə çatmaq mümkün olmur. Belə səhvlər resursların itkisinə (əsasən də vaxt və maliyyə itkisinə) səbəb olur. İndi, dünyanın sürətli inkişafı şəraitində vaxt itirmək (bəzən 10 illərlə), ölkənin inkişafı üçün investisiyası axtarıldığı şəraitdə maliyyə itirmək (bəzən miyardlarla) dövlətə ciddi ziyan edir.
Bəli, biliyə əsaslanan iqtisadiyyat və İnnovativ inkişaf dönəmində ictimai nəzarətə çox ehtiyac vardır. Bu yeni cığırla yeni səviyyəli inkişafa doğru aparan yeni bir yoldur, burda əvvəlki təcrübələrin də bəzən faydası olmur, daha çox innovativ qərarlar və texnologiyalara ehtiyac yaranır. Belə dönəmdə təhsil islahatlarını reallaşdırmaq da asan deyil. Bu islahatçı məmurlardan ciddi elmi potensial və sahə üzrə zəngin iş təcrübə tələb edir. Əgər islahat komandası konkret sahə üzrə təcrübəsi olmayan menecerlərdən ibarətdirsə, durum daha da çətinləşir. Çünki, islahat gedişində yeni ideyalar verə bilən, prosesləri təhlil edə bilən, monitorinqlər aparan, beynəlxalq təcrübəyə bələd olan kadrlara daha çox ehtiyac var. Bu məsələləri 5-10 ilə öyrənmək mümkün deyil (əgər öyrənmək istəyən olarsa). Bu prosesdə səhvlərin edilməsi mümkündür, bu səbəbdən diqqətli olmaq, xüsusən də səhvlərə, nöqsanlara qarşı barışmaz olmaq lazımdır, əks halda belə islahatdansa, hər şeyi elə olduğu kimi saxlamaq daha yaxşı olardı. Məktəb təhsilinin durumuna, kurikulum islahatının nəticəsinə baxmaq kifayətdir.
Başqa bir problem təhsildə bu qədər problemlərin olmasına baxmayaraq, hələ də onlar sistemləşdirilməyib, deməli təhlil edilməyib və həll yolları da mövcud deyil Bəs bunları kim etməlidir? Nə vaxt bu işlər ediləcək və neçə ildən sonra işlək təhsil sistemi formalaşacaq?
İctimai nəzarət bütün bu problemləri ortalığa qoymalıdır, məmurlar da bu suallara cavab verməlidir. hesab edin ki, indi biz bu sualları qoyduq məmurların qarşısında. Zəhmət çəkib cavab versinlər. Nəzərə alsaq ki, dövlət qurumlarının nəznində yaradılan "İctimai şuralar" bəzi hallarda "xüsusi prosedurlarla" formalaşdığı üçün, onların nəzarət funksiyasını çox zəif olur, cəmiyyət bu nəzarəti hiss etmir. Bəzən bir ekspert bir ayda daha çox nöqsanlar aşkarlayır, nəinki İŞ 2 illik fəaliyyəti dövründə. Bu ictimai nəzarətin mövcud modelinin səmərəsizliyini göstərir. Dövlət qurumları isə müstəqil ekspertlərlə heç bir əməkdaşlıq etmək istəmirsə, bu onların problemləri həll etməkdə maraqlı olmamasını göstərir.
Müstəqil ekspertlərin proseslərə kənar baxışla yanaşması, fərqli üslubda vəziyyətin təhlili, proseslərə yeni nəfəs verə bilər. Əgər bu sahədə proseslər illərlə tənəzzülə doğru gedirsə (bunu təhsilə dair qlobal reytinqlər ilbəil göstərir), fərqli, daha peşəkar baxışa ehtiyac var.
Mütəxəssislərin menecerlərə problemlərin həlli ilə əlaqəli əməli tövsiyyələr verməsi, indiki durumda məmurlar üçün mövcud problemlərin həlli baxımından onların xilas qapısıdır.
Məmur zümrəsinin müstəqil ekspertlərlə əməkdaşlığının qurulması bu qurumlar üçün zəruridir, (əgər onları iş və real inkişaf maraqlandırırsa). Amma bizim reallıqda nəinki ekspertlərin, bəzən İŞ üzvünün də tənqidi fikir deməsinə qarşı aqressiv münasibət sərgilənir. Belə bir vəziyyətdə məmur səhlənkarlığı və qeyri peşəkarlığı faktiki olaraq ictimai nəzarətin səmərəsini heçə endirir.
Belə bir deyim var: "Cəmiyyət tənqidə açıq olmayan tərəfdən kiflənir". Təhsil sistemi tənqidə açıq deyil. Ona görə də bu sahədə problemlər daha çoxdur, nəinki digər sferalarda. Bu sahənin strateji əhəmiyyətini, milli təhlükəsizlik üçün vacib amil olmasını, ölkənin gələcəyinə təsir imkanlarını nəzərə alsaq, bu sahədəki nöqsanları tez bir zamanda aradan qaldırmaq lazımdır.
Təəssüf ki, elə nöqsanlar var ki, 20 ildir mövcuddur, ekspertlər bu barədə 20 ildir yazırlar, danışırlar, amma məmurlara bu təsir etmir. Məsələn, ölkədə distant təhsilin yaradılması zərurəti haqqında çox deyilib, təəssüf ki, 20 il ərzində bu sahədə heç nə edilmədi.
Bu təhsil texnologiyasına qadağaların olması təhsil məmurlarının müasir təhsil haqqında bilgilərinin azlığı ilə əlaqələndir.
Distant təhsil bu günün və gələcəyin təhsilidir. Qloballaşma və Rəqəmsallaşma dövründə hansısa ölkənin distant təhsili qəbul etməməsi, bu ölkə təhsilinin dalana getməsinə, perspektivlərin itirilməsinə, onun beynəlxalq təhsil məkanına inteqrasiya edilməsinə, onun beynəlmiləlləşməsinə ciddi problemlər yaranması deməkdir.
Distant təhsil sadəcə bir nümunədir. Təhsil sahəsində dünyada gedən bir çox innovativ proseslərə də belə biganə, qeyri peşəkar münasibət olmuşdur. 19 il ərzində heç bir universitetimiz Boloniya prosesinin tələbləri səviyyəsinə qalxa bilməməsi, ali təhsil üzrə diplomlarımızın bir çox ölkələrdə tanınmaması da bunun nəticəsidir.

Paralel.az 

0.018831014633179