Azərbaycana gələn ərəblərin sayı 2 dəfəyə yaxın artıb
2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7% artaraq 341 min nəfər olub. Bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8%-i Rusiya, 19,9%-i Türkiyə, 9,8%-i İranın payına düşüb. Ümumi turistlərin 6,9%-i Hindistan, 4,8%-i Gürcüstan, 3,4%-i Səudiyyə Ərəbistanı vətəndaşları olublar.
Artımlara gəldikdə isə 2023-cü ildə olduğu kimi yenə də Çindən gələnlər öndədir. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə artıb.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb:
"Bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1,7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi 31,4%".
"Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır. Bütövlükdə, turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də, ekonom reyslərin çoxalması da təsir göstərib. Eyni zamanda, mövsümi olaraq Azərbaycanın turizm imkanlarına marağın artması müşahidə olunmaqdadır", - deyə millət vəkili əlavə edib.