Tanrı qapısı açılan gün - NOVRUZ

Tanrı qapısı açılan gün - NOVRUZ
 

Mənim Novruz inancımın qaynağı anamdan eşitdiklərimdir. Niyyət tutub qulaq falına çıxmasından, çərşənbə axşamları yuxuda gördüklərini səhər obaşdan axar suya pıçıldamasından elə məhrəmanə söhbətlər edərdi, deyərdin bəs, hansısa müqəddəs kitabda oxuduqlarını danışır. Danışdıqlarının onun üçün nə qədər ülvi olduğunu indi anlayıram. O, Novruza inanırdı. Sıradan bir inanmaq deyildi bu, məncə, həm də tapınmaq, sığınmaq idi. Onun bir söhbətini danışım, görün düzmü deyirəm.

Mən hələ bətnindəykən anam ər evini tərk edib, ata yurduna dönməyə məcbur qalıbmış. Novruzda niyyət axşamı qulaq falına çıxıbmış. Özünün, doğulacaq balasının gələcəyindən əndişələnirmiş. İlk eşitdiyi qonşu Rafizə xalanın tonqal başında oynaşan uşaqlarına dediyi bu söz olub: “Ocağı dağıtmazlar, komalayarlar bir yerə”.

Elə həmin Novruzun səhəri – martın 22-si anam məni dünyaya gətirir. Deyirdi ki, səninlə birlikdə elə bildim özüm də təzədən doğuldum. Elə həmin ildə də atamla yenidən birləşdilər, birlikdə uzun xoşbəxt ömür sürdülər, qəbir evinəcən.

Anam bu cür söhbətlərlə Novruz inanclarını mənim də ruhuma hopdurdu.

Öz sınamalarımdan da deyim, bəlkə inancımı daha aydın izah edə bildim.

Ömrün Ağdam çağının axır Novruz çərşənbəsi həmin il instituta girməyi niyyət tutub ilk dəfə “tale ovuna” – qulaq falına çıxmışdım. Darvazanı açıb elə yola ayaq qoymuşdum ki, yan tərəfə, qaraltıya çevrildim, hasar qonşumuz Elza müəllimə idi. Axşamın qara tülü onun çöhrəsindəki bakirə qız sayağı təbəssümünü örtə bilməmişdi: “Salam”. Allahın adından uğurlu sözmü eşidəcəkdim – ikiillik iş stajı tələb olunan jurnalistika fakültəsinə elə birinci il daxil oldum. Ömrün yeni çağı beləcə başladı.

Bu hadisədən sonra Novruz – Yeni Gün mənim də inanc yerim oldu.

Bir də düz 10 il sonra Tanrı qapısını döydüm. Hər istəyəndə alınmır bu. Ömrün ən ağır günlərindən birində ehtiyac duydum.

1995-ci ilin axır çərşənbəsiydi. İşdən gəlirdim. 52 nömrəli avtobus “Azərbaycan xörəkləri” adlı restoranın qabağında saxladı. Düşüb evə gedirdim.

Bu, həyatın ağırlığını çiyinlərimdə hiss etdiyim vaxtlar idi. Artıq 2 il idi atam, anam, bir də bacım Ağdamdan qaçqın düşmüşdülər. Əmim oğluna aldığı mənzili atamgilə vermişdi. Mən də kirayə qaldığım evdən çıxıb onların yanına gəlmişdim. İşğalın ilk günündən Bakıda yaşayan qohumlarım – əmilərim, dayım, bibim atamgilə qaçqınlığın acı üzünü görməyi rəva bilmədilər, imkan vermədilər. Ömür boyu unutmaram!

Amma artıq evin “yükçəkəni” mən idim. Ailəmi öz komama yığmağın vaxtı idi. Bakıda ev almaq imkanım isə üfiqdə belə görünmürdü.

Binaların arasıyla gedirdim. Qulaq falına çıxım dedim. “Ev alıb, ailəmi öz evimə yığa biləcəmmi?” niyyəti ilə bir mətbəxin açıq pəncərəsindən gələn səsə qulaq tutuldum. İlk eşitdiyim bu oldu:”Onun dərmanı zoğaldı”. İki qadın xörək bişirə-bişirə söhbət edirdi.

Ümid dolu enerjiylə evə gəldim. Anama danışdım. “Darıxma, dərdin dərmanı deyilib”, – dedi.

Anamın cücərtdiyi səmənini əlimə aldım, ilahi əfsun kimi üzümə-gözümə sürtdüm.

Növbəti Novruzda artıq öz evimiz vardı. Bu, mənim Novruz inancıma müqəddəslik çaları qatdı.

Əsl mömin tək dini ayinlərə əməl edən yox, dua anında Tanrısı ilə səmimi olmağı bacarandır. Tanrı yalnız sən onunla ünsüyyətə hazır olanda qapısını açır. Novruz – Yeni Gün Tanrı qapısı açıq olan gündür! Novruz inanclı kəs niyyətlərini odda arındırıb, suda duruldub onun rituallarına əməl edəndir. Novruzun ən ülvi şərti fəlsəfəsindən gələn barışıqdır, küsüb incidiyin kəsə əl uzadıb barışmaqdır. Tək evinin, üst-başının kirini-pasını təmizləmək deyil, düşüncələrini də saflaşdırmaqdır, dünyaya, insanlara sevgi, mərhəmət bəxş etməyə can atmaqdır. Olubmu hamını, bütün dünyanı belə bağrına basmaq istədiyin an?! Bax, o anında adam özünü Tanrı dərgahına hazır bilir, dualar da o anda qəbul olunur. Özünü hazır biləndə Novruz günü döy qapısını Tanrının, eşidiləcəksən! Novruz inanclı biri kimi deyirəm bunu, hələ bir Novruz duası yerdə qalmayan biri kimi deyirəm!

Novruz insanların özünə, bir-birinə, bir də sabaha inam bayramıdır!

Uzun, çox uzun illər idi ki, qulaq falına çıxmırdım. Həmişə elə bilmişəm ki, bunun üçün Tanrı dərgahındaymışsan kimi saf olduğuna özündə daxili güc duymalısan. Görünür hazır deyildim deyə alınmırdı məndə.

25 ildən sonra, 2020-ci ilin Novruzunda bir də qapısını döydüm. Həyatın ən böyük arzusunu niyyət tutub küçəyə düşdüm. Bir-biriylə söhbət edən iki isveçlidən eşitdiyim ilk söz bu oldu: “Man måste skydda sig själv” – “Adam gərək özünü özü qoruya”. Koronavirusdan danışırdılar. Tutduğum niyyət isə bu idi: ”Bir də Qarabağa qayıdacağammı?” İşarət aydın idi – Qarabağa qayıtmağın yolu onu almaqdır. Evə qayıdıb Feysbuk səhifəmdə tutduğum bu niyyəti yazdım.

Elə həmin ilin payızında ordumuz Qarabağı azad elədi.

Tanrı o il qapısını bir də açmışdı mənə!

Vahid Qazi

22 mart 2024

Helsinqborq, İsveç

Paralel.az 

0.20883297920227