Təhsilin xoşbəxtliyə təsiri - dos. İlham Əhmədov
Təhsil millətin gələcəyidir (H. Əliyev).
Bu ərəfədə “Dünyanın ən xoşbəxt ölkələri 2024" (World Happiness Report 2024) hesabatı dərc edildi. “Dünya Xoşbəxtlik Hesabatı” 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Reytinq 143 ölkə arasında aparılmışdır.
Ölkələrin xoşbəxtlik indeksində Finlyandiya ənənəvi olaraq birinci, Əfqanıstan isə sonuncu yerdədir. Buna bir çox amillər təsir edir. Fikrimizcə, ən təsirli amillərdən biri də ölkədəki təhsilin durumudur.
Təhsil göstəricilərində Finlandiya ön yerlərdə, Əfqanıstan son yerlərdədir. Ümumən belə bir korrelyasiya mövcuddur: ölkələrin qlobal təhsil reytinqlərindəki mövqeləri ilə xoşbəxtlik reytinqlərindəki mövqeləri arasında asılılıq var.
Qiymətlərin tüğyan etdiyi şəraitdə ailələr öz büdcəsinin yarısını repetitorlara sərf edirsə, övladına min əziyyətlə ali təhsil verir, sonda bu təhsilin keyfiyyətsizliyi səbəbi ilə gənclər əmək bazarında rəqabətqabiliyyətli olmadıqları üçün iş tapa bilmirsə, bu ailələr özlərini necə xoşbəxt hesab edə bilərlər? Bu ailələr övladlarının gələcəyindən, onların iqtisadi müstəqilliyindən ciddi narahatdırlar.
Ailələrin övladlarına sərf etdiyi investisiya, itirilən illər niyə belə bəhrəsiz olub? Kimdir günahkar? Belə nigaran ailələrdə olan insanların sayı bir neçə milyondur.
Məşğulluq baxımından əhalinin böyük bir qismi elm və təhsil sektorunda çalışır. Ailə üzvləri ilə birgə bu zümrə bir milyon nəfərdən çoxdur. Bu sahəyə dövlətin kifayət qədər maliyyə ayırmasına baxmayaraq, büdcə planlanmasının rasional olmaması, xərclərin qeyri şəffaflığı v.s. səbəblərlə bağlı bu sektorda maaşlar hələ də bazar tələblərinə cavab vermir. Bu seqmentin də xoşbəxtlik haqda düşüncələri təbii ki, pozitiv deyil. Müəllimi, alimi, şagirdi, tələbəsi, onların valideynləri özünü xoşbəxt hiss etmirsə, cəmiyyətin özünü xoşbəxt hiss etməsi mümkünmü?
Deməli cəmiyyətin xoşbəxtlik səviyyəsi onun savadlılıq səviyyəsindən, ölkədəki təhsil sisteminin durumundan, onun keyfiyyətindən çox asılıdır. Xalqımız övladının təhsilinə daim həssaslıqla yanaşmışdır. Son manatını belə tərəddüd etmədən uşağın təhsilinə verməyə hazırdır, amma real təhsilə, təhsil imitasiyasına yox.
Təhsildə ciddi dönüş yaranarsa, gələcəkdə cəmiyyətin xoşbəxtlik indeksi kəskin yüksələ bilər. Çünki, təhsildəki uğursuzluqlar, digər sahələrdəki uğurlarla heç cür kompensasiya edilə bilməz. Hətta 32 illik işğaldan sonra ərazi bütünlüyünün təmin edilməsi belə cəmiyyətin məmnunluğunu tam təmin edə bilmədi.
Məğlub ölkə Qalib ölkədən daha məmnun görünür. Niyə?
Təhsildə uzun illər ərzində qalaqlanmış problemlər həll edilmirsə, əksinə ilbəil bu problemlər artırsa (təhsilə dair beynəlxalq qiymətləndirmələr və reytinqlər bunu sübut edir), dövlətin strateji hədəfi olan keyfiyyətli insan kapitalının yetişdirilməsi 20 ildir ki, mümkün olmursa, onda digər sahələrdə də ciddi dönüş olmayacaq.
Yeni Eranın yaradılmasına ilk növbədə Yeni Təhsil Siyasətinin, mükəmməl təhsil sisteminin formalaşmasından, onun rəqabətədavamlı olmasından başlamaq lazımdır. Çünki, təhsil hər şeydir, xüsusən bu gün, biliyə əsaslanan iqtisadiyyat dövründə bu həlledici amildir.
İstedadlı gənclərimiz, savadlı müəllimlərimiz, qabiliyyətli alimlərimiz az deyil. Sadəcə bu potensialdan düzgün istifadə etmək lazımdır. Bu sahədə daha peşəkar fəaliyyətə, elmi əsaslarla işi qurmağa ehtiyac var. Bu problemlər kompleks həll edilərsə, yaxın gələcəkdə xalq özünü daha məmnun hiss edər.
Paralel.az