DİQQƏT: Marketlərdə zərərli meyvələr satılır – “AQTA-nın xəbəri yoxdur”
Bu günlərdə həmkarlarımızdan birinin paytaxtdakı mağazadan aldığı portağalın rəngləndiyi məlum olub.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov rənglənən portağalların insan orqanizmi üçün ziyanlı olduğunu bildirib.
Onun sözlərinə görə, istənilən rəngin tərkibində ağır metallar olur:
“İnsan əli ağır metallarla təmasda olduqda həmin metal onun orqanizminə keçir. Bu da çox zərərlidir, hətta ciddi xəstəliklər əmələ gətirir. Təəssüf ki, kapitalist cəmiyyətdə belə hallar var”.
E.Hüseynov başqa ölkədə üzləşdiyi məsələ ilə bağlı danışıb:
“20 gün öncə Filippində böyük satış şəbəkəsindən yumurta aldım, həmin yumurta tünd qırmızı rəngdə idi. Təəccübləndim, satıcılar həmin rəngdə yumurtlayan xüsusi toyuğun olduğunu dedilər və s. Şübhələndiyim üçün həmin yumurtaları gətirib evdə yudum, rəngi getdi, yenə oldu ağ rəngdə. Sındırdıqda isə onun daha öncədən bişirilmiş olduğu üzə çıxdı. Sanki həmin yumurtanı Novruz bayramı üçün hazırlayıblar (gülür). Filippində olan həmkarlarımızla kiçik tədqiqat apardıqda məlum oldu ki, yumurta bişirildikdən sonra xarab olmasın deyə rənglənib. Məsamələrdən ona hava keçməsin. Belə anormal hallar dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur”.
Ekspert AQTA-nın keyfiyyətə nəzarət etmədiyini bildirib:
“Əlbəttə, istehlakçılar təbii qida qəbul etmək istəyirlər. Görünür, həmin portağallar da rənglənib ki, xarab olmasın. Amma bunun səbəbini nə ilə izah etsələr də, bütün hallarda rəng insan üçün təhlükəlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yalnız məhsulun təhlükəsizliyini təmin edir, keyfiyyətə isə ölkədə heç kim baxmır. Bu halda da istehsalçılar öz məhsullarını uzun müddət saxlamaq, ölkədən-ölkəyə daşımaq üçün min cür vasitələrdən istifadə edirlər. Bəlkə də, bu faktdan heç AQTA-nın xəbəri yoxdur”.
AQTA-nın fikrini dərc etməyə hazırıq.
Zaira Akifqızı