Maaş və pensiyalar bu qədər artıb
2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib, artım 12,7% olub.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, 2023-cü ildə minimum əmək haqları 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb:
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əmək haqqı orta hesabla 15% artırılıb. Həmçinin, minimum pensiya məbləği 16,7%, orta pensiya məbləği 17,3%, yaşa görə pensiya məbləği isə 16,5% artıb. 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və müvafiq olaraq 2022-ci illə müqayisədə 17% və 23% artırılaraq 246 manat müəyyən edilib. 2023-cü ildə təkcə əmək haqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 mln. manat vəsait ayrılıb və 1,9 milyon vətəndaşı əhatə edib”.