Azərbaycanda qiymətlər niyə enmir? - AÇIQLAMA
Dünya bazarında pandemiya dövründə artan ərzaq qiymətləri artıq aşağı düşməyə başlayıb.
BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi cari ilin yanvar ayı ilə müqayisədə fevralda 0,9 bənd (0,7%) aşağı düşərək 117,3 bənd təşkil edib. İndeks bir il öncəki göstəricidən 13,8 bənd (10,5%) aşağı düşüb, yəni ucuzlaşma qeydə alınıb.
Azərbaycanda isə fevral ayı üzrə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlərdə illik müqayisədə 0,3% azalma müşahidə olunsa da, aylıq müqayisədə 0,7% artım qeydə alınıb.
Qonşu Gürcüstanda isə ötən ay spirtsiz içkilər və ərzaq 3,5% ucuzlaşıb.
Maraqlıdır ki, dünya bazarında ərzaq qiymətləri sürətlə ucuzlaşarkən, Azərbaycan bazarında qiymətlər ya cüzi enir, ya da bahalaşma qeydə alınır.
İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirdi ki, buna səbəb olan bir neçə məqam var:
“Dünya bazarında eniş qiymətləri ən yüksək qiymətlərlə müqayisə olunur. Azərbaycanda isə bütün məhsullar həmin dövrdə maksimal qiymətə çıxmadı. Qlobal əmtəə birjasındakı rəqəmlər 2022-ci ilin martında pik səviyyələrə çıxmışdı. 2023-cü ilin fevral-mart aylarından sonra eniş olmağa başladı. Bir il ərzində dünya bazarında qiymətlər 10% aşağı endi. Qiymətlərin dəyişimi bazara 6-9 ay ərzində təsir göstərir”.
Ekspertin sözlərinə görə, qiymətlərin formalaşmasına təsir edən digər məqam Azərbaycanın yerləşmə yeri ilə əlaqədardır: “Azərbaycan qapalı ölkədir, ərzağı dünya bazarından alır. Orta dəhliz, Şimal-Cənub dəhlizi tam formalaşmadığından logistika müəyyən xərc tələb edir”.
Digər ölkələrin qiymət dəyişiklikləri ilə müqayisəsi zamanı X.Kərimli vurğulayıb ki, hər ölkənin valyutasının dinamikası fərqlidir: “Manat dollara indeksasiya edilsə də, Gürcüstanla qiymətləri müqayisə edərkən larinin məzənnəsinin necə dəyişməsinə də diqqət etməliyik.
Qiymətlərdəki dəyişiklik həm də iqtisadiyyatın strukturu ilə bağlı məqəsələdir. Monopoliyanın olması, mağazalara malların tədarükünü həyata keçirən şəxslərin məhdud olması da, qiymətlərə təsir göstərir. Monopoliyalar üzərində nəzarətin tam formalaşdırıla bilməməsi, müəyyən çətinliklər yarada bilir. Hökumətin borcu monopolistlərə qarşı mübarizə aparmaqdır. Lakin digər məsələlərdə subyekt monopolist deyilsə, hökümətin edə biləcəyi çox şey qalmır”.
Könül