"Makronun bəyanatı axmaqlıqdır" – “NATO Ukraynaya yalnız bu halda qoşun yeridə bilər”

 

 

Avropada NATO ölkələrinin Ukraynaya qoşun göndərməsinin mümkünlüyü məsələsi müzakirə edilir. Fransa bu ideyanın lokomotivi kimi çıxış edib. NATO hələlik Ukraynaya yeni formatda hərbi dəstək verməyə hazır deyil. 

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Oleq Jdanov Ukraynanın “Qlaverd.info” saytına müsahibəsində NATO qoşunlarının Ukraynada yerləşdirilməsi perspektivini dəyərləndirib. O, həmçinin Qərb hərbi qüvvələrinin hansı halda Ukraynaya yeridiliməsi ssenarisindən, müttəfiqlərlə bağlanmış müdafiə müqaviləsindən, Qərb silahlarından Rusiya ərazisinə atəş açılmasına nə zaman izin verilməsindən, Çinin müharibənin dondurulmasında maraqlı olmasından danışıb.

“Paralel.az” AzPolitika.info-ya  istinadən həmin müsahibəni təqdim edir: 

- ABŞ-nin NATO-dakı keçmiş səfiri İvo Doalder Amerikanın “Politico” nəşrindəki məqaləsində yazıb ki, Prezident Emmanuel Makronun açıq bəyanatından bir neçə həftə öncə, Fransanın Baş Qərargah rəisi Tyeri Burkxard alyans üzrə müttəfiqlərə məhdud tapşırıqların yerinə yetirilməsi üçün Ukraynaya qoşun göndərilməsini təklif edibmiş. Siz necə hesab edirsiniz, Fransa və ya digər ölkələrin hərbi dəstələrinin Ukraynaya gəlməsi mümkündürmü?

- NATO qoşunlarının Ukraynaya gəlməsi mümkün deyil. Makronun bəyanatı axmaqlıdır, həm də aydın deyil ki, o, özünün bu cür ritorikasından hansı siyasi çıxarlar əldə etmək istəyib. O, artıq öz sözündən dönüb və deyib ki, heç yana heç bir ordu göndərilməyəcək. Görünür ki, Fransa Baş Qərargahında ona hər şeyi izah ediblər. Bundan başqa, belə bir missiyanın mandatı suallar yaradır. Əgər söhbət sülhməramlı missiyadan gedirsə, bu, münaqişənin hər iki tərəfinin razılığı ilə baş tuta bilər. Təsəvvür edin, Putin onlara deyəcək ki, siz qaçın, mən hara istəyirəm, ora atəş açacam. Bundan sonra fransız əsgərləri Rusiya artilleriyasının, aviasiyasının və raketlərinin atəşinə məruz qalacaqlar. Onda nə olacaq? Fransa bunu həzm edəcəkmi? Biz başa düşürük ki, bu, Parisin aşağılanmasıdır. Əgər mülki adamın öldürülməsinə diplomatik kontekstdə baxılırsa, ancaq hərbçinin öldürülməsi ölkəyə hücumdur. Ona görə də düşünürəm ki, bu, tamamilə yersiz təşəbbüsdür.

- Beləliklə, Fransanın Ukraynaya xüsusi təyinatlılar yollamasının müzakirəsinin mümkünlüyü barədə “Le Monde” qəzetində gedən məlumatın praktik baxımdan heç bir mənası yoxdur?

- Əlbəttə, bu məqalə diqqətə layiq deyil. Çünki heç kim Ukraynada Fransa ordusuna təhlükəsizlik təminatı verməyəcək. Məhz hipotetik olaraq belə ehtimal edə bilərəm ki, yalnız bir ssenaridə xarici ordular Ukraynaya gələ bilər. Beynəlxalq münaqişələr praktikasında xarici qoşunların mülki əhalini xilas etmək praktikası var. Əgər fəlakət baş verərsə, cəbhə yıxılarsa, Rusiya ordusu bizim ərazinin daxilinə kimi girərsə və Buçada, Vorzeldə, İzyumda olduğu kimi insanları öldürməyə, zorlamağa və qarət etməyə başlayarsa, onda Qərb qoşun yeridə bilər. Vaxtilə yerli əhalinin genosidə məruz qalmaması üçün Yuqoslaviyaya xarici qoşunlar yeridilmişdi. Həm də Yuqoslaviyada Qərb gücləri münaqişənin ikinci tərəfinin hücumlarına da məruz qalmışdı. Ukraynada ağır texnika, aviasiya və raket qoşunlarının iştirakı ilə genişmiqyaslı müharibə gedir. Buraya gələcəkləri halda fransız legionerlərinin raketlərlə bombalanmayacağına heç kim təminat verə bilməz.

- NATO qoşunlarının Ukraynaya gəlişi hansısa fövqəladə hadisə və kəskin böhran zamanı mümkün ola bilərmi?

- Əgər kəskin böhran yaranarsa, regional müharibə olacaq. Yüz faiz əminliklə deyirəm ki, böhran vəziyyətində və xarici güclərin Ukraynaya gələcəyi təqdirdə Rusiya bu orduların bir-iki qarnizonunu məhv etməyə çalışacaq. O, bu vəziyyətdən danışıq mövqeyi qazanmaq və ticarət aparmaq üçün istifadə edəcək və deyəcək ki, mən sizə qalib gəldim, baxmayaraq ki, siz NATO-sunuz, amma zəifsiniz. Belə bir halda vəziyyət yalnız pisləşəcək, müharibənin miqyası böyüyəcək.

Bütün bunlar Putinin əlinə oynayacaq, çünki o, məhz bunu arzulayır. Axı, o, beynəlxalq arenada özünün saya salınması vəziyyətini necə geri qaytara bilər? Üçüncü ölkələri müharibəyə cəlb etməklə. Putin bu ölkələrə, məsələn, deyir ki, 5-ci bəndi işə salın, yoxsa mən sizin hamınızı qıracam. Bu artıq dünya müharibəsidir. Onda Putin Kiyevlə yox, NATO liderləri Bayden, Şolts və Makronla danışıqlar aparacaq. Masa arxasında əyləşəcək və öz tələblərini irəli sürəcək.

- Ukrayna Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Danimarka və Kanada ilə təhlükəsizlik müqaviləsi imzalayıb. Hərbi planda bu müqavilələr necə işləyəcək? Bunları Budapeşt memorandumunun aqibəti gözləmirmi?

- Əslində, bu razılaşmaların təhlükəsizliklə praktik heç bir əlaqəsi yoxdur. Sadəcə onu bizə bu cür təqdim edirlər. Burada söhbət müdafiə sferası üzrə uzunmüddətli müqavilədən gedir. Biz müttəfiq ölkələrlə səylərimizi silah istehsalında gücləndirəcəyik. Qaldı təhlükəsizlik məsələlərinə, hansı ki, bu heç də bütün sənədlərdə qeyd edilməyib, böhran təhlükəsi yarananda müqaviləni imzalayan ölkələr hərbi-texniki yardım təqdim edilməsi ilə bağlı bizimlə məsləhətləşmələr aparmağa başlayacaqlar. Böhran təhlükəsi dedikdə, bizim hamımız Rusiyanın hücumunu nəzərdə tuturuq. Hətta müqavilədə xarici orduların hücumu və ya hansısa aqressordan danışılmır. Ona görə də siyasətçilərin bizə təhlükəsizlik təminatı kimi təqdim etdiyi müqavilə təhüləkəsizlik sənədi deyil. Həm də sözügedən təhlükəsizlik təminatı yalnız müharibənin sona çatmasının hüquqi təsdiqindən sonra qüvvəyə minir.

- Onda belə çıxr ki, müharibə qurtarmayana kimi bu keçid dövrü hələ çox çəkəcək?...

- Tamamilə düzdür, bu dövr istənilən qədər uzana bilər. Başlıcası odur ki, müharibənin sona çatmasının hüquqi tərtibi heç zaman bitməz. Hətta əgər biz Rusiya ordusunu məhv edərək 1991-ci ilin sərhədlərinə çıxıb, öz ərazi bütövlüyümüzü bərpa etsək də, kimsə bundan sonra Putinin bizimlə sülh sazişi imzalamağa razı olacağı təminatını verə bilməz.

Digər tərəfdən, hadisələrin İsrail variantı da mümkündür, dövlət sərhədi boyunca bir-birlərinə aştəş açırlar. Biz bufer zonası yaradacağıq və mülkü insanları sərhəd rayonlarından kənara çəkəcəyik, artıq Xarkov və Sumı vilayətlərində bu baş verir. Onda ümumiyyətlə heç bir təhlükəsizlik təminatı işə düşməyəcək. Belə olan halda bizi NATO-ya da götürməyəcəklər, çünki müharibənin sona çatması sənədlərlə təsdiq olunmayana kimi Avroatlantik interqrasiya proseduruna başlanmayacaq.

- Bu yaxınlarda NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna “F-16” təyyarələrindən Rusiya ərazisində istifadə etmək hüququ alacaq. Həmçinin də Finlandiya öz silahlarından Ukrayna hüdudlarından kənarda istfadəyə icazə verib. Necə hesab edirsiniz, Qərb öz silahlarından Rusiya ərazisində istifadə olunması məsələsində prinsipial dəyişkilik edəcəkmi?

- Şimalı Atlantika Alyansı bizim münaqişədən mümkün qədər kənarda dayanmağa çalışır. NATO hərbi qarşıdurmaya çəkilməmək və baş verənlərin dünya müharibəsinə səbəb olmaması üçün aralıda dayanır. NATO-nun özü bizə bir güllə də verməyib, ona görə də Stoltenberq hər şey danışa bilər (Ukrayna silahı NATO-dan yox, razılaşma çərçivəsində alyansa daxil olan ölkələrdən alır).

Əgər Finlandiya barədə danışsaq, baxaq, görək, onlar bizə hansı silahları veriblər. Hələ ki, Helsinki bizə ağır silah verməyib. Hətta bizə Rusiyanı vura biləcək artilleriya da verməyiblər.

Ümumiyyətlə, Rusiyaya Qərb silahı ilə zərbə endirmək yaxşı ideyadır. Düşünürəm ki, biz buna gələcəyik. Ukrayna Silahlı Qüvvələrinə hədiyyə edilmiş və ya satılmış xarici silahlar zamanla bizim öz silahımız hesab olunacaq. Biz həmin silahları heç kimdən soruşmadan necə istəyiriksə, elə də istifadə edəcəyik. Bu belə də olmalıdır, əks halda müharibə heç vaxt qurtarmaz.

- Çinin Avrasiya üzrə xüsusi nümayəndəsi Li Huey Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin bitirilməsini müzakirə etmək üçün yenidən Avropa turuna çıxıb. Çinin marağı nədən ibarətdir? Pekin Moskvaya hərbi dəstəyi gücləndirə bilərmi?

- Çin həqiqətən də Rusiyaya hərbi dəstəyi gücləndirə bilər. Pekin bu müharibənin tez bitməsində maraqlıdır. Çində iqtisadiyyat çətin vəziyyətdədir, onlar üçün müharibənin necə qurtarmasının fərqi yoxdur. Çin hesab edir ki, müharibə nə qədər tez qurtararsa, ölkə iqtisadiyyatı bir o qədər tez canlanar. Həm də Çinə lazmdır ki, özünün əsas ticarət tərəfdaşı olan ABŞ ilə problemlərini həll etsin. Pekinlə ticarətdə əsas tərəfdaş amerikalılardır, Rusiya yalnız kiçik törəmədir. Pekin istəyir ki, müharibə sona çatsın və sanksiyalar götürülsün. Çinə ABŞ, Avropa və Rusiya bazarı lazımdır. Müharibənin necə sonlanacağı onun üçün əhəmiyyət daşımır.

Ona görə də Çin atəşkəs və danışıqlar tərəfdarıdır. Si Cinpin administrasiyasının rəhbəri və baş diplomat Van İ deyib ki, danışıqları başlatmaq lazımdır. Çini maraqlandıran həll variantı şərti “Minsk-3” və ya “İstanbul-2” dir. Pekin öz məqsədinə nail olmaq üçün təzyiq göstərəcək. Onlar atəşkəs, münaqişənin dondurulması, sanksiyaların qaldırılmasını və rahat ticarət aparmaq istəyirlər.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq deyib ki, Türkiyə Zelenskinin formulunun reallaşdırılması bazasında müharibəyə son qoyulmasını prinsipcə dəstəkləyir...

- Düzdür, arxasında Türkiyə formal olaraq Zelenskinin formulunu dəstəkləyəcək və hər dəfə İstanbulda Rusiyadan soruşacaqlar ki, siz qoşunlarınızı çıxaracaqsınızmı? Moskava nümayəndələri isə deyəcəklər ki, yox, biz buraları tutmuşuq və bu reallıq nəzərə alınmalıdır. Axı, həmişə Rusiyanın ritorikası məhz bu cür səslənir. Bu kar və lalın bitmək bilməyən danışığı olacaq, elə Minsk formatında da bu cür idi.

- Beləliklə, Çin Rusiyanın köməyilə ABŞ-ni şantaj edəcək? Yəni, əgər Pekin və Vaşinqton öz aralarındakı məsələləri həll etməsələr, Çin Moskvaya dəstəyini gücləndirəcək?

- Tamamilə düzdür. Çin ABŞ-yə deyəcək ki, bəs baxın, biz necə bir əlaltı qazanmışıq və indi biz Rusiyanın siyasətinə təsir göstərə bilərik, onlardan neft alırıq və onlara valyutanın verilib-verilməməsini, hərbi sənaye kompleksinin tikilməsinə yadım olunması məsələsini biz həll edəcəyik. Çin sərbəst şəkildə sərmaye qoymaq imkanına malikdir.

Rusiya maliyyə naziri Anton Siluanov çinlilərin beynini aparıb ki, Kremlə yuanla kredit versinlər. Moskvanın pulu yoxdur və onlar bunu Çindən istəyirlər. Amma biz bilirik ki, bu pullar hara gedəcək - tank istehsalına.

- Çin Rusiyaya özünün xammal əlavəsi, yoxsa ərazilərin özgəninkiləşdirilməsi obyekti kimi baxır?

- Hər iki variant keçərlidir. İstənilən halda Çin Rusiyanı üçüncü sort ölkə və özünün müstəmələkəsi kimi görür. Biz Rusiyanın dağılacağı, Çin və Amerikanın bunu təşviq edəcəyinə ümid bəsləməklə, yanılırıq. Təəssüf ki, bu, belə deyil. Pekin və Vaşinqton Rusiyaya bütöv dövlət kimi baxırlar. Onlara Rusiyada Putinin diktaturası lazımdır, çünki belə bir rejimdə dünyanın quru sahəsinin altıda birində vətəndaş müharibəsi olmayacaq. Amerikalılar və çinlilər bunu qətiyyən istəmirlər. Elə buna görə də Çin və ABŞ Rusiyanın dağılmasına imkan verməyəcək. Rusiyanın hərbi potensialının məhv edilməsi və Moskvanın danışıqlardakı mövqeyini zəiflətmək üçün bizə kömək edəcəklər. Amma eyni zamanda Rusiyanın bütövlüyünün qorunması üçün maksimum səy göstərəcəklər, əks halda onlar nüvə arsenalı olan böyük ərazidə xaos və anlaşılmaz vəziyyətlə qarşılaşacaqlar. Çin və ABŞ-yə bu gərək deyil, onlara idarəolunan Rusiya lazımdır, bu ölkənin “həbs düşərgəsi” və ya demokratik olmasının isə onlar üçün fərqi yoxdur. Hətta “həbs düşərgəsi” daha faydalıdır, çünki orada fikir plüralizmi və narazılar olmayacaq.

Vaqif Nəsibov

 

0.030089139938354