Bu il manatın kursu necə olacaq? - ŞƏRH
Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227,4 milyon dollar satılıb.
Paralel.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu ilin ilk 2 ayı, xüsusən də, fevral ilə müqayisədə mart ayında dollar tələbinin stabilləşməsi müşahidə olunur: "Bu, Mərkəzi Banka valyuta bazarına intervensiya və növbəti mərhələdə sterilizasiya üçün yeni imkanlar yaradır. Bununla yanaşı, mart ayında qeyri-iş günlərinin sayının çoxluğunun və eləcə də, xarici səfərlərin sayının çoxluğunu nəzərə alsaq, Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir".
Növbəti aylar üzrə manatın məzənnəsinə gəldikdə, millət vəkili deyir ki, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi bu, tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq: "Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də, iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq".
"Bu il də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", - deyə V. Bayramov əlavə edib.