Elektromobillərlə bağlı yenilik - kimlər qazanacaq, kimlər itirəcək...

Elektromobillərlə bağlı yenilik - kimlər qazanacaq, kimlər itirəcək...
 

Prezident İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalayıb.

Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb.

Bəs bu sərəncam özündə daha nələri ehtiva edir? Elektrik mühərrikli avtomobillərin qiyməti ucuzlaşa bilərmi? 

Qeyd edək ki, 2022-ci ildən elektromobillər və onlar üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. Ötən ildən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxalına gömrük rüsumunun tətbiqi dayandırılıb. 

Bu istiqamətdə həyata keçirilən tədbirlərdən sonra ölkəyə elektromobil idxalının əhəmiyyətli dərəcədə artığı bildirilir. Yəni ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarını stimullaşdıran müəyyən addımlar atılıb:  “Ölkəmizə idxal olunan yeni elektromobillər gömrükdə də, vergidə də rüsumdan azad edildi. Sonrakı mərhələdə ölkəyə idxal olunan enerjidoldurma məntəqəsinin istifadə olunan avadanlıq və cihazları da idxal zamanı rüsumlardan azad edildi. Bunlar hamısı sahibkarlara fürsət yaradır ki, bu növ avtomobilləri ölkəmizə idxal etsinlər. Eyni zamanda enerji doldurma məntəqələrinin qurulması üçün fəal iş görsünlər. Buna da qismən nail olunub. Biz görürük ki, ilbəil idxal olunan elektromobillərin sayı çoxalır. Ölkə daxilində bu növ avtomobilləri alanların sayı artır. Sadəcə, elektrik doldurma məntəqələrinin sayında artım çox deyildi. Bu sərəncam enerjidoldurma məntəqələrinin sayının artırılması istiqamətində olan yarımçıq qalmış məsələlərin həllinə təkan verəcək. Bizdə elektrik enerjisi  dövlətdədir, sahibkarlar elektrik enerjisini dövlətdən alıb, vətəndaşlara sata bilməlidir. Bunun üçün də orada müəyyən güzəştlər olmalıdır ki, sahibkarlar üçün bu, əlverişli olsun.

Eldəniz Cəfərov: “Sahibkarlar elektrik enerjisini dövlətdən alıb, vətəndaşlara sata bilməlidir”

Ekspert əlavə edib ki, 2024-cü ildə nəqliyyat sektorunda elektrikləşdirmə ili olacaq: “Ölkədə elektrik nəqliyyat vasitələrinin infrastrukturunun inkişaf etdirilməsi və həmin o infrastrukturun da ümumi nəqliyyat sahəsinə adaptasiya olunması nəzərdə tutulur. Burada əsas məsələ enerjidoldurma məntəqələridir ki, artıq onların yeri müəyyən edilməlidir. Artıq bununla dövlət qurumları  məşğul olacaqlar. Həmçinin paytaxt Bakıda iki ədəd elektrobus buraxılıb, onların da sayının artırılması gözlənilir. İl ərazində 150 elektrobusun gətiriləcəyi gözlənilir. Yəni ictimai nəqliyyatda da bu ildən elektrikləşmə olacaq. 

Maşınların qiymətinin enməsi isə birbaşa idxalda edilən güzəştlərdən asılıdır. Misal üçün, elektromobillərin qiymətləri istehsaldan yüksək olur. Məhz buna görə də dövlət ölkəyə idxal olunan yeni elektromobilləri rüsumdan azad etdi ki, vətəndaş üçün əlçatan qiymətlər olsun. Gələcəkdə buna ehtiyac yaranarsa, elektromobillərin qiymətinin enməsi üçün dövlət müəyyən addımlar ata bilər, güzəştlər tətbiq edə bilər. Mən şəxsən təklif edirəm ki, elektromobillər üçün kasko və icbari sığortalar digər avtomobillərlə müqayisədə ən azı 50 faiz ucuz olsun. Eləcə də parklanma yerləri də elektromobillər üçün ucuz olsun. Yaxud da ən azı bir elektrik doldurma məntəqəsinin və avadanlığının həmin yanacaqdoldurma məntəqəsində quraşdırılması məcburi olsun. Belə olsa, infrastruktur problemi də həll oluna bilər. O zaman vətəndaşlar elektromobil almaqda tərəddüd etməzlər. Çünki biləcəklər ki, ölkəmizdə hər yerdə yanacaqdoldurma məntəqəsində bu avadanlıq var".

Yasin Mustafayev: “Qəbul ediləcək qərarlar qiymətlərə ciddi təsir göstərəcək”

Nəqliyyat eksperti Yasin Mustafayev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Hazırda dünya ölkələri elektrikli avtomobillərə keçid edir. Burada vacib məsələ zəhərli qazların ekologiyaya verdiyi zərərin qarşısını almaqdır. İkincisi də sərfəlidir, istismarı çox yaxşıdır. Bu baxımdan elektrikli avtomobilə keçmək dövlətlərin siyasətinə çevrilib. Prezidentin verdiyi sərəncam da bunu təşviq edir. Hazırda ölkəmizdə elektromobillərin ölkəyə idxalında çox ciddi güzəştlər tətbiq olunur. ƏDV-dən, gömrük rüsumundan azaddır. Eyni zamanda sığortada, texniki baxışlarda müəyyən güzəştlər var. Sərəncamda hüquqi bazanın yaradılması tapşırılır. Bəzi ölkələrdə elektromobillərin nişanı fərqli rəngdədir. Bu da onlara müəyyən üstünlüklər verir. Xarici təcrübəni araşdırıb biz də tətbiq edə bilərik. Misal üçün, parkinq sahələrində 50-100 faizədək güzəştlər tətbiq oluna bilər. Həmçinin məhdudiyyət olan müxtəlif ərazilərə elektromobillərin girişinə icazə verilə bilər və sair. Bu istiqamətdə dünya təcrübəni də nəzərə alaraq qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. O ki qaldı qiymətlərin endirilməsinə, qiymətləri formalaşdıran amillər var. İlk olaraq tələb və təklifdir, tələb çoxalıb, tələbat artıb. Eləcə də təklif də çoxdur. Əsasən də Çin markaları ölkəyə çox gətirilir. Qiymətləri də müxtəlifdir, 10 mindən 200 min dollara qədər. Bu güzəştlər isə artıq bir ildir tətbiq edilir və o vaxtdan bəri xeyli ucuzlaşma var. Ən azı ƏDV-nin 18 faizini ödəmirlər, gömrük rüsumunu ödəmirlər. Bu, qiymətə ciddi təsir edib. Bundan sonra qiymətə təsir edəcək ciddi amil yoxdur. Sadəcə, vətəndaşlara təşviq edilir ki, bundan sonra kim avtomobil almaq istəyirsə, elektromobil alsın. Qəbul ediləcək qərarlar düşünmürəm ki, qiymətlərə ciddi təsir göstərəcək".

 

0.036628007888794