Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladı

Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladı
 

Böyük Britaniya Ali Məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Londonda dəyəri 50 milyon funt sterlinqdən çox olan əmlak portfelinin dondurulması barədə qərarı qüvvədə saxlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Transparency International” məlumat yayıb.

Bildirilib ki, Milli Cinayət Agentliyi əmlakın çirkli pullar hesabına alındığından şübhələnir.

“İndi Milli Cinayət Agentliyinin daşınmaz əmlakın “cinayət yolu ilə əldə edilmiş gəlirlər”lə əldə edildiyini sübut etmək imkanı var. Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan resurslarla təmin etməli və Birləşmiş Krallığın çirkli pulların sığınacağı roluna son qoymalıdır. Bu, OCCRP tərəfindən ilk dəfə 2017-ci ildə bildirilmiş, çox milyard dollarlıq “Azərbaycan Laundromat” çirkli pulların yuyulması əməliyyatı ilə bağlı araşdırmalar üçün əhəmiyyətli bir hadisədir”, – qərarı şərh edən “Transparency İnternational” UK təşkilatının Tədqiqatlar və Təhqiqatlar şöbəsinin rəhbəri Stiv Qudriç bildirib.
Xatırladaq ki, fevralın 22-də Britaniya Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxmağa başlayıb.
Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) saytında məlumat dərc olunub.
Bildirilib ki, söhbət deputat və həyat yoldaşının qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilən 22 mülkdən gedir. Qeyd olunur ki, 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış sözügedən əmlaklar 2023-cü ilin iyununda Ali Məhkəmənin qərarı ilə dondurulub.

“Feyziyev məlumat dərc olunan vaxtda şərh vermək tələblərinə cavab verməyib. Feyziyevlərin vəkili isə iddia edir ki, Milli Cinayət Agentliyi (NCA) bütün lazımi prosedurlara əməl etməyib və bu daşınmaz əmlaklardan hər hansı birinin qanunsuz yolla alındığını mübahisələndirmək üçün kafi əsaslar yoxdur.

Bundan əvvəl siyasətçinin ailəsi Milli Cinayət Agentliyinin diqqətini bank hesablarında milyonlarla funt sterlinq vəsaitin olması ilə cəlb etmişdi. Agentlik iddia edirdi ki, bu vəsaitlər bank hesablarına OCCRP-nin 2017-ci ildə aşkar etdiyi və “Azərbaycanın pulyuyan maşını” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə gəlib”, – OCCRP-nin məlumatında deyilir.

NCA-nın məlumatına görə, Feyziyev və onun həyat yoldaşı tərəfindən satın alınmış əmlakların satışına və ya başqasına ötürülməsinə mane olan son qərarlar, çirkli pulların yuyulmasına dair əldə edilən əsaslı sübutlara görə qəbul edilib.

“Məhkəməyə təqdim edilən sənəddə Agentlik qeyri-adi, yalan və ya uydurma təsvirlərlə müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərə qədər izlənilə bilən fövqəladə mürəkkəblikdə pul axınlarını təsvir edib”, – OCCRP yazır.
Qeyd olunur ki, dondurulanlar arasında ən bahalı mülklər “Chelsea Barracks” kompleksində 26 milyon funt sterlinqdən (56 milyon manat) baha qiymətə alınmış iki iqamətgahdır. Bildirilir ki, bunlar 2020-ci ildə Britaniya hakimiyyəti onun həyat yoldaşı, oğlu və qardaşı oğlu barədə çirkli pulların yuyulmasında dair araşdırma apardığı ərəfədə alınıb.

“Dondurulmuş digər mülklər arasında “Regent Parkı”na baxan bir mənzil, həmçinin Şimali Qərbi Londondakı bir binadan alınmış 19 mənzil daxildir. Feyziyev 2008-2018-ci illər arasında həmin mülkləri 10 milyon funt sterlinqdən (21,5 milyon manat) çox qiymətə alıb və sonradan heç bir ödəniş etmədən fondun mülkiyyətinə verib”, – məlumatda deyilir.

Qeyd edək ki, C. Feyziyev 2010-cu ildən 2022-ci ilədək Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Böyük Britaniya məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə – həyat yoldaşı, böyük oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus 5,6 milyon funt-sterlinq (12,9 milyon manat) məbləğində vəsaitin müsadirə olunması haqqında qərar verib. Deputatın ailə üzvlərinə məxsus olan və üzərinə həbs qoyulan 9,7 milyon funt-sterlinq (22,3 milyon manat) isə onlara geri qaytarılıb.

 

0.0348219871521