Təhsil sisteminə ekspert dəstəyi -
Dos. İlham Əhmədov

Təhsil sisteminə ekspert dəstəyi -Dos. İlham Əhmədov
 

Bu ərəfədə Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz Jurnalistlər Birliyinin təşkilatçılığı ilə "Təhsil mediada: düzgün baxışın formalaşdırılması üsulları" layihəsi çərçivəsində Türkiyənin 2 professoru və yerli təhsil ekspertlərinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdi. Türkiyəli qonaqlar -tanınmış təhsil mütəxəssisi, SODİMER təşkilatının rəhbəri və professor Levent Eraslan və Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal müzakirələrdə maraqlı fikirlər söylədilər. Tədbirdə “təhsil siyasəti nədir?”, “təhsil eksperti kimdir?” mövzusunda müzakirələr oldu.
Professor Emre Ünal qeyd etdi ki, təhsil eksperti də, təhsil jurnalisti də bilməlidir ki, “verdiyimiz məlumat, yazdığımız informasiya ölkə üçün çox əhəmiyyətlidir. Çünki təhsil strateji sahədir. Burada hər hansı yanlışlıq ciddi fəsadlara yol aças bilər. Əsas sual isə budur, kimlərə təhsil eksperti deyilə bilər? Ümumən təhsil eksperti ifadəsinin işlədilməsi səhvdir, bu gün kimsə sürətlə inkişaf edən müasir təhsilin bütün sahələri üzrə tam bilgiyə malik deyil. Bunu qəbul etmək lazımdır. Təhsil çox geniş bir sahədir. Buna görə də təhsil ekspertləri şərh verməmişdən əvvəl düşünməlidirlər ki, mən təhsillə bağlı hansı mövzularda səriştəliyəm? Hansı məsələ üzrə söz deyə bilərəm? Bir məsələyə münasibət bildirərkən mütləq şəkildə mövzu barədə ətraflı biliyə malik olmaq lazımdır”, - professor qeyd edib.
Həqiqətən də elm və təhsilin inkişaf etdiyi ölkələrdə universal təhsil ekspertləri olmur. Hər bir ekspert təhsilin müəyyən sahəsində ixtisaslaşır. Amma bizdə tam fərqli durumu müşahidə edirik. TN ETN olduqdan sonra təhsil ekspertləri də avtomatik olaraq elm və təhsil üzrə ekspert oldular. Halbuki, əvvəllər onların çoxu elm haqqında heç vaxt fikir bildiəzdilər. Universal ekspertlik də (hərşeyşünaslıq) bizim cəmiyyətin özəlliklərindən biridir (təbii ki, bunun da öz səbəbləri var).
“Təhsil eksperti kimdir?” və “təhsil siyasəti nədir?” kimi suallara biz də öz fikrimizi bildirmək istərdik:
Təhsil siyasəti- təhsil sisteminin fəaliyyəti və inkişafını təmin edən zəruri tədbirlər kompleksidir. Təhsil eksperti - təhsil sahəsində dərin biliyə və təcrübəyə malik mütəxəssisdir. Onun fəaliyyət sahəsi qeyd etdiyimiz kimi çox genişdir:
1. Təhsil proqramları və siyasətinin hazırlanması, təhlili və qiymətləndirilməsi xidmətləri.
2. Yeni təhsil strategiyaları, yol xəritələri və konsepsiyaların işlənib hazırlanması.
3. Təhsilin rəqəmsallaşdırılması konsepsiya, strategiya və proqramlarının hazırlanması.
4. Təhsildə keyfiyyətin idarə edilməsi,
5. Təhsildə ölçmə və qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi.
6. Təhsildə monitorinq xidmətlərinin təşkili.
7. Müxtəlif səviyyəli təhsil müəssisələrinə peşəkar məsləhət xidmətləri və elmi-metodik dəstəyin verilməsi.
8. Pedaqoji kadrların hazırlanması, təkmilləşdirilməsi, inkişafı strategiyaları hazırlamaq, bu sahədə təkliflər etmək.
9. Pedaqoji araşdırmalar və nəşrlər hazırlamaq v.s.
Təhsil eksperti öz bilik və təcrübəsini digər mütəxəssislər, təhsil ictimaiyyəti, müvafiq dövlət qurumları, QHT-lərlə bölüşməli, bu yolla ölkə təhsilinin inkişafına dəstək verməlidir. Ölkədə təhsil mühitinin, təhsil siyasətinin monitorinqini aparmalı, proseslərə öz tənqidi münasibətini formalaşdırmalı, bunu ictimailəşdirməlidir. Bu məsələdə bizdə bəzən problemlər yaranır. Belə ki, təhsil məmurları düşünürlər ki, təhsil ekspertləri və jurnalistləri nazirliyi tərif etməlidir, tənqid etmək olmaz. Amma təhsil ekspertlərinin əsas funksiyası məhz ictimai nəzarəti həyata keçirməkdir. Xüsusən də onlar ictimai şuralarda təmsil olunmurlarsa, ictimai nəzarət məsələsində ictimai şuralara kömək etməlidirlər.
Bizim ölkədə hələ də təhsi sahəsində konsaltinq xidmətləri göstərilmir, belə şirkətlərimiz yoxdur, çünki, buna tələb yoxdur. Niyə? Çünki, TN son 25 il ərzində heç bir məsləhətə ehtiyac duymayıb, sanki təhsildə hər işi mükəmməl bilirlər və hər iş də əla gedir. Əslində isə illər ərzində köklü problemlərə səthi, qeyri peşəkar yanaşmalar olmuş, nəticədə təhsil islahatları uğursuz ollmuşdur. Bu illər ərzində keyfiyyətli təhsil siyasəti, təhsil strategiyası da qura bilməmişik.
Normalda isə dövlətin təhsil siyasətini hazırlayan və icra edən qurum təhsil ekspertləri ilə sıx əməkdaşlıq şəraitində işləməli, onların potensialından faydalanmağa çalışmalıdır.
Təhsil ekspertlərinin təhsil məmurlarına ehtiyacı olmadığı halda, təhsil məmurlarının ekspertlərə ehtiyacı çoxdur, xüsusən də məmurlar əgər bu sahədə təcrübəsizdirlərsə.
Bu səbəblərdən ölkənin bir qrup təhsil tədqiqatçısı və təhsil jurnalistləri “Təhsil Ekspertləri Mərkəzi” adlı bir qurum yaratmışlar. Qurumun məqsədi ölkədə reallaşan təhsil islahatlarına əməli dəstək verməkdir. Qurum artıq qeydiyyatdan keçmişdir. Ümid edirik ki, əvvəlki 25 ildən fərqli olaraq, ETN ümumi işin xatirinə bundan sonra təhsil ekspertləri ilə daha səmərəli birgə fəaliyyət göstərməyə cəhd edəcəklər.

Paralel.az 

0.016860008239746