Azərbaycanda elektron ticarətin həcmi nə qədərdir?
Ötən həftə Mərkəzi Bankın açıqladığı rəqəmlərə inansaq, bu göstərici pərakəndə ticarətin təxminən 70%-dir. Yəni Mərkəzi Bank deyir ki, qanunvericilikdə nəzərdə tutulan qaydada elektron ticarət əməliyyatlarının ötən ilki dövriyyəsi 40 milyard olub. Ölkədə pərakəndə ticarət dövriyyəsi 60 milyard civarındadırsa, bu zaman az qala bütün alış-verişin e-ticarət üzərindən olduğu məlum olur.
"Ölkə.Az" xəbər verir ki, bunu İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Ekspert bu yanaşmanı doğru hesab etməyib:
"Əlbəttə, Mərkəzi Bank deyə bilər ki, elektron ticarət haqqında qanunda göstərilənləri nəzərə alıblar. Yəni, rəqəmsal mühitdə, nağdsız baş verən bütün əməliyyatları e-ticarət olaraq qəbul ediblər. Lakin e-ticarət dövriyyəsi ilə bağlı beynəlxalq metodika tam fərqlidir.
Qonşu ölkələrdə də bir neçə illər öncə bu tip problemlər vardı. Lakin onlar artıq bu mərhələni keçiblər. Metodikalarını beynəlxalq standartlara uyğunlaşdırıblar. Məsələn, hazırda daha sürətlə inkişaf edən Qazaxıstanda e-ticarət dövriyyəsinin rəsmi göstəricisi 12%-dir.
"Dövlət Statistika Komitəsi e-ticarətin hesablanması metodikasına, "70% e-ticarət dövriyyəsi" məsələsinə aydınlıq gətirməlidir. Əsasən ölkədaxili və ölkəxarici real alış-veriş əsas götürülməlidir", - deyə O. Gündüz əlavə edib.
Könül
Ölkə.Az