Narkotikdən meyxana deyən tarix müəllimi...

Narkotikdən meyxana deyən tarix müəllimi...
 

Kult.az meyxanaçı Rüfət Nasosnu ilə müsahibəni təqdim edir:

- Rüfət, meyxanadan əlavə müğənnilik də edirsiniz. Yoxsa, siz də şou-biznesə keçdiniz?

- Keçdiniz deyəndə, mən elə iki ildir, şou-biznes adamıyam.

- Meyxanaya nə oldu ki? Nə qane etmədi?

- Heç nə olmadı. Sadəcə, bu da bir yoldur, sənətdir. Burada da halal insanlar var, çox yaxşıdır. Hansı ki, heç kim heç kimi toyundan eləmir, məclisdən uzaq salmır, bir sözlə, heç bir maneə törədilmir.

- Deyəsən, meyxanada kimlərdənsə acıqlısınız. Sizi məclislərdən, toylardan uzaq salırlar?

- Bir söz deyim, hər sahədə pis adamlar var, bu heç. Amma həm də bu cür şeylər əvvəl-əvvəl şou-biznesdən keçib. Yaxşı şeylərin çoxunu götürməyib, həm də bunu götürüblər. Ümumiyyətlə, meyxanaçının toya pul danışıb getməsi əvvəllər olmayıb. Toyun sonunda meyxanaçılar gəlirdi, kim nə verdi-verdi idi. Sonra artıq zaman dəyişdi, pul məsələləri ortaya çıxdı. Elə toylar var, orada gedirdin, şabaş olmurdu. Meyxanaçılar bu və digər iqtisadi səbəbləri nəzərə alıb, pul ilə danışığa keçdilər.

- Məclislərdən uzaq salınmaq məsələsi ən çox Rəşad Dağlının adına çıxılır. Sanki hər şeyi o idarə edirdi…

- Rəşadın boynuna yıxmaq olmaz. Bu məsələlər ta əzəldən olan söhbətlərdir. Mən kiminsə eybini açıb günahkar olmaq istəmirəm. Mənim halım yoxdur kiməsə görə Allaha cavab verim. Özümün o qədər günahlarım var ki, onlara görə güclə cavab verəcəm.

- Oxuduğunuz mahnılar birmənalı qarşılanmır. Sosial şəbəkələrdə səsinizə lağ edən xeyli adam var…

- Hər cür adam var da. Mənim üçün onlar önəmli adamlar deyil. O qədər adam tərifləyir məni. Bəs onlar necə? Baxıram, görürəm ki, pisləyənlər kimlərdir. Musiqi savadı, zövqü olmayan adamların fikri mənə maraqlı deyil.

- Belə çıxır ki, pisləyən adamların hamısı savadsız, zövqsüz adamlardır?

- Cəmiyyətin damarını tutursansa, nə oxusan gedir. Azərbaycanda musiqini bilən adam azdır. Mənim “Bağışla” mahnım təzə çıxanda çox tənqid edildi. Sonra on minlərlə çarx çəkildi, milyonlarla baxış oldu, cəmiyyət də qəbul elədi. Əgər bir şey pisdirsə, mən onu cəmiyyətə təqdim eləmərəm. O mahnını elə yerdə oxumuşam, xalq artistləri də bəyənib. Hər şey təqdimatdan asılıdır həm də.

- “Əgər bir şey pisdirsə, mən onu cəmiyyətə təqdim eləmərəm” deyirsiniz. Amma meyxanalarda narkotikdən, kriminaldan çox demisiniz.

- Nöqsan adam üçündür də. Bu da bizim, mənim nöqsanlarımdan biridir, qəbul edirəm. Amma mən sırf kriminaldan meyxana deməmişəm. Ab-havadan asılıdır. Kişi məclisi olub, demişəm. Kimsə bunu təbliğ, reklam kimi başa düşübsə, yenə deyirəm, bizim səhvimizdir.

- Meyxanaçıları həm də savadsız olmaqda günahlandırırlar. Siz deyəsən, tarix müəllimisiniz.

- Bəli, ixtisasım tarix müəllimliyidir.

- Dərs demisiniz?

- Gənc vaxtı bir müddət dərs demişəm, amma gördüm, mənlik deyil. Meyxanaçının savadlı olmağına nə ehtiyac var? Düzdür, yaxşı olar ki, olsun, amma vacib deyil. Hər ali təhsilli də savadlı deyil. Meyxanada da var belələri. Təhsil almaq o demək deyil ki, savadın da var.

- Bir tarix müəllimini meyxanaçı olmağa nə vadar edib? Müəllim olmaq pis idi?

- Heç nə vadar etməyib. Sadəcə, istəməmişəm. Əgər ixtisasımın üstünə düşsəydim, indi ən azı nazirlikdə şöbə rəisi, nazir müavini işləyərdim. Potensialıma bələdəm.

- Bəs niyə müəllim kimi qalıb işləmədiniz, şöbə rəisi, nazir müavini olmadınız?

- Həyat tərzim imkan vermədi, müəllimə uyğun həyat tərzi deyildi, 2000-ci illərdə də meyxanaya başladım, ona görə.

- Həyat tərzi deyəndə meyxanaçı olmağı nəzərdə tutursunuz, yoxsa başqa məsələlər var?

- Meyxanaçının həyat tərzi pis deyil. Sadəcə, zamanında səhvlərimiz ucbatından pis təqdim olunub. Mən öz səhvlərimi nəzərdə tuturam ki, o səhvlər heç bir sənət adamına yaraşmaz.

- Konkret olaraq söhbət hansı səhvlərdən gedir?

- Açıb-ağartmağa nə ehtiyac var? Nə eşitmək istəyirsiniz? Hər şey geridə qalıb, hamı da yaxşı bilir, bu söhbətlər indi edilməsə yaxşıdır.

- Rüfət bəy, son olaraq müsahibəni oxuyan adamlar sizi öz toyunda görmək istəsələr, onlara hansı qiyməti deyərsiniz? Mərhum Vüqar Biləcəri deyirdi, damara baxıb qan almışıq, kasıbın toyuna 300-lə düzəlişmək də olar...

- Qiymət önəmli deyil. Mən cəmiyyətin hər təbəqəsinin toyuna gedirəm, hər məclisə də bir qiymət olur. Bekaramsa, çağıran adam kasıbdırsa, lap havayı da gəlib yola verəcəm, ürək sındırmaram heç vaxt.

 

0.019423961639404