Əlilliyi olanlar üçün Azərbaycanda həyat necədir?


Əlilliyi olanlar üçün Azərbaycanda həyat necədir?
 

“Ən asan səkiyə çıxmaq üçün minimum bir-iki nəfərin köməyi lazım olur”

Rəsmi rəqəmlərə görə, Azərbaycanda 560 minə yaxın insan əlilliyə görə pensiya və ya müavinət alır. Onlardan 56 minə qədəri 18 yaşadək olan uşaqlardır. Bəs aldıqları pensiya və müavinətlər əlilliyi olan şəxslərə kifayət edirmi? İşsizliyin və artan inflyasiyanın fonunda onlar nə kimi çətinliklərlə üzləşirlər?  

Aysel Cəfərli hazırda Mingəçevir Turizm Kollecində təhsil alır. Tələbə özü aktiv həyat tərzini sevsə də, mövcud infrastrukturun əlilliyi olan insanların fəallığına əngəl yaratdığını deyir.

“Özüm müxtəlif yerlərdə könüllü oluram. Demək olar ki, heç bir mərkəzdə araba üçün şərait yoxdur. Bir müəssisəyə qalxmaq üçün minimum 3 pilləkəni çıxmaq məcburiyyətindəsən” - deyə Aysel yolda tək hərəkət etməyin çətinliyindən danışır.

Tələbənin sözlərinə görə, gün ərzində təkcə bir məkana gedib-gəlmək üçün taksiyə 4 manat xərcləyir, avtobusdan istifadə etmək isə əlverişli deyil. O deyir ki, şəxsi maşını olmadığı üçün evdən çıxmayan əlilliyi olan yaşıdlarının sayı çoxdur. 

“Lift düzələndə yalvarıram ki, bu gün xarab olmasın”      

Qəniyevlər ailəsi Masazırda kimsəsiz internat məzunları üçün tikilən binada yaşayır. Bu bina 2014-cü ildə vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib. 

Əlilliyi olan ailənin sözlərinə görə, bir ildən sonra binada problemlər yaranmağa başlayıb, lift xarab olub. Hazırda iki azyaşlı uşaq ilə ata-ana qalxıb-düşməkdə, gündəlik ehtiyaclarını təmin etməkdə çətinlik çəkir.

İlqar Qəniyev deyir ki, bina tikiləndə əlilliyi olan insanlar nəzərə alınmayıb: “Bir də görürsən, lift dayanır. Qalıram birinci ya da üçüncü mərtəbədə. Adam olmur məni qaldırmağa yaxud aşağı salmağa. Hərdən təcili harasa getmək istəyirəm, qalıram belə”.

“Qışda soyuq olur, qar yağır, gedə bilmirəm axı. Lift düzələndə yalvarıram ki, bu gün xarab olmasın. Hələ bir dəfə dayanıb, içində qalmışam. Ən kasıb dövlət belə əlillərinə qayğı göstərir, Azərbaycan isə yox”- deyə Elmira Qəniyeva aiddiyyatı qurumların onların müraciətinə baxmadığından şikayətlənir.

“Bəs sabah uşaqlar məktəbə başlayanda onları kim aparıb-gətirəcək? Hələ əgər bir hadisə olsa, mən heç, bu uşaqlar necə düşəcək?”- İlqar Qəniyev həm özünün, həm də həyat yoldaşının uşaqlarına görə narahatlığını bildirir.

 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyir ki, ilk növbədə, küçədəki baryerlər aradan qaldırılmalı, ictimai-iaşə və dövlət orqanlarının binasında panduslar qurulmalıdır.

“Məhəllələrdə, yeni tikilən binalarda sıfır girişli sistemin yaradılması mütləqdir ki, heç bir pilləkən olmasın. Əgər pilləkən olarsa da, onu mərhələli keçidlə təmin etmək, infrastrukturu müasir dünya standartlarına uyğunlaşdırmaq lazımdır. İndi görülən işləri isə yarımçıq hesab etmək olar”- deyə ekspert kompleks tədbirlər planının vacibliyindən danışır. 

“Boğazımızdan kəsib bu işləri görmək məcburiyyətində qalırıq”

Zəkəriyyə Qurbanov Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsini bitirib. 2022-ci ildən Respublika Gözdən Əlillər kitabxanasında çalışır. 6 ildir ki, “Gözüm Ol Mənim” youtube kanalı üçün könüllü olaraq kitab səsləndirir, amma bu işi görmək ona çox çətin başa gəlir.

Zəkəriyyə Qurbanov
Zəkəriyyə Qurbanov

“Yataqxana şəraitində yaşadığımıza görə işimizi normal şəkildə görə bilmirik. Həm yeni avadanlıqlara ehtiyacımız var, həm də sakit bir məkana”- Zəkəriyyə heç bir qurumun onlara dəstək göstərmədiyini deyir.

Müsahibimiz Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, ona deyilən şərtlərdən narazı qalıb.

“Ərzaqların və dərmanların qiyməti o qədər yüksəkdir ki, 2013-2014-cü illərdə 250 manat alırdım, eyni vəziyyətdə yaşayırdım, indi 703 manat alıram, yenə eyni vəziyyətdə yaşayıram”-deyə Zəkəriyyə bahalığın və inflyasiyanın onun həyatına çox ciddi təsir etdiyini deyir.

“Tanışı olmayan əlillərə iş yeri yoxdur”

Elşad Həsənov
Elşad Həsənov

2008-ci ildə keçirdiyi avtomobil qəzası nəticəsində Elşad Həsənovun əlilliyi yaranıb. O, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi üzrə təhsil alıb. Hazırda ailəsi ilə yaşayan Elşadın özünün 150 manat pensiyadan başqa gəliri yoxdur.

“İxtisasımla bağlı “Azərsu”ya müraciət etmişəm, dedilər, hazırda rəhbər olmadığı üçün işlə təmin edə bilmərik”- deyə Elşad Həsənov ixtisasına uyğun iş tapa bilmədiyindən şikayətlənir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində əlilə baxılmır”

Rüfət Bədəlov
Rüfət Bədəlov

Rüfət Bədəlovun 3-cü qrup üzrə gözdən əlilliyi var. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində sosial məsələlər üzrə böyük mühəndis kimi çalışır. Rüfət iş yerində bir sıra problemlərlə qarşılaşdığından şikayətlənir.

“Peşəkarlığa görə əlavə ödəniş verilmir, xəstəxanada stasionar müalicə alsam da, şirkət tərəfindən bülleten pulumun yalnız yarısı ödənilib”- deyə Rüfət Bədəlov SOCAR rəhbərliyinin onu qəbul etmədiyini deyir.

 

Mehparə Xuduyeva da əlilliyi olan insanlara qayğısızlıqdan şikayətçidir. Onun 17 yaşlı qızı Sərfinaz, illərdir ki, göz xəstəliyindən və 4-cü dərəcəli skoliozdan əziyyət çəkir. Tənha ana qızına baxmaq üçün hazırda işindən də uzaqlaşıb. Qızını Türkiyədə əməliyyat etdirmək üçün onun 16 min dollara ehtiyacı var.

Mehparə Xuduyeva və qızı
Mehparə Xuduyeva və qızı

“Neyləyək, yaşamayaq bu ölkədə biz, yaşamayaq? Xəstə uşağı olan analar neyləsin? Mən prezidentidentimizdən kömək istəyirəm, prezidentimizə səsimi çatdırmaq istəyirəm. Mehriban xanıma səsimi çatdırmaq istəyirəm. Ki o da bir anadır, məni qəbul edib dinləsin, sadəcə övladımla birlikdə qəbul etsin, bizi dinləsin”- ana deyir.

“Dövlət tərəfindən yaradılan layihələr yalnız pul qazanmaq üçündür”

Elçin Cəlilov və dostları uzun müddətdir ki, yolların, keçid və pandusların monitorinqini aparırlar. Elçin hesab edir ki, Azərbaycanda əlilliyi olan insanlar üçün yaradılan dövlət layihələri onların iş yerlərindəki diskriminasiya, maddi imkansızlıq kimi əsas problemlərini həll etmir.

“Birinci qrup üzrə əlilliyi olanlara 270 manat pensiya verilir, 200 manat prezident təqaüdü, 100 manat da baxıcı pulu. Bu da toplam 570 manat edir. Bu məbləğ nə dərmana, nə yemək puluna çatır. Bəlkə, elə əlilliyi olan adam var, tək yaşayır. İndiki dövrdə hansı baxıcı 100 manata gəlib ona baxar?”- müsahibimiz deyir.

 

Elçin Cəlilovun fikrincə, Azərbaycandakı şirkətlərə əlilliyi olan şəxsləri işə götürmək sərf etmir: “Qanuna görə, hər bir şirkət, dövlət müəssisəsi 25 nəfərdən sonra bir əlilliyi olan şəxsi işə götürməlidir. O şirkətlər əlilliyi olan işçilərinə şərait yaratmalı, uyğun panduslar, qapılar düzəltməlidirlər. Bizdə isə şirkətlər buna pul xərcləmək istəmirlər”.

Elçin Cəlilov düşünür ki, Azərbaycanda cəmiyyət əlilliyi olan insanlara qarşı münasibətdə birmənalı deyil: “Bunlar hamısı cəmiyyətin savadsızlığından irəli gəlir. İnsanlar maariflənməlidir. Mənə bir dəfə sual verildi ki, yeriyən insan görəndə pis olmursan? Dedim yox. Əgər səninlə dialoq qura bilirəmsə, istənilən mövzuda danışa bilirəmsə, mənim yeriyən insandan fərqim nədir?”

Onun fikrincə, dövlət tərəfindən əlilliyi olan şəxslərə psixoloji dəstək vacibdir. Elçin hesab edir ki, ayrı-seçkilik xeyli sayda əlilliyi olan insanı cəmiyyətdən təcrid edir.

Rəsmi qurumlar nə deyir? 

Elm və Təhsil Nazirliyinin açıqlamasına əsasən, bir neçə ali təhsil müəssisəsində əlilliyi olan şəxslər üçün şərait yaradılmış, panduslar quraşdırılmışdır. Açıqlamada o da qeyd olunur ki, əksər müəssisələr uzun illər əvvəl tikildiyinə görə bu sahədə problemlər qalmaqdadır və həlli üçün işlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin açıqlamasına görə, 2023-cü ilin birinci yarısında 3332 əlilliyi olan şəxs işlə təmin edilib. Açıqlamada deyilir ki, işlə təminat sosial kvota üzrə həyata keçirilir. Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, 100-dən çox olan müəssisələrdə 5 faizi miqdarında kvota tətbiq edilir. Ümumilikdə, faiz dərəcələrinin 50%-i əlilliyi olan şəxslər üçün müəyyən edilən iş yerləridir.

Sorğuya əsasən Azərbaycanda əlilliyi olanların 80 faizi işsizdir

Əlilliyi olan şəxslərin hüquq müdafiəçisi Məhəmməd Kekalov 2023-cü ildə əmək bazarında əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin edilməsi haqqında siyasət icmalı hazırlayıb. Onun apardığı sorğuya əsasən, bütün respondentlərin 80%-i işsizdir və bütün işsiz respondentlərin daha 80%-i cavab verdikləri vaxt hələ də iş axtarışında olub. Eyni zamanda, sorğuda iştirak edənlərin ümumi gəlirləri 415 manat civarında olsa da, onların aylıq xərcləri, orta hesabla, 463 manat təşkil edir. İcmalın nəticələrinə görə, Azərbaycanda əlilliyi olan insanların böyük bir hissəsinin işsiz olmasının səbəbi ya onların iş üçün qoyulan tələblərə cavab verməməsi, ya da iş yerlərində əlilliyi olan işçilər üçün lazımi şəraitin olmamasıdır.

 

0.022388935089111