Məktəbəhazırlıq qruplarında “bölüşmək” və “fədakarlıq” kimi mənəvi keyfiyyətlərin öyrədilməsi təcrübəsi
Azərbaycanın təhsil sistemi özünün müasirliyi və dünyəviliyi ilə seçilir. Şəhər və əksər kənd məktəblərində uşaqlara müasir elmi biliklərin çatdırılmasından ötrü hər çür imkanlar vardır. Təlim-tərbiyə prosesi təkcə uşaqlara elmi biliklərin aşılanmasından ibarət deyildir. Əgər biz yeni nəslin sağlam düşüncəli vətəndaş, fədakar insan, xeyirxah, əməksevər və humanist şəxsiyyət kimi formalaşdırmaq istəyiriksə, mənəvi tərbiyə məsələləri ibtidai sinif müəllimlərinin diqqətində olmalıdır.
Nə üçün məhs ibtidai sinif müəllimlərinin? Bu sualın cavabı ondan ibarətidr ki, uşaqlarda bir sıra müsbət və mənfi mənəvi keyfiyyətlər və davranış qaydaları yeniyetməliyə qədərki dövrdə (11-14 yaş dövrü) yaranmağa başlayır. İbtidai sinif dövrünü (5-10 yaş dövrü) uşaqların şəxsiyyət kimi formlaşmasında “kririk dövr” kimi də qiymətləndirmək olar.
Dördüncü sinifin “Həyat bilgisi” dərsliyinin iki (13.“Mənəvi keyfiyyətlərimiz” və 14. “Mənəvi borc”) bölümündə mənəvi keyfiyyətlər haqqında uşaqların mənimsəyə biləcəyi səviyyədə dəyərli materiallar verilmişdir. Bu məsələ ilə bağlı bəzi düşüncələrimi bölüşmək istəyirəm.
Birincisi, uşaqlarda mənəvi keyfiyyətlərin öyrədilməsinə daha erkən yaşlardan başlamaq lazımdır. Məktəbəhazırlıq (5 yaşlılar) qruplarında uşaqlarda bəzi keyfiyyətlərin aşılanmasından ötrü imkanlar vardır.
İkincisi, uşaqlara mənəvi keyfiyyətlərin öyrədilməsi nəzəri biliklərin və dərslikdə verilmiş tapşırıqların yerinə yetiirlməsi ilə yanaşı, oyunların və pratiki məşğələlərin keçirilməsi ilə möhkəmləndirilməlidir. Yaxşı məlumdur ki, oyunların və praktiki məşğələlərin keçirilməsi nəzəri biliklərin gündəlik həyatda vərdişə çevilməsində olduqca böyük əhəmiyyəti vardır.
Üçüncüsü, valideynlərlə iş birliyinin qurulması təlim-tərbiyə prosesində əhəmiyyətli şərtdir. Bu haqda bir qədər sonra.
Aşağıda “bölüşmə” və “fədakarlıq” kimi mənəvi keyfiyyətlərin məktəbəhazırlıq qruplarında beş yaşlılara öyrədilməsi təcrübəsi verilmişdir.
Dərsin keçirildiyi məkan: sinif otağı
Təhsilin növü: məktəbəhazırlıq qrupu (“beş yaşlılar”)
Dərsin keçirildiyi vaxt: beş yaşlıların nahar vaxtı və ya istirahəti zamanı
Dərsin təsviri:
Anlayışların öyrədilməsi mərhələsi
Müəllim əvvəlcə uşaqlardan “gölüşmək” anlayışını soruşur. Uşaqların müxtəlif cavablarını dinləyir. Uşaqlar müəllimin köməyi ilə düzgün cavabı tapırlar və nümünələr göstərirlər: məsələn, məktəbə gətirdikləri yeməyin bölüşülməsi, karandaşların bölüşülməsi və s.;
Müəllim sonra uşaqlardan “fədakarlıq” anlayışını soruşur. Uşaqlar çətinlik çəkir (bu yaş üçün əksər uşaqlar üçün “fədakarlıq” bir qədər çətin anlayışdır): müəllim izah edir ki, əgər uşaq sevdiyi oyuncağını ağlayan qardaşına (bacısını) və ya dostuna (rəfiqəsinə) hədiyyə edirsə, bu “fədakarlıqdır”; əgər sinifdə uşaq öz yeməyinin çox hissəsini yemək gətirməyi unutmuş dostuna verib, az hissəsini özünə saxlayırsa, bu da “fədarlıqlıqdır”, əgər yarıbayarı bölürsə bu “bölüşməkdir”. Burada müəllim atalar məsəlini uşaqlara əzbərlədir: “Dost dosta tən gərək, tən olmasa gen gərək”. Müəllim “tən” sözünün, yəni bərabər şəkildə bölmək (“bölüşmək” olduğunu), “gen” sözünün çox hissəni dostuna, azını özünə saxlamaq (“fədarlıq” olduğunu) mənası daşıdığını uşaqların cavabları vasitəsilə əldə edir. Müəllim uşaqlara “dostunu özündən üstün tut” ifadəsini uşaqlara əzbərlədir. İfadənin izahını uşaqlardan soruşur. Müəllimin köməyi ilə uşaqlar “üstün tutmaq” ifadəsinə açıqlama verirlər.
Nəzəri hissənin şifahi möhkəmləndirilməsi mərhələsi:
Müəllim “bölüşmə” və “fədakarlıq” anlayışlarının izahını bitirdikdən sonra sinifə əlavə suallarla müraciət edə bilər:
Qolu sarıqlı sinif yoldağının əyilib ayaqqabısının açılmış ipini bağlamaq nədir?
Qolu sarıqlı dostunun çantasını götürüb onu evinə kimi ötürmək nədir?
Hər iki qolu sarıqlı olan dostunu yedizdirmək, kitabında lazımı səhifəni açmaq, ona geyinməkdə kömək etmək nədir?
Ev işlərində və təsərrüfatda valideynlərinə kömək etmək nədir?
Maraqlı cizgi filminə baxmaqdan özünü saxlayıb, dərslərinə hazırlaşmaq nədir?
Uşaqlar xorla cavab verirlər: fədakarlıq!
Xüsusi qeyd: Uşaqlar suallara düzgün cavab verməyəndə, müəllimə “sən səhvsən”, “ cavab düz deyil” ifadələrini işlətməməlidir. Belə halda “kimin başqa fikri var?”, “Kimsə başqa bir fikir deyə bilərmi?” ifadələrindən istifadə olunmalıdır. Müəllim eyni zamanda düzgün cavabı bilən uşaqlara imkan verməməlidir ki, cavabı düz verməyən uşaqlara gülsün və ya onlara hansısa bir formada təzyiq göstərsin. Müəllim uşaqlara anlatmalıdır ki, hər bir kəsin öz şəxsi fikri ola bilər və ona hörmətlə yanaşılmalıdır. Bu cür yanaşmanın, yəni başqalarının fərqli fikrinə hörmətlə yaşamağın özü də fədakarlıqdır.
Nəzəri hissənin praktiki möhkəmləndirilməsi mərhələsi:
Nahar vaxtı müəllimə uşaqlarla belə bir tədbiri həyata keçirir: uşaqlar evdən gətirdikləri yeməklərinin az hissəsini özlərində saxlayır, qalanlarını dostlarına verir (fədarlıq edərək). Hamı bunu edir. Bütün uşaqlar bunu etdiyi üçün sonda hamıda eyni bərabərdə yemək olur. Müəllimə uşaqlardan istəyir ki, hamı bir birinin yeməyinə baxsın. Kimin qarşısında yemək çoxdursa, qarşısında yeməyi az olan dostu ilə elə bölüşsün ki, hamının qarşısında bərabər həcmdə yemək olsun. Uşaqlar iki qolu sarıqlı uşaqla bağlı səhnəcik (ayaqqabının ipinin bağlanması və ya ounu yedizdirilməsi) göstərirlər
Keyfiyyətlərin möhkəmləndiirlməsi mərhələsi.
Təcrübə göstərir ki, çox vaxt uşaqlar “Anlayışların öyrədilməsi və nəzəri hissənin şifahi möhkəmləndirilməsi mərhələsinə” adi gündəlik dərs, “nəzəri hissənin praktiki möhkəmləndirilməsi mərhələsi”ni isə adi oyun kimi qəbul edirlər. Günün bir neçə saatını uşaqlarla keçirən və onların sinifdə özlərini aparmasını müşahidə edən müəllim, uşaqların qarşılıqlı münasibətində aşkara çıxardığı mənfi halların qarşısını almalı və onlara öyrəndiklərinə əməl etməyə, bölüşmək və fədakarlıq nümayiş etdirməyə çağırmalıdır. Çox yaxşı olardı ki, müəllim davranış qaydalarını ciddi pozan və öyrəndiklərinə əməl etməyən uşağa bunu uşaqların içində deyil, fərdi şəkildə xatırlatsın.
Valideynlərlə iş mərhələsi. Təcrübə göstərir ki, uşaqlara öyrədilən müsbət mənəvi keyfiyyətlər (bizim nümunəmizdə “bölüşmək” və “fədakarlıq”) bəzi hallarda uşaqların real həyatında öz tətbiqini tapmır, tez bir zamanda unudulur. Bu onunla bağlıdır ki, uşaqların məktəbdə qazandıqları mənəvi keyfiyyətlər və qabiliyyətlər ailə və sosial mühitdə lazımı dəstək almır. Bu halda müəllim valideynlərlə iş birliyi qurmalı, onlara uşaqlarla keçirilən mənəvi dərslərlə bağlı məlumat verməli, onların dəstəyini qazanmağa çalışmalıdır. Valideyndən tələb olunur ki, bölüşmək və fadakarlıq kimi keyfiyyətləri ailə və sosail mühitdə nümayiş etdirməkdən ötrü uşağına şərait yaratsın və onu dəstəkləsin.
Vəsilə Nəsirova
İmişli rayonu A.Kərimov adına Bəcrəvan
kənd orta orta məktəbi ibtidai sinif müəlliməsi
Elmi məsləhətçi və rəyçi:
Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru
Paralel.az