Vahid Dünya Sivilizasiyasını formalaşmasında Ümumbəşəri təhsil sisteminin rolu

Vahid Dünya Sivilizasiyasını formalaşmasında Ümumbəşəri təhsil sisteminin rolu
 

Mütərəqqi təlim-tərbiyə və təhsil sistemi cəmiyyəti dəyişdirmək,  maddi və mənəvi rihaf yaratmaq, Sivilizasiyanı tərəqqi yolu ilə aparmaq gücündədir. Təhsilin hər üç forması – intelektual, mənəvi (ruhani) və fiziki, təlim-tərbiyə prosesində tətbiq edilməlidir. Bəhaullah yazır: İnsana qiymətli daşlarla zəngin bir mədən kimi bax. Ancaq təlim-tərbiyə nəticəsində ondakı cəvahirat üzə çıxar və bəşəriyyət ondan fayda götürər.

Nə qədər əhəmiyyətli olsa da, təhsil insanlara yalnız elmi biliklər verməli deyil, onlarda mərhəmət, doğruçuluq, ədalət, əməkdaşlıq, fədakarlıq, etibar, ismət, İnsanlığa və təbiətə sevgi və s. kimi mənəvi keyfiyyətlər  formalaşdırmalıdır. Belə görünür ki, mənəvi tərbiyə elmlərin öyrədilməsindən – intelektual tərlim-tərbiyədən daha vacibdir. Çünki o, qlobal miqyasda insanların mənəvi birliyinin yaradılmasına xidmət edir, düşüncələri dəyişir, cəmiyyəti saflaşdırır. Əbdül-Bəha yazır: Akademik təhsil verən məktəblər eyni zamanda həm də əxlaq mərkəzləri olmalıdır. Yüksək əxlaqi xasiyyət birinci olmalıdır, cünki xasiyyət tərbiyələndirilməyincə, əldə olunan bilik ancaq ziyan gətirmiş olacaq. Bilik ədəbli davranış və yaxşı xasiyyətlə qoşalaşanda bəyəniləndir, əks halda bu ölümcül zəhər kimidir.

Təhsil, Ümumbəşəri olub, planetimizdə azadlıq və tərəqqinin irəlidilməsinə xidmət etməlidir. O, Vahid dünya Sivilizasiyasının yaradılmasına kömək etməli, dini, irqi, etnik, cinsi və digər təssübkeşliklərin, nifrət, aclıq, istismar, ekoloji böhran, yoxsulluq kimi sosial bəlaların kökünü kəsməkdə yardımçı olmalıdır. O, dövlətləri, dinləri, millətləri, irqləri və mədəniyyətləri biri-birindən ayıran sərhədləri və maneələri dağıtmalıdir. Təhsil və təlim-tərbiyə prosesi dünyanın bütövləşməsinə kömək etməlidir. O,  dünya bir vətən və bütün insanlar onun vətəndaşıdır” anlayışını düşüncələrdə həkk etməli, özünü bütün bəşər nəslinə xidmətə həsr edən “dünya vətəndaşını” yetişdirməlidir.

Daha böyük məqsədə sahib olmaq olduqca ruhlandırıcıdır. Təhsilli insanın məqsədi özünə xeyir vermək deyil, yaşadığı ölkəyə, mənsub olduğu cəmiyyətə, bütövlükdə bəşəriyyətə fayda vermək olmalıdır.  Bəhaullah yazır: Yaşadığınız əsrin ehtiyaclarının qayğısına qalın və öz düşüncələrinizi onun ehtiyac və tələbləri üzərində cəmləşdirin. Yaşadığınız günün dərdlərinə baxın və onun ehtiyac və tələblərindən danışın. Bu gün insan o kəsdir ki, özünü bütün bəşər nəslinə xidmətə həsr edir.

Təhsil yalnız hansısa biliklərə və qabiliyyətlərə yiyələnmək deyil. O, insanda ömür boyu onu rahat buraxmayan həqiqəti müstəqıl araşdırmaq və daim öyrənmək ehtirası yaratmalıdır.  Təhsil heç vaxt bitməyən bir proses olmalıdır, onun məqsədi təkcə savadlı olmaq deyil, həm də bitmək bilməyən elmi və mənəvi biliklər dəryasında həyatının sonuna kimi “üzməkdir”. O, həyatının sonuna kimi “Özünütəhsil”, “özünütəlim” vasitəsilə inlektual və mənəvi keyfiyyətlərini daim təkmilləşdirməkdir.

Təhsil ümumbəşəri və icbari olmalıdır. Dünyanın hər bir yerində vahid proqram əsasında təhsil və təlim-tərbiyə həyata keçirilməlidir. Yuxarı siniflərdə (9-11) bəzi fənlərin (riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya) Beynəlxaq dildə keçirilməsi daha çox məqsədə uyğun olardı. Qlobal miqyasda belə bir sistemin tətbiqinin verəcəyi müsbət nəticələri indi təsəvvür etmək belə çətindir. Əbdül-Bəha buyurur: Bütün məktəblərdə təhsil universallaşdırıldıqda, bəşər övladının üzvləri arasında mükəmməl ünsiyyət qurulacaqdır. Hamı eyni cür təhsil aldıqda, müharibənin və çəkişmənin əsasları tamamilə məhv ediləcək. 

Beləliklə, Dünya Sivilizasiyasını sonsuz tərəqqi yolu ilə aparacaq, eyni zamanda dünyada Azadlıq, Qardaşlıq və Mərhəməti erasını bərqərar edəcək ən güclü vasitələrdən biri də Mütərəqqi Vahid Ümümdünya Təhsil sisteminin yaradılmasıdır.

Azər Cəfərov

Bəhai dini icmasının 

ictimai Əlaqələr ofisinin koordinatoru

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

 

 Paralel.az 

 

0.025536060333252