Sevdiyin insanın xasiyyətindəki zəif və güclü cəhətləri bilmək də çox vacib şərtdir. Səndən gələcək həyat yoldaşının xasiyyətini hərtərəfli tanımaq tələb olunur. Əbdül-Bəha yazır: Bəhai nikahı iki tərəfin bir-birinə bağlılığı, ağıl və qəlblərin bir-birinə bağlanmasıdır. Bununla belə, hər biri digərinin xasiyyəti ilə hər tərəfli tanış olmaq üçün son dərəcə diqqətli olmaldır ki, onların arasında bağlanan əhdi-peyman əbədi qalacaq bir bağ olsun.
Müasir dövrdə insanlar materialist cəmiyyətin sırıdığı zahiri əlamətləri əsas götürüb, daxili keyfiyyətlər kimi insanın həqiqi mahiyyətinə bağlı şərtləri arxa plana keçirirlər. Bu da uyğunsuz adamların tələsik evlilik qərarı verməsinə və bunun ardınca boşanmalara gətirib çıxarır. Evlilik qərarı verməzdən əvvəl qarşı tərəfin daxili dünyası haqda məlumatlı olmaq da vacibdir: tərəflərin stess və çətinliklər zamanı təmkin və xeyirxahlıqlarını saxlamaq qabliyyəti, qarşı tərəfin əqidə və dünyabaxışına dözümlülüyü, ədalət və doğruçuluğun qabarıqlığı, fədakar xidmət ruhu, ailə və gender münasibətləri haqqında agahlığı və s. Bu, yüksək insani standarlar kmi görünə bilər. Lakin biz cütlüklərin xoşbəxtlik, əmin-amanlıq, sevinc, fiziki və mənəvi zövqlər içində yaşadığı “harmonik ailə” haqqında danışırıqsa, tərəflərdə bu keyfiyyətlərin olması tələb olunur.
Eşq yaşadıqdan və bir birinin xasiyyətinə bələd olduqdan sonra növbəti mərhələ valideynlərin razılığının alınmasıdır. Bu, qızın əlini atasından istəmək kimi bəzi xalqlardakı qədim adət kimi görünə bilər. Bəhai təlimində bu həm atalara, həm də analara eyni dərəcədə aiddir: həm oğlanın, həm də qızın valideynləri bu nikaha razılıq verməlidirlər. İki ailə arasında ittifaqın yaranması cütlüklər arasında birliyi daha da gücləndirir. Bəhaullah yazır: Biz bəndələrimiz arasında sevgi, birlik və harmoniyanı bərqərar etmək üçün ər-arvadın istəyi məlum olduqdan sonra aralarında ədavət və nifrətin yaranmaması üçün valideynlərin icazəsi ilə evliliyi şərt etdik. Əbdül-Bəha bu dini qanunu bu cür izah edir: əvvəlcə sən xoşuna gələn birini seçməlisən, sonra məsələ ata və ananın razılığından asılı olacaq. Sən öz seçimini etməmişdən əvvəl onların müdaxilə etməyə haqqı yoxdur.
Bu qanuna görə valideynlər övladlarının seçim məsələsinə qarışmamalı, öz “namizədlərini” övladlarına sırımamalıdırlar. Beləliklə, Bəhai nikahı yalnız könüllü deyil, həm də hamının xeyir-duası və razılığı ilə bağlanır və cütlük və onların ailələri arasında davamlı sevgi bağı yaradır.
Gündəlik ailə həyatında aparıcı münasibətlərdən biri də nəzakət və nəciblikdir. Nəzakət ehtiram doğrurur, ehtiram isə dostluq və birliyi gücləndirir. Bəhaullah buyurur: Ey Allahın xalqı! Mən sizə nəzakətli olmağı tövsiyə edirəm, çünki o, fəzilətlərin hökmdarıdır. Kim nəzkətli olarsa, şübhəsiz ki, ən uca məqama çatmışdır. Uşaqların və valideynlərin iştirakı ilə ailədaxili məşvərət mədəniyyətinin gözlənilməsi harmonik ailənin yaradılmasında güclü amil kimi çıxış edir. Bəhai Yazılarında deyilir: Əzm, fədakarlıq, qarşılıqlı hörmət, əməkdaşlıq etmək və bağışlamaq istəyi, səmimi və sevgi dolu məşvərətin aparılmasını tələb edir. Hər kəs rahatlıq, həzz və sevinc halında xoşbəxt ola bilər, amma bəla, sıxıntı və xəstəliyin hökm sürdüyü vaxtda şadlıq və səbr olarsa, bu, nəcibliyin göstəricisidir. Beləliklə, evliliyin məqsədi ailədaxili mənəvi həyatı yaxşılaşdırmaqdan ibarətdir. Əbdül-Bəha deyir ki, ailə mənəvi fəzilətlərin tətbiq edildiyi və təkmilləşdirildiyi “emalatxanadır”. O, yazırdı: Sevgi və razılıq ailədə təzahür edərsə, o ailə irəliləyəcək, işıqlı və ruhani olacaq. Bütün fəzilətlər ailəyə öyrədilməlidir.
Ailə nədir? Bu, yaratmalı olduğumuz bir şəbəkəmi, yoxsa xoşbəxt olmaq üçün birlikdə vaxt keçirən iki aşiqin əldə etdiyi fürsət? əslində evlilik fiziki münasibətlərdən çox kənara çıxır. Bəhai yazılarının heç bir yerində “can yoldaşı” ifadəsinə rast gəlinmir. Lakin inanmalıyıq ki, hardasa “ruh yoldaşımız” vardır. Bu “ruh yoldaşımız” fiziki, mənəvi, emosional cazibəsinə düşdüyümüz həmin o şəxsdir ki, həyatımızın son anına kimi onunla birgə olmaq istəyirik. Əbdül-Bəha yazır: Allah qadın və kişini ən yaxın yoldaş və tək bir can kimi yaratmışdır. Onlar bir-birinin rifahı üçün qayğı göstərməli olan iki köməkçi, iki yaxın dostdur. Ər və arvad həm fiziki, həm ruhən birləşsinlər ki, onlar bir-birlərinin mənəvi həyatını daim təkmilləşdirsinlər və Allahın bütün aləmlərində əbədi birlik əldə etsinlər.
Azər Cəfərov
Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru