AMEA-nın qalmaqallı yataqxanasının əsaslı təmirinə başlanılır

AMEA-nın qalmaqallı yataqxanasının əsaslı təmirinə başlanılır
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərifzadə küçəsi 12 ünvanında yerləşən yataqxanasının 9 mərtəbəli binasında əsaslı təmir işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.

Qeyd edilib ki, təmir işlərinə ilkin olaraq birinci mərtəbədən başlanılacaq. Bildirilib ki, təmir işləri zamanı yataqxanada yaşayan ailələr köçürülməyəcək.

Yataqxanada mövcud olan 118 mənzildə hazırda 118 ailənin yaşadığı bildirilib.

Xatırladaq ki, yataqxanada yaşayan AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə AMEA ilə “Evrostroy-S” MMC arasında yataqxana ərazisində yeni yaşayış evlərinin tikintisi barədə 2012-ci ilin noyabrın 14-də müqavilə bağlanıb. Bu müqavilə sonradan akademiya üçün əsl problemə çevrilib.

Çünki “Evrostroy-S” MMC yataqxana ərazisində inşa edilən binalarda boş mənzillər qalmadığını bildirərək sonralar Bakının kənar hissələrindəki yaşayış məntəqələrində və digər ünvanlarında yeni inşa edilən binalardan da mənzillər ayırıb.

Belə olan halda isə bəzi alimlər mənzil bölgüsünün şəffaf aparılmadığını iddia ediblər.

Bu zaman araşdırmalar aparılıb və yataqxanada adına otaq olub özü isə başqa yerdə yaşayan xeyli sayda ailə qeydə alınıb. Bundan sonra AMEA mənzil bölgüsü və yataqxana təminatı ilə bağlı daha ciddi tədbirlərə başlayıb.

AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən yataqxanada boşalan otaqlara AMEA-nın magistrləri və doktorantları təhsil aldıqları müddətə və kirayələrdə yaşayan digər AMEA əməkdaşları isə işlədikləri müddətə, qeydiyyata alınmadan yerləşdirilirlər. Onlarla qanunvericiliyə müvafiq qaydada bir il müddətinə müqavilə bağlanır.

 

0.033597946166992