Beyin çipi yerləşdirildi, tam sağaldı - Mask

Beyin çipi yerləşdirildi, tam sağaldı - Mask
 

ABŞ-ın "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu İlon Mask beyin çipi implantasiya edilmiş ilk pasiyentin sağaldığını və artıq sərbəst şəkildə kompüterdən istifadə etdiyini bildirib.

“Reuters” agentliyi xəbər verir ki, Mask “X” sosial media platformasında keçirilən “Spaces” tədbirində deyib: "İrəliləyiş yaxşıdır və xəstə tam sağalıb, bizə verilən məlumatda bildirilib ki, çipin heç bir pis təsiri yoxdur. Xəstə kompüter “siçanı”nı ekran ətrafında hərəkət etdirə bilir".

Mask əlavə edib ki, şirkətin mütəxəssisləri pasiyentin əqli imkanlarını daha da genişləndirmək üzərində işləyirlər.

Ötən ilin sentyabrında insan üzərində sınaqlar üçün lisenziya alan firma bu ilin yanvarında ilk insana uğurla beyin çipi implantasiya edib. “Neuralink” beyin-kompüter interfeysi implantını cərrahi olaraq beynin hərəkət etmək niyyətini idarə edən bölgəsinə yerləşdirmək üçün robotdan istifadə edib.

Maskın “Neuralink” şirkəti üçün böyük ambisiyaları var və bildirib ki, bu əməliyyatlar piylənmə, autizm, depressiya və şizofreniya kimi xəstəliklərin müalicəsini asanlaşdıracaq.

Keçən il təxminən 5 milyard dollar məbləğində qiymətləndirilən “Neuralink” şirkəti təhlükəsizlik protokolları ilə bağlı bir çox yoxlamalarla üzləşib. Firma ötən ay ABŞ Nəqliyyat Departamentinin təhlükəli materialların daşınması ilə bağlı qaydalarını pozduğuna görə cərimələnib.

 

0.013303995132446