"Neftçi" əfsanəsinin "Qarabağ"a yollanmasının pərdəarxası bütün detalları - 14 il əvvəl nələr baş verib?
Zaur Tağızadə - Azərbaycan futbolunun “Qızıl oğlan”ı.
Mingəçevir “Kür Nur"da futbola başlayan, ardınca qısa müddət Estoniya və İslandiyada legioner həyatı yaşayan, “Şəfa”da parlayıb, MOİK-də hərbi xidmət çəkən və hər kəsin “Neftçi”li kimi tanıdığı veteran futbolçu.
Bəli, uzun müddətdir “Qarabağ”ın məşqçilər korpusunda yer alan Tağızadəni hər kəs “ağ qaralar”ın sadiq futbolçusu kimi xatırlayır.
O, zamanında “Neftçi”yə görə əzəli rəqib “Xəzər Lənkəran”ın milyonluq təklifinə "yox" deyən adam olub.
Bu gün 45 yaşı tamam olan “22 nömrə” daha çox yaddaşlarda 1999-cu ildə Bakıda Portuqaliyaya qarşı oyunda topu məşhur Vitor Bayanın ayaqları arasından keçirib baxımlı qola imza atması ilə qalıb.
“Neftçi”də və milli komandada parlaq oyunları ilə azarkeşlərin könlündə taxt quran yarımmüdafiəçinin karyerasını başa vurması isə heç də ürəkaçan notlarda olmayıb.
Belə ki, bu gün də internet qaynaqlarında axtarış verəndə “Zaur “Neftçi”dən qovuldu” tipli başlıqlar qarşımıza çıxır.
Bəs əsl həqiqət necə olub? Həqiqətənmi klub üçün böyük xidmətləri olmuş Zaur Tağızadə “Neftçi”dən qovulub?
Suala cavab tapmaq üçün 14 il əvvələ qayıdıb, o zamanlar “Neftçi”nin baş məşqçisi olmuş Arif Əsədovla söhbətləşməyə qərar verdik.
Hazırda Azərbaycan millisinin məşqçisi kimi çalışan mütəxəssis söhbətə “Qızıl oğlan”ı təbrik etməklə başladı.
- Əvvəlcə Zauru təbrik edirəm. Ona can sağlığı, işlərində uğurlar arzu edirəm. Mənim onunla bağlı yalnız xoş təəssüratlarım var. Oyunçu kimi bir yerdə çıxış etmişik. Düzdü, o cavan idi. Amma öz oyunu ilə təcrübəli futbolçuların da rəğbətini qazana bilmişdi. Sonrakı illərdə də Azərbaycan futboluna çox faydası dəydi.
- Bəs 14 il əvvəl klubun ən önəmli fiquruna komandada niyə yer tapılmamışdı?
- O dönəmlər Zaurla danışıqlarımız olmuşdu. Özü də bilirdi ki, problemlər aldığı zədələrlə bağlı idi. Süni örtükdə oynaya bilmirdi. Getməyini nə mən, nə də rəhbərlik istəyirdi. Hətta klubun prezidenti Sadıq Sadıqov klubun avtobusuna Zaur Tağızadənin şəklinin vurulmasını şəxsən tapşırmışdı. Bu onun "Neftçi"yə olan xidmətlərinin qarşılığında bir hörmət əlaməti idi.
- Amma sonda göndərildi...
- Göndərilməsindən isə söhbət gedə bilməz. Təkcə futbolçu kimi qalması yox, ona başqa təkliflər də olmuşdu. Məsələn, məşqçi kimi işləməsi təklif edilmişdi.
- Bəs niyə getdi?
- Ayrılmaq öz seçimi oldu. O dönəm Samir Əliyevdə də oxşar durum vardı. Samir də zədədən əziyyət çəkirdi. Yeni rəhbərlik qarşıya yeni məqsədlər qoymuşdu. Bu futbolçular isə daim əsas heyətdə oynamış liderlər idi. Onlara bildirildi ki, zədələrə görə bəzi məqamlarda ehtiyatda qala bilərsiniz. Ayrılmaqla bağlı yekun qərarı özləri verdi. Amma hər ikisinə də xidmətlərinə görə məşqçi kimi komandada qalmaq təklif olunmuşdu.
- Sonrakı illərdə Tağızadə ilə aranızda soyuqluq oldu?
- Xeyr, heç vaxt aramızda narazılıq olmayıb. İndi də üz-üzə gələndə görüşürük. Futbol həyatında bu şeylər olub və olacaq da. Normal bir prosesdir. Düşünmürəm ki, hansısa tərəfin ürəyində bir kin olsun. Mənim aləmimdə olmayıb, ola da bilməz.
- Amma niyəsə bu gün də internet qaynaqlarında axtarış aparan zaman, o dönəm Zaurun “Neftçi”dən göndərilməsi qərarını sizin verdiyiniz yazılır...
- Əsla belə olmayıb. Bunu Sadıq müəllimdən də soruşa bilərsiniz. Həm rəhbərlik, həm də biz Zaurla uzun söhbətlər etmişdik. Qovulmaq söhbəti ola bilməz. Mən də futbolçu olmuşam. Bunun nə demək olduğunu yaxşı bilirəm. Bir komandada əziyyət çəkəsən və səni klubdan qovalar... Belə bir şey ola bilməz.
- Futbolçu kimi qalmasına cəhd olunmuşdu?
- Təbii ki, futbolçu kimi də qalmasına cəhd olundu. Amma o oyunçular daim əsas heyət futbolçuları olub. Klubda liderlik ediblər. Sadəcə zədələr və süni meydanda oynamağa icazə verilməməsi baxımından belə qərar verildi. Belə futbolçuların ehtiyatda oturması da onlara pis təsir edəcəkdi. Bütün bunlar danışılıb sonda qərar verildi.
- Belə başa düşdüm ki, Zaur futbolçu kimi qalsa, daha çox ehtiyat oyunçular arasında yer almaq ehtimalı barədə xəbərdarlıq alıb və o da getməyi seçib?
- Bəli.
- Futbol ictimaiyyəti hələ də düşünür ki, Zauru bir neçə il də futbolçu kimi izləyə bilərdik. Qərarı xatırlayanda bir peşmanlıq keçirirsiz?
- Əgər "Neftçi"dən gedib hardasa oynasaydı razılaşardım ki, oynamaq istəyirmiş. Amma sağlamlıq hər şeydən vacib olduğu üçün bu yöndə danışıqlar gedirdi. Futbolçu kimi lazım idi. Sadəcə qarşılaşa biləcəyimiz çətinliklər də müzakirə olunmuşdü. Məşqçi kimi "Neftçi"də qala bilərdi. Amma sonradan gedib "Qarabağ"da işləməyi seçdi. Yəni futbolçu kimi "Neftçi"dən qovulması olmayıb. Bu gün də oxşar durumla üz-üzə qalsaq, məsələyə eyni cür yanaşardım. Zaur ən önəmlisi insan kimi yüksək hörmətə layiqdir. Hər bir məşqçi elə bir köməkçinin yanında olmasını istəyər. Alnım açıqdır. Nə zaman üz-üzə gəlsək görüşürük. Aramızda heç bir problem yoxdur.