Ev alarkən bu detala da diqqət edin - AÇIQLAMA
Bakının demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təqdim olunan mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat fərqlənir.
İnsanların panorama üçün sərvət ödəməyə hazır olmasının bir səbəbi də var - bu, əmlaka dəyər əlavə edir. Lakin zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar sürətli gedən inkişafın gələcəkdə həmin mənzərəyə gətirə biləcəyi riski ölçüblərmi?
Bəs bu cür mənzillərin qarşısında başqa bir bina tikildikdə və ya vəd edilən panorama hər hansı səbəbdən bağlandıqda alıcının hüquqları necə qorunur?
“Qafqazinfo” bu suallara cavab tapmaq üçün “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə əlaqə saxlayıb.
R.Osmanlı bildirib ki, burada hüquqların qorunması məsələsi əksər hallarda pozulur: “Dəniz mənzərəli ərazidə yerləşən yaşayış kompleksi ilə bağlı tikinti şirkəti vətəndaşlara maraqlı layihə təqdim edir və bütün binalardan dəniz mənzərəli mənzillərin olması ilə bağlı vədlər verir. Birinci binalar tikilib satıldıqdan sonra isə ortaya yeni sürpriz çıxır ki, həmin binaların qarşısında başqa binalar da tikiləcək və bu, görüntü məsələsinə ciddi problem yaradacaq. Bu halda vətəndaş baha qiymətə aldığı mənzili məhkəmə qaydasında geri qaytarmaq barədə düşünə bilər. Təəssüf ki, əksər hallarda bu hal baş vermir, çünki mənzillər müqavilə ilə alnır və s. Bir çox hallarda isə istehlakçı düşünür ki, məhkəməyə get, vəkil tut, müəyyən qədər xərc çək, vaxt, enerji, əsəb itkisi... Bu, həqiqətən ciddi problemdir və hesab edirəm ki, Azərbaycanda tikinti şirkətləri tərəfindən daha çox istehlakçıların aldadılması və onların hüquqlarının pozulması elementi kimi qəbul oluna bilər”.
Mövzu ilə əlaqədar daşınmaz əmlak məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, vətəndaş mənzil alanda panorama böyük rol oynayır: “Burada mənzilin hansısa meşəyə, dənizə baxmasından əlavə, evin işıqlandırılması da rol oynayır. Paytaxt ərazisində sıx tikilmiş massivlər, binalar var ki, evin işıqlanması və günəş işığının düşməsində ciddi problemlər yaşanır. Bu baxımdan həmin ərazilərdə satış qiymətləri nisbətən ucuz olur. Bir çox hallarda isə vətəndaşlar dəniz mənzərəli mənzil alırlar, amma bəlli zamandan sonra həmin binanın qarşısında başqa bina inşa edilir. Baha qiymətə alınan mənzil öz dəyərini itirir. Tikinti şirkətləri bu baxımdan heç bir məsuliyyət daşımırlar. Çünki şirkət sırf tikdiyi mənzili satır və ona cavabdehdir. Burada zərər görən tərəf istehlakçı olur”.
E.Fərzəliyev vurğulayıb ki, bu cür məsələlərdə vətəndaşlar özləri birmənalı olaraq ayıq-sayıq olmalıdırlar: “Mənzil alınanda sənədləşmə, hüquqi tərəf və digər tərəflərlə bağlı mütəxəssisə müraciət olunmalıdır. Vətəndaşlar əgər panoramanın, görüntünün qarşısının kəsilməsini istəmirlərsə, binanın qarşısında hər hansı inzibatı binanın olmasına diqqət etməlidirlər. Məsələn, mənzilin qarşısında sökülməyəcək orta məktəb, uşaq bağçası və ya dövlət binası olmalı və ya mənzil hansısa magistral yola, parka baxmalıdır. Pəncərədən baxıb harasa görünür deyə mənzil almaq yox araşdırmaq, düşünmək lazımdır”.