Ali Məhkəmə bağlanan bankın ləğv planını təsdiq etmədi 

Ali Məhkəmə bağlanan bankın ləğv planını təsdiq etmədi 
 

Ali Məhkəmə ləğv prosesində olan “AGBank”ın 2023-cü ilin III rübü üzrə ləğv planının təsdiqi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edib.

Bu barədə bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat yayıb. 

Onun sözlərinə görə, Əmanatlərin Sığortlanması Fondu şəffaf formada müflis bankların əmlakını cəld və baha satmalı, verdiyi kreditləri tam və tez qaytarmalı, habelə bütün bu işlərə az pul xərcləməlidir ki, kreditorlara (bankda pulu qalanlara) mümkün qədər daha çox vəsait qaytara bilsin: "Lakin Fond əksini edir: bankın olan-qalan əmlakının da başına daş salır! Üzərində də heç bir nəzarət yoxdur. Fondun rəhbəri Tural Piriyevi sorğu-suala tutanda da uzaqdan başlayır: “Bilirsiz, elə dünən filankəs müəllimlə nahar edirdim...” – məşhur holdinqin rəhbərinin adını çəkir. Bununla da özünü elə qələmə verməyə çalışır ki, guya etdiyi qanunsuzluqları “yuxarılarla” razılaşdırılmış şəkildə edir. Ali Məhkəmənin son qərarı onun bu yalanlarına və spekulyasiyalarına son qoydu".

Hüquqşüas deyir ki, Fondun özbaşınalığı yalnız Kreditorlar Komitəsinin, yəni bankda pulu qalanların nəzarəti sayəsində dəf edilə bilər: "Bütün sivil dünyada belədir. Lakin Fond kreditorlara heç bir məlumat vermir, hətta rüblük ləğv planlarını belə rüb bitəndən sonra apellyasiya məhkəməsinin təsdiqinə verir. Məsələn, ötən ilin III rübü üzrə ləğv planını IV rübdə təsdiqə vermişdi. Etirazıma baxmayaraq Bakı Apellyasiya Məhkəməsi həmin “plan”ı qərardadı ilə təsdiq etdi. Halbuki, plan keçmiş yox, gələcək barədə olmalıdır. Üstəlik məhkəmə Kreditorlar Komitəsinin sədri olaraq sənədlərlə tanış olmağıma da imkan vermədi. Bax, həmin bu qərardadı Ali Məhkəmə ləğv etdi".

"Ümid edirəm ki, bütün müflis bankların kreditorlar komitələrinin bundan sonra faktiki sahibi olduqları bankların vəziyyəti barədə məlumata çıxışları olacaq və bu Fond üzərində normal nəzarət olacaq. Odur ki, müflis banklarda pulu qalanlar daha fəal olmalıdırlar", - deyə Ə. Həsənov qeyd edib.

 

0.041581869125366