İslam bançılığın açıldığı zaman uğurlu olmaq ehtimalı yüksəkdir - EKSPERT

İslam bançılığın açıldığı zaman uğurlu olmaq ehtimalı yüksəkdir - EKSPERT
 

Dünyada islam bankçılığından istifadə olunması təcrübəsi var. Azərbaycanda da islam bankçılığın yaradılması mövzusu aktualdır. Bunun üçün müəyyən addımlar da atılıb. Bəs Azərbaycanda islam bankçılığının uğurlu olması, onun kifayət qədər müştərisi olması nə dərəcədə realdır?

Bu barədə Valyuta.az-a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bildirib ki, 2022-ci ildə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənməsi İctimai Birliyi tərəfindən aparılan tədqiqatlarda Azərbaycanda islam bankçılığının tələbi öyrənilib: 

“1000 nəfər sahibkar və 20 peşəkar mütəxəssis arasında sorğu keçirilib və bir neçə tapıntılar əldə olunub. Tapıntılar ondan ibarətdir ki, birinci olaraq Azərbaycanda islam bankçılğı açıldığı təqdirdə bu sahənin maliyyə həcmi 800 milyon və 1 milyard 200 milyon arasında dəyişə bilər. Müştəri həcminin 35 mindən artıq olması planlaşdırılıb. Ümumilikdə, bu, Azərbaycanın maliyyə bazarında 10 faizə qədər əlavə müştərinin islam bankçılığından istifadə etməsi deməkdir”. 

R.Atakişiyev qeyd edib ki, islam bançılığın açıldığı zaman uğurlu olmaq ehtimalı yüksəkdir: 

“Tədqiqatlar onu göstərir ki, bu günə qədər 29 faizə yaxın sahibkar faiz haram olduğu üçün mövcud bank əməliyyatlarından istifadə etmir. Və 37 faiz müştəri dini inanclarına görə istifadə etmək istəmədiyi halda, məcburiyyətdən bank məhsullarından istifadə edirlər. Sorğu nəticəsində məlum olub ki, 82 faizə yaxın şəxs islam bankçılığı açıldığı halda, onun məhsullarına maraq göstərəcəklər. Tədqiqatlarda o da məlum olub ki, islam bankçılığı məhsullarından istifadə edən zaman sahibkarların çoxu şəxsi məlumatların açılmasına razılıq veriblər”. 

“İslam bankçılığının Azərbaycanda açılması öz kapitalı olmayan iş adamlarının maliyyələşməsi baxımından da əhəmiyyətlidir. İstehlak kreditlərinin əhatəsinin genişlənməsi baxımından əhali üçün də faydalıdır. Mikro, kiçik, orta və böyük sahibkarlıq üçün əlavə maliyyə mənbəyi baxımından əhəmiyyət kəsb edir. 

Ümumiyyətlə, 2024-2026-cı illər islam maliyyə sektorunun inkişafı üzrə dövlət proqramı qəbul olunub və müvafiq olaraq, qanunvericiliyin hazırlanması hədəfləri qoyulub. Azərbaycanda islam bankçılığı açıldığı zaman ilkin olaraq maraqlı olan bankların pəcərəsi şəkilində, gələcəkdə isə ayrı-ayrı bankların açılması gözlənilir” - deyə, o, əlavə edib.

 

0.015778064727783