MƏNƏVİYYATIMIZIN QƏNİMLƏRİ - Millətin gədalaşmasını istəyən harın məmur təbəqəsi ölkəni uçuruma aparır
Ötən əsrin lap əvvəllərində cəfakeş Sabirimiz düçar olduğumuz bəlanı bircə cümlə ilə qələmə almışdı.: “Əlqövm uruslaşma ilə zişərəfiz biz!” Sözün mənasını əlbəttə ki, biz rəiyyət bilmərik, bunu ancaq YAP-ın kübarları başa düşərlər.
Çarizm dövründə heç bir idarədə, heç bir müəssisədə dilimiz işlədilməsə də ruslaşdırma o qədər də vüsət almamışdı. Bizim mənliyimizə, dinimizə, adət-ənənələrimizə ən ağır zərbə məhz kommunist diktaturası qurulandan sonra dəydi. Bərabərlik, beynəlmiləlçilik, vicdan azadlığı, ədalət prinsipi, daha nələr, nələr, qulaqda gözəl səslənən nə qədər desəniz sözlər, şüarlar vardı. Amma kimin hünəri vardı rus xalqının kulturtreyger missiyasına, qüdrətinə, onun əsl xilaskar olmağına şəkk gətirəydi? Azərbaycanın tarixçisi nə qədər sədaqətini sübut etsə də, işarə olmadan rus dövlətinin bir generalı, çarı, elm, dövlət xadimi barədə ikicə kəlmə açıq-saçıq söz işlədə bilməzdi. Bizim ziyalı heç deyə bilərdi ki, rus xalqının bütə döndərdiyi Suvorov şərəfi, azadlığı naminə ayağa qalxmış polyakların, başqırdların, Şimali Qafqaz müsəlmanlarının ümmanlar qədər qanını töküb?!
Müdafiəsiz qalan sahil kəndlərini darmadağın edib, cavan qız-gəlinləri qul kimi əsir götürərək Rusiyanın təhkimçi boyarlarına satan Stepan Razinn “şücaətlərindən” bizim hansı qələm yiyəsi yazıb? Mən hələ Qafqaz müharibələri dövründə yüzlərlə aulu, kəndi alt-üst edərək, ancaq kərənti, yaba, dəhrə, balta ilə silahlanmış kəndistan əhlini ucdan tutma güllələyib qılıncdan keçirmiş Yermolovdan, Gəncə qatili Sisianovdan, Lənkəranın tabe olmayan mərdlərini qətlə yetirmiş Kotlyaverskidən, azğınlaşmış Pasxeviçdən danışmıram. Qatı millətçi rus tarixçisi Salyan kəndlilərinin iki gün qəhrəmancasına vuruşub baş əymədiklərindən yazırdı, bizim lakeylər susurdular. Bakı qatillərini, komissarları aparan “Türkmənistan” gəmisinin şəninə şeir yazan naqis rus qrenadyorlarının qarşısında əyilməyən igidləri tərifləyə bilərdi?
Kimi tərifləməyi, kimisə söyüb biabır etməyi Moskva müəyyən edirdi. Qafqazın iftixarı Şeyx Şamillə bağlı əhvalatlar yaxşı yadımdadır. Kütləvi qırğınlardan sonra dağlıların könlünü almaq üçün əvvəlcə müridizm hərəkatını tərifləyib göylərə qaldıranlar, sonra küləyin səmti dəyişən kimi Şeyx Şamili Osmanlı dövlətinin, ingilislərin casusu elan etdilər.
Azərbaycan tarixçiləri bolşeviklərin xoşuna gəlməyən çarları söyüb təhqir etsələr də I Pyotrun adını çəkməkdən çəkinirdilər. Yırtıcı rus imperiyasını yaradana başqa millətin nümayəndəsi yaxınlaşa bilməzdi. Azərbaycanın qələm sahibi nədən yazsaydı, kimdən danışsaydı mütləq marksizm-leninizm klassiklərindən sitatlar gətirməli idi.
Ötən əsrin 50-ci illərində universitetin tarix fakültəsində oxuyurdum. Gecəm-gündüzüm raritetlərin saxlandığı fondlarda keçirdi və günlərin bir günü onu “kəşf” etdim ki, tələbəsi olduğum fakültədə nə qədər istəsən forslu, ədalı professor, namizəd var, amma elmdən, əsl tarixdən əsər-əlamət yoxdur.
Bir-iki semestr qədim və orta əsrlər tarixi üzrə mühazirələr oxunardı. Müəllimlər kim idi? Repressiyaların nə olduğunu bilən, kölgələrindən hürkən bir-iki yaşlı alim.
Rus bölməsində oxuyanların işi yaxşı idi. Külli miqdarda ədəbiyyat onların ixtiyarında idi. Azərbaycanlı tələbələrin əksəriyyəti rus dilini bilmirdi, doğma dillərində nə dərslik vardı, nə ədəbiyyat. Bizimkilər hıqqanıb güc-bəla ilə üç cildlik Azərbaycan tarixini buraxdılar. Üçü də üç qara qəpiyə dəyməzdi... İllər ərzində bir tutarlı elmi əsərin rəngini görməmiş azərbaycanlı gənc bu miskin cildlərlə qane olmalı idi. Moskvanın nəzarəti altında işləyən bütün kanallarda gecə-gündüz anti islam, antitürk təbliğat vüsətlə davam edirdi. Böyük tirajlarla buraxılan psevdotarixi bədii əsərlər, saysız-hesabsız filmlər, ordenli, medallı manqurt ordusu (bu şərəfsizləri tərifləyən lakey güruhu da yetişdi) əvvəl-axır gəncliyi mənən şikəst edə bildi.
Azərbaycanlı uşaq Pavlik Morozova oxşamalı, gənci bayramlarda Şaumyanın, Bakının yandırılmasını tövsiyə etmiş manyak Leninin heykəlləri qarşısına əklillər qoymalı idi. Bunlar da olurdu. Erməni illər boyu öz içində nifrəti, kini qoruyub saxlamağı bacarır və yeri gələndə öz işini görür. Onların qisasçıları bütün dünyanı Türkiyənin görkəmli xadimləri üçün dar etməmişdilər? Hamı bilir ki, Qarabağ ermənilərinin Ağdam camaatı ilə öz haqq-hesabları vardı. İmkan düşən kimi rus ağalarını da işə salaraq məhşəri bərpa etdilər. Qafqazın tarixində görünməmiş hadisə vaqe oldu, şəhər yer üzündən silindi, insanlar qırıldı, sağ qalanlar pərən-pərən düşdülər. Ermənilər daha rəzil əmələ də qol qoydular, millətin görkəmli şəxsiyyətlərinin də, şəhidlərinin də məzarları dağıdıldı. Hamı gözləyirdi ki, Rusiyada, Bakıda neynim demədən yaşayan ermənilərin günləri qara olacaq. Amma birinin də kefi pozulmadı. Əvvəlki kimi restoranlarda “Havalandı Xanın səsi, Qarabağın şikəstəsi” ... “Göbək rəqsləri” müsabiqələrini ermənilərlə birgə biznesi qırağa qoyub cihada qalxmaq axmaqlıq sayıldı.
...Yanvar qətlamından 34 il keçdi. Şəhidlər xiyabanına yaxşı əl gəzdirildi, nə qədər şeir yazıldı, musiqi bəstələndi, dil pəhləvanları o ki var üyüdüb tökdülər. Birinin ağzından “rus” sözü çıxmadı. Hamı ancaq “Sovet” sözü işlətdi. Bakının küçələri qana bələndi, nə qədər ana, gəlin saç yoldu, qara xonçalar yan-yana düzüldü, bir qələm yiyəsində kişilik tapılmadı ki, desin, qatillər rus əsgər və zabitləri idi. Hamı tutuquşu kimi “sovet” sözünü təkrar edirdi. Öz milləti tərəfindən də lənətlənmiş , tarixin zibilliyinə atılmış Qarabaçovu söymək lazım deyildi.
Rus qoşunlarının təkidlə Bakıya çağıranların adları heç yerdə çəkilmir, mən hələ böyük ustalıqla layiq olduqları cəzadan yayındırılmış çayxana “inqilabçılarından”, “Burada durun, indi sizə silah gətirəcəyik!” deyən fitnəkarlardan, müxtəlif bəhanələrlə xalqdan yığılmış astronomik məbləğlərdən daha danışan yoxdur. Bəziləri soruşa bilər, niyə mən təkidlə eyni məsələlərə qayıdıram? Sadəcə ona görə ki, qəddini dikəldən Azərbaycana qarşı səlib dünyasının növbəti yürüşü daha böyük məkrlə başlayıb.
Bəli, bəli düz oxudunuz. Bizlərə çoxdan diş qıcamış Moskva irticasına da, səlib dünyasına da Azərbaycanın imkanlı təbəqəsinin azğınlaşması, gəncliyinin də, orta təbəqəsinin də, sürətlə gədalaşması, yəni, pleybeyləşməsi hava və su kimi lazımdır. Tarixçilər yaxşı bilirlər ki, dünyaya hökm edən Roma dövlətinin süqutu nədən başladı. Respublika dövrünün sərt, amma ədalətli qanunları kəsərdən düşən gündən cəmiyyətin əxlaqı da pozuldu. İşğal edilmiş ölkələrdən əldə olunan sərvətlər, paytaxta dörd tərəfdən daşınan nemətlər, ərzaq şəhər əhlini bir növ tüfeyli etdi. Çox az adam bilir ki, Romanın on minlərlə sakininə çörək havayı paylanırdı. Kolizeydən iki qat böyük nəhəng sirkdə qladiatorların döyüşləri özgə aləm idi. Əhalinin hörmətini qazanmaq üçün imperatorlar, diktatorlar çoxlu xərc çəkib onlarla qladiatoru meydana çəkirdilər. Qan su yerinə axırdı, bu Roma əhlinin ən sevimli əyləncəsi idi. Ucuz çaxır, havayı çörək, bir az da başqa qəlyanaltı, ye, iç sonra da insanların bir-birilərini doğramalarına tamaşa elə. İmperatora, Roma senatına insanlıq simasını itirmiş belə kütlə lazım idi. Belə kütləni idarə etmək, onun enerjisini istənilən istiqamətə yönəltmək çətin deyildi.
...Kübar təbəqənin fantastik eyş-işrəti haqqında tarixdə elə məlumatlar var ki, adam oxuduğuna inanmır . İşğal edilmiş yerlərdən ən gözəl qızlar, oğlanlar birbaşa kübarların villalarına aparılırdı. Uşaqbazlıq, homoseksualizm ayıb sayılmırdı.
Vaxtilə legionda adi əsgər kimi qulluq etmək şərəf sayılırdı. Üzərində günəş batmayan nəhəng dövlətin ərazisində hərbi qulluq zarafat deyildi. Hələ tez-tez baş verən toqquşmalar... Belə ki, hər legionerin həm döyüşdə həlak olmaq, həm də ad-dan qazanmaq şansı vardı.
Bir tərəfdən ideoloji boşluq, bir tərəfdən də hakim zümrənin reallığı dərk etmədən kefə uyması süqutun təməlini qoydu. Sirk arenalarında tökülən qanlardan, qladiatorların yırtıcı heyvanlarla ölüm-dirim çarpışmalardan həzz alan kütlə vətəndaşlıq hissini itirdi. Xristianlığı dayanmadan təbliğ edənlər daim narazıların, məzlumların yanlarında idilər. Çarmıxa çəkimiş həzrəti İsanın obrazı kasıblara, qullara yaxın idi.
Yazacağım sözlər bəzilərinə xoş gəlməsə də həqiqəti deməliyəm. Müzəffər Prezidentə sadiq olan şəxslər yəni doğrudanmı başa düşmürlər ki, qonşu ölkələrdə bizdəki kimi sırtıq, düşük, qeyrətin nə olduğunu bilməyən şou-biznes yoxdur? Ölkənin təhlükəsizliyi üçün cavabdeh olan namuslu kişilər son vaxtlar nələrə qadir olduqlarını göstərdilər. Neçə-neçə milli düşmənimiz qandallandı, antiterror əməliyyatının hələ də uğurla davam etməsini, narkotika mafiyasına, din dəllalarına qarşı daha sərt tədbirlərin görülməsi sübut etdi ki, şou-biznesi pərdə arxasından idarə edənlərin nəfəslərini kəsmək o qədər də çətin deyil. Nəyin bahasına olursa-olsun qəddini dikəltmiş milləti Roma pleybeylərinin gününə salmaq istəyənlər cəzalarını almalıdırlar.
Firuz Haşımov