65 yaşdan sonra pensiyadan çıxılmaların olması iddiasına aydınlıq gətirildi

65 yaşdan sonra pensiyadan çıxılmaların olması iddiasına aydınlıq gətirildi
 

“Şəxsə 40 yaşından etibarən əlilliyə görə pensiya təyin edilibsə və 65 yaşına çatdıqda yaşa görə pensiya hüququ da yaranırsa, faktiki aldığı "əlilliyə görə pensiya" məbləği ilə hüququ yaranan "yaşa görə pensiya" məbləği müqayisələndirilir. Nəticədə, ən yüksək məbləğdə olan pensiya növü, yəni ikisindən biri təyin edilir və ya davam etdirilir. Əlilliyi davam edən şəxsə sonradan yaşa görə müavinət təyin edilmə ehtimalı yoxdur. Çünki şəxs eyni zamanda iki müavinət və ya pensiya növü ala bilməz. Sosial şəbəkələrdə 65 yaşdan sonra pensiyalarda çıxılmaların olması ilə bağlı yayılan məlumatların əsası yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Turan Abdullazadə deyib. 

Vəkil bildirib ki, əvvəllər işləməyən vətəndaşlara 65 yaşından sonra adətən xəstəliyə görə yox, yaşa görə müavinət təyin olunur: ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Yaşa görə müavinət ömürlük təyin edilir və şəxs əmək fəaliyyətinə başladığı təqdirdə dayandırılır. “Əmək pensiyaları haqqında” qanuna əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 63 yaş 6 aydır. Qeyd edək ki, 2027-ci il iyul ayının 1-dək qadınların pensiya yaş həddi hər il 6 ay artırılacaq. Eyni zamanda beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə sosial müavinət yuxarıda qeyd edilən yaş həddi 5 il azaldılmaqla təyin edilir”. 

 

0.015857934951782