İQTİDAR-MÜXALİFƏT MÜNASİBƏTLƏRİ NECƏ OLMALI? - "Təşəbbüs" Vətəndaş Platforması
"Təşəbbüs" Vətəndaş Platforması.
IV yazı
MÜXALİFƏTİN İFLASININ SƏBƏBLƏRİ?
MÜNASİBƏTLƏRİN GƏRGİNLƏŞMƏSİ KİMƏ SƏRF EDİR?
İQTİDAR-MÜXALİFƏT MÜNASİBƏTLƏRİ NECƏ OLMALI?
İl 1998. Azərbaycanda növbəti prezident seçkiləri bu ilin Oktyabr ayında keçiriləcək.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü.
Bakıya qayıtdıqdan sonra bəlli oldu ki, Əbülfəz Elçibəy prezidentliyə namizəd olmaq istəyir. Prezident seçiləcəyi təqdirdə iki il işləyəcəyəni bəyan edir. Sonra tam demokratik ortamda prezident seçkiləri təyin edəcəyini və bu seçkilərdə namizəd olmayacağını bildirir.
Demokratik Konqres və SİDSUH (Seçki İslahatları və Demokratik Seçki Uğrunda Hərəkat) sədri kimi Əbülfəz Elçibəyin vahid namizəd olma istəyini siyasi partiyaların sıravi üzvləri coşqu ilə qarşıladı. Ancaq müxalifətin bəzi liderləri Əbülfəz Elçibəyin prezidentlik iddiasına düşməsindən narahat idi. Onlar Ə.Elçibəyin üzünə deməsələr də, arxada onun prezidentliyə namizəd olmaması üçün oyunlar qurur, bəzi partiya funksionerləri aldıqları təlimata uyğun mətbuatda eks-prezidentin əleyhinə çıxışlar edirdi.
Yumşaq dillə desək, keçmiş komanda üzvləri Elçibəyə nankorluq, sərt şəkildə ifadə etsək, xəyanət etdilər. Ə. Elçibəyin bir vaxt yüksək dövlət vəzifələrini etibar etdikləri özlərini artıq dahi siyasətçilər sayırdı və onların təkəbbürü, yekəxanalığı rasional qərar vermələrinə mane oldu. (Məhz onların təlimatı ilə Əbülfəz bəy barəsində mətbuata ikrah doğuran açıqlama verənlərin bəziləri illər sonra səhvə yol verdiklərini etiraf etdilər.)
1998-ci il seçkisində özünü lider sayanların siyasi uzaqgörən olmadığı açıq-aşkar göründü. Bu seçkilərdə AMİP sədri də namizəd idi. Adam 1993-cü ildə Elçibəyin hakimiyyətdən getməsi üçün bütün potensialını ortaya qoysa da, zəhməti hədər getmişdi. O, istədiyi vəzifəni ala bilmədiyi üçün bu seçkidə boy göstərib iqtidardan bir vəzifə qoparmaq iddiasında idi. AMİP sədri seçkidə uduzacağını gözəl bilirdi. Bu halda nədən oyuna girdiyi isə siyasətdən az-çox baş çıxaranlara bəlli idi. O, 1998-ci il seçkilərində Heydər Əliyev üçün ciddi rəqib deyildi. Ciddi rəqib Əbülfəz Elçibəy ola bilərdi. Ki, buna da o “dahi siyasətçilər” imkan vermədi.
Bu rəqabətdə Əbülfəz bəydən özünü daha reytinqli, daha populyar bilənlər, qələbə əldə edəcəyinə şübhə ilə yanaşanlar onu anlamadı ki, Ə. Elçibəy məğlub olacağı təqdirdə belə Azərbaycanın siyasi həyatında büsbütün yeni bir mənzərə yaranacaqdı. Nə üçün? Əbülfəz Elçibəyin namizədliyi qəbul olunsaydı, o, AMİP sədrindən ən azı 3 dəfə artıq səs toplayacaqdı və bu səslər həm müxalifətin real gücünün daha da artması üçün yetərli olacaqdı, həm də, qarşıdan gələn parlament seçkilərində müxalif qüvvələrin əhəmiyyətli sayda parlamentdə təmsil olunacağına imkan yaradacaqdı. Başqa sözlə, iqtidar-müxalifət münasibətlərinin pozitiv yöndə nizamlanması üçün zəmin yaranacaqdı...
Məqalə tam olaraq "Təşəbbüs" Vətəndaş Platformasının FB səhifəsində