DTK-nin ilk rəhbərinin acı sonluğu: Qəbiristanlıqda yer də verməyiblər

DTK-nin ilk rəhbərinin acı sonluğu: Qəbiristanlıqda yer də verməyiblər
 

O, bəraət alması üçün ömrünün son günlərinə qədər Mərkəzi Komitəyə, SSRİ Ali Soveti Rəyasət Heyətinə dəfələrlə müraciət edib. Amma nə Brejnev, nə Andropov, nə də Çernenko və Qorbaçov vaxtilə ordu generalı rütbəsini daşıyan, Sovet İttifaqı qəhrəmanı, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ilk rəhbəri İvan Serovun müraciətinə müsbət cavab verməyiblər...

1940-1950-ci illərdə SSRİ-nin siyasi elitasında ən nüfuzlu şəxslərdən biri sayılan Serovun vəzifə karyerasına 1965-ci ildə birdəfəlik son qoyulub. Maraqlıdır, Stalinin güvəndiyi, Xruşovun etibar etdiyi, marşal Jukovun yaxın dostu olan Serov hansı səbəbdən uğursuzluğa düçar olub, nəyə görə onun general rütbəsi, ali dövlət mükafatları əlindən alınıb?

1905-ci ildə Voloqdada anadan olan Serov ilk siyasi fəaliyyətinə komsomol orqanlarından başlayıb. O, hərbi xidmətə çağrıldıqdan sonra gələcək həyatını hərb sahəsi ilə bağlayıb. Leninqradda orta ixtisas hərbi məktəbində, daha sonra Frunze adına Hərbi Akademiyada təhsil alıb.

p32_serovia1 (1).jpg (77 KB)

Akademiyanı bitirdikdən sonra Serovun təyinatı “NKVD”-yə verilib, O, bu qurumda Baş Milis İdarəsinin rəis müavini təyin olunub. 1939 -cu ilin sentyabr ayında Serova daha yüksək vəzifə, Ukraynanın daxili işlər komissarı vəzifəsi həvalə edilib. Ukraynadakı xidməti Serovun gələcək vəzifə karyerasında mühüm rol oynayıb. Həmin dövrdə o, Ukraynanın birinci katibi vəzifəsində olan Xruşov və Kiyev Xüsusi Hərbi Dairəsinin komandanı olan Jukovla sıx dostluq əlaqələri yaradıb. Onlar Ukraynada “güclü üçlük” adını qazanıblar.

Sovet-alman müharibəsi illərində Serovun Kremldəki nüfuzu bir az da artıb. 1941-ci ildə o, Kiyevdən Moskvaya, “NKVD”-yə müavin vəzifəsinə gətirilib. Müharibə illərində Serov partizan hərəkatının yaradıcılarından biri olub. Dövlət Müdafiə Komitəsində Serov bacarıqlı və səriştəli kadr kimi qələmə verilib.

Stalinin təşəbbüsü və qərarı ilə Moskvanın alman qoşunları tərəfindən işğalı təqdirdə şəhərin mühüm obyektlərinin partladılması və dağıdılması məhz İvan Serova həvalə olunub.

fc008df895bbb51f9002aaba17eb151b (1).jpg (90 KB)

Yüksək vəzifə tutmasına baxmayaraq Serov kabinet məmuru kimi tanınmayıb. O, müharibə illərində bir çox cəbhələrdə iştirak edib, həmçinin Jukovla birlikdə Berlinin alınması əməliyyatının içtirakçısı da olub.

Serovun gücü ondan ibarət olub ki, o, 12 ildən artıq bir dövrdə, 1941 -ci ildən 1954-cü ilə qədər adları və strukturları tez-tez dəyişən “NKVD”, Dövlət Təhlükəsizliyi Nazirliyi, Daxili İşlər Nazirliyində müavin, birinci müavin işləyərkən Beriya, Abakumov, Merkulov, Kruqlov kimi hiyləgər, cəllad, təhlükəli birincilərdən özünü qorumağı bacarıb.

1954-cü ildə yeni yaradılmış Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyinatı məsələsi müzakirə olunanda Xruşov düşünmədən bütün namizədlərin üstündən xətt çəkib, həmin vəzifəyə Serovu təklif edib. Beləliklə, İvan Serov SSRİ tarixinə DTK-nın ilk sədri kimi düşüb.

1563411 (1).jpg (63 KB)

Serov hələ “NKVD”-də işlədiyi illər ərzində yaratdığı güclü agentura şəbəkəsi vasitəsi ilə ən məxfi məsələlər haqqında məlumatlı olub. O, bütün məmurların, o cümlədən Xruşovun da ictimaiyyətə bəlli olmayan səhvləri haqqında sübuta yetirə biləcək qədər bilgilərə malik olub. Stalin hakimiyyətindən sonrakı komanda dəfələrlə Xruşova Serovun çox mətləblərdən agah olduğunu anladıblar, onun təhlükəli kadr olduğunu, xüsusilə də Jukovla yaxınlığını ona başa salaraq əmin ediblər ki, bu “təhlükə”ni aradan qaldırmaq lazımdır. Təbii ki, Xruşov da Serovu yaxından tanıyan adam kimi deyilənlərlə özlüyündə razılaşıb. O, bir müddət Beriyanın adamlarının orqanlardan təmizlənməsi məqsədilə Serovdan yetərincə istifadə edib.

1958-ci ildə Xruşov Serovu SSRİ Silahlı Qüvvələrinin tabeliyində olan Baş Kəşfiyyat İdarəsinə rəis təyin edib (vəzifə ranqı baxımından bu aşağı pillə sayılıb) və bu təyinatı həmin idarənin işinin Serov tərəfindən daha da gücləndirilməsi ilə əsaslandırıb. Amma əslində məqsəd Serovu yavaş-yavaş sıradan çıxarmaq olub.

Serov bu vəzifədə 5 ilə yaxın xidmət edib. 1963-cü ildə o, tabeçiliyində olan polkovnik Oleq Penkovskinin ABŞ və İngiltərə kəşfiyyatına işlədiyinə görə vəzifəsindən azad edilib. Xruşovun göstərişi ilə bu süni qurulmuş işin müəllifi DTK sədri, vaxtilə Azərbaycanda ikinci katib işləmiş Vladimir Semiçastnı olub.

e236c0da1bef0314623c8d5010df1869.jpg (95 KB)

Serov 1963-cü ildə Serov Moskvadan uzaqlaşdırılıb. O, Türkmənistandakı hərbi dairə komandanının tədris üzrə köməkçisi təyin edilib. Bu təyinat onun üçün qeyri-rəsmi sürgün sayılıb. Ancaq cəza təkcə bu “sürgün”lə bitməyib. Onu rütbəsindən məhrum ediblər, Sovet İttifaqı qəhrəmanı fəxri adını da əlindən alıblar.

1965-ci ildə isə Serovun vəzifə karyerasına birdəfəlik son qoyulub. Sovet qanunlarını pozduğuna, xidməti vəzifəsindən sui-istifadə etdiyinə görə Serov partiya sıralarından xaric olunaraq bütün vəzifələrindən azad olunub. Serov uzun illər vəzifəyə qaıtmağı ilə bağlı ümidlərini üzməyib. Amma ümidlər xəyala çevrilib, bütün cəhdlər boşa çıxıb. Hətta 1990-cı ildə, 84 yaşında vəfat edəndə onu Novodeviçye qəbirstanlığında dəfn etməyə də icazə verməyiblər.

İlham Cəmiloğlu

 
 

 

0.014509916305542