Zivərbəy Əhmədbəyovun nəvəsi: “Babam özünü güllələdi, sonra məzarı da itirildi” - FOTO

Zivərbəy Əhmədbəyovun nəvəsi: “Babam özünü güllələdi, sonra məzarı da itirildi” - FOTO
 

“Rəhmətlik atam hüquqşünas idi. Böyük qardaşlarım da hüququ bitiriblər. 1955-ci ildə “Bəxtiyar” filminə çəkiləndən sonra anam dedi ki, “get Moskvada Kinematoqrafiya institutunda təhsil al”. Atam bu sözü eşidib bərk əsəbiləşdi və dedi ki, “mənim bütün övladlarım hüquqşünasdırlar, Oqtay da onlar kimi hüquqşünas olacaq”. 1962-ci ildə hüquqşünaslığı bitirdim. Hazırda 85 yaşım var, İqtisadiyyat Universitetinin professoruyam”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk ali təhsili memarı Zivərbəy Əhmədbəyovun nəvəsi Oqtay Əfəndiyev deyib. 

“Uşaqlıqda biz Çəmbərəkənddə yaşayırdıq. 1967-ci ilə qədər baba ilə bağlı bütün məlumatlar yadımdadır. Rəhmətlik anam Firəngiz xanım Zivərbəyin yeganə qızı idi. Həmişə babamdan çox qorxa-qorxa danışardı. Çünki Sovet dövründə vəzifə məsələsi çətin idi. O, heç kimə Zivərbəyin qızı olduğunu deyə bilməzdi. Babam 1920-ci illərdə Avropa ölkələrinə tez-tez gedərdi. Yadımdadır, Çəmbərəkənddəki evində ən böyük otaq 62 kvadrat metr idi. Orada cürbəcür şəkilləri, vazalar var idi. Babam onları Avropadan gətirmişdi. Babam Bakının baş memarı idi. 1951-ci ildə özünü güllələmişdi. Əlbəttə ki, bəzi səbəblər var idi. Əsrin əvvəllərində Azərbaycanın görkəmli ziyalılarını məhvetmə siyasəti həyata keçirilirdi. Bu, Zivər bəydən də yan keçmədi. Ermənilər tərəfindən dəfələrlə təqiblərə məruz qalmışdı. Hətta o illərdəki hakimiyyətə bu dözülməz şəraitdə işləməyin çətinlikləri haqda məlumat da vermişdi, amma buna baxmayaraq, heç kim onun sözünü ciddi qəbul etmirdi. Özünü güllələyəndə 52 yaşı var idi. O vaxt Akademik Fətullayev öz kitabında bu haqda yazmışdı”, - deyə Oqtay Əfəndiyev bildirib.

Oqtay Əfəndiyev deyir ki, babasının məzarından bu günə qədər xəbər yoxdur:

“Babamın taleyi çox uğursuz olub. Babamı elə evinin yanındakı Dağüstü parkda dəfn edirlər. Çox keçmir ki, Çəmbərəkənd qəbiristanlığı dağıdılır və məzarların üstündə park salınır. Anam yenidən babamın məzarını başqa yerə köçürür. Fəxri Xiyabanı tikəndə yenidən köhnə qəbiristanlıq yerlə-yeksan edilir və babamın məzarı itir, torpağa qarışır. Bu günə qədər biz bilmirik ki, babamın məzarı haradadır? Anam o vaxt bu hadisədən sonra bərk xəstələnir, depressiya yaşayır”, - deyə o qeyd edib.

Oqtay Əfəndiyev bildirib ki, dövlətimiz babası Zivərbəy Əhmədbəyovun adını daim əbədiləşdirib:

“Babam Şamaxılı idi, orada İmam məscidinin memarı idi. Bakıya köçəndən sonra Təzəpir, Göy məscid və s. memarlıq abidələrinin müəllifi oldu. Əmircanda da memarlıq abidələri yaratmışdı. Nizami metrosunun ətrafındakı binalar babamın layihələri əsasında tikilib. Ona görə də heykəli orada qoyulub. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə babamın heykəli Nizami metrosunun qarşısında ucaldıldı. Ötən il heykəlin postamentinə məlumat lövhəsinin vurulması ilə bağlı icazə aldım. Məlumat lövhəsində babam haqda iki dildə - Azərbaycan və ingilis dillərində məlumatlar yer alıb. Məqsədim odur ki, babamı gənclər tanısınlar”, - deyə memarın nəvəsi bildirib.
 
Oqtay Əfəndiyev həmçinin bildirib ki, “Bəxtiyar” filmində Bəxtiyar obrazının uşaqlığını oynayıb:
 
“15 yaşım var idi, hələ məktəbdə oxuyurdum. Bir də gördüm ki, bir neçə adam sinfə daxil oldu. Məni seçib dedilər ki, “Sən Rəşid Behbudovun uşaqlığına oxşayırsan”. Atam, anamdan icazə aldılar, məni filmə çəkdilər. Filmdə Rəşid Behbudovun uşaqlığını oynadım. 1 həftə Zuğulbada qaldıq. İndi də həmin yerlərdən keçəndə kövrək xatirələr gözümün önünə gəlir. Filmin ilk 12 dəqiqəsində mən görünürəm. O vaxt filmdən 6 min rubl qonorar vermişdilər. Atam bu pula maşın almışdı. Filmdə dilimdən oxunan mahnıları Şövkət Ələkbərova ifa edirdi. Filmi də onun həyat yoldaşı Lətif Səfərov lentə alırdı. Həmin uşaqlardan indiyə qədər xəbərim yoxdur. "Saşa" obrazı ilə görüşmək istərdim...”, - deyə Oqtay Əfəndiyev bildirib.

 

0.020176887512207