ETN-nin kollegiyası həm də onun beyin mərkəzi olmalıdır - dos. İlham Əhmədov
Məlum olduğu kimi Azərbaycan təhsilinin beyin mərkəzinə ciddi ehtiyacı var. Bu günə qədər belə bir mərkəz olmayıb. Belə mərkəz rolunu ETN-nin kollegiyası tuta bilərdi.
Bu ərəfədə Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərar qəbul edib. Qərara əsasən ETN-də yüksək vəzifə tutan 11 məmur kollegiya üzvü təyin edilib. Kollegiya üzvlərinin nazirlikdə hansı vəzifə tutması bu qərarda və nazirliyin əsasnaməsində də qeyd edilib. Əsasnamədə həmçinin bu da qeyd edilib ki, ".Nazirliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər."
Ölkədə 200 nəfər akademik və müxbir üzv, minlərlə elmlər doktoru və professor, 50 universitet rektoru, 30-40 elmi-tədqiqat institutunun direktoru olduğu halda onlardan heç biri kollegiya üzvü deyil. Kollegiyanın tərkibində nəinki akademik, heç bir nəfər də olsun elmlər doktoru ya professor yoxdur. Kollegiyanın tərkibində hal-hazırda tədqiqat aparan alim də yoxdur. Bunlar çox təəccüblüdür.
ETN hələ 15 il əvvəl TN kimi fəaliyyət göstərəndə kollegiyanın üzvləri arasında 1-2 rektor vardı. İndi əlavə olaraq ETN-nin tərkibində hələ əlavə olaraq xeyli ETİ da daxil edilib. Yaxşı olardı ki, elm sahəsini idarə edən nazirliyin kollegiyasının tərkibində ən azı 1 rektor, 1 ETİ direktoru, 1 akademik də olardı. Bu kollegiyanın fəaliyyətini daha keyfiyyətli edə bilərdi.
ETN Kollegiya üzvü olan 11 məmur onsuz da bu qurumda mühüm postlar tuturlar, onların proseslərə təsir imkanı var. Kollegiya üzvü kimi əlavə nə edəcəklər ki?
Kollegiyada elm və təhsil sahəsində olan çoxsaylı problemləri qaldırmaq, onların həll yolunu axtarmaq, təkliflər vermək lazımdır. Yeni tərkibli Kollegiya bunu edə biləcəkmi?
"Paralel.az"