Kişilər nədən arsızlaşır? Yaxud, arsızlığın etiologiyası - Səxavət Əlsoy yazır...

Kişilər nədən arsızlaşır? Yaxud, arsızlığın etiologiyası - Səxavət Əlsoy yazır...
 

Azərbaycan dilinin izahlı lüğətinə görə arı, həyası olmayan, utanmaz, sırtıq, üzlü adam arsız adlanır.
Arsızlar da təbii ki, arı, abırı, həyası olmayan utanmaz və sırtıq adamlardır.

Eynən yaltaqlıq kimi arsızlıq da, Mərkəzi Sinir Sisteminin patologiyasıdır.

Təxminən 20 il əvvəl "Yeni Müsavat" qəzetinin əıdən-ələ gəzən vaxtlarında bir köşəmdə Yaltaqlığın təsnifatını yazmışdım. O zaman əli qələm tutan-tutmayanlar arasında yaltaqlıq epidemiya kimi yayılmağa başlamışdı. Yeri gəlmişkən deyim ki, o təsnifatı yaxınlarda yeniləyib hörmətli əhalimizin diqqətinə çatdıracam. Nədən ki, artıq bizdə modern yaltaqlar ordusu formalaşıb.

Mətləbdən o səbəbə uzaqlaşdım ki, arsızlar və yaltaqlar arasında oxşar cəhətlər çox olsa da onlar eyni xəstəlik deyil, ayrı-ayrı mərəzlərdir.
Bilmirəm fərqindəsiniz, ya yox, arsızlıq son illər Azərbaycanda kişi cinsindən olanlar arasında sürətlə yayılmaqdadır.

Bu, bir mental qüsur. Hətta, natamamlıq kompleksi kimi də ehtiva oluna bilər.
40-50 il əvvəl bir kənddə ən çoxu iki-üç kişi arsız kimi tanınardı. İndi hər kənddə arsızların sayını hesablamaq olmur. Bu an, elə buradaca ətrafınızda olan kişi cinsinə mənsubları saf-çürük edin. Hər kəs tanıdıqlarının arasında ən az bir arsızın olduğunu deyəcək.
Əvvəllər arsızların özünü göstərmək məkanları məhdud idi. Toyda-məclisdə arsızlıq edərdilər. İndi toy-düyün öz yerində, sosial şəbəkələrdə kişi cinsindən olan arsızların, abırsızların, utanmazların əlindən tərpənmək olmur.

Arsızlığı İrsi və Qazanılmış olaraq iki qrupa bölmək olar.
Genetik olaraq təzahür edən arsızlıq daha iyrəncdir. Heç bir psixoloji yardımın əsla faydası olmur.
Qazanılmış arsızlıq daha çox cəmiyyətdə baş verən anormallıqlardan doğur. Burada arsızın intellekt səviyyəsi, uşaq vaxtı keçirdiyi xəstəliklər xüsusi rol oynayır.
Qeyd etdim ki, arsızlıq Mərkəzi Sinir Sisteminin patologiyasıdır. Arsızların beyin yarımkürələri normal fəaliyyət göstərmədiyindən hərəkətlərinin fərqində olmur. Onlar etdiklərinin ikrah doğurduğunu dərk etmirlər. Düşüncə səviyyəsi aşağı olduğu üçün utanc hissindən məhrum olurlar.

Toy məclislərində anatomik əzalarını oynadaraq "İran təranələri"ni süzən arsız kişiləri kim görməyib ki.
Yaxud yazdıracağı 50 manat nəmərin müqabilində 2-3 araq içib süfrədəkilər mədəsinə, konfeti, ləbləbini cibinə dolduran arsızları az gördürdünüz?
Azərbaycanda ciddi adam defisiti var. Dörd tərəf arsızla, utanmazla, lağlağı ilə, boşboğazla dolu.
"Ağır ol, batman gəl" atalar sözü bu gedişlə mahiyyətini itirəcək...
Yeri gəlmişkən deyim ki, arsızlığın məsləklə heç bir əlaqəsi yoxdur. Adətən, artist-mütrüf tayfasına arsız deyir, hörmətli xalqımız. Yalnışdır.

Tanıdığım bir xeyli artist və incəsənət xadimi var. İkisi barədə bir-iki cümlə yazmağı lazım bildim.
Doxsanıncı illərin əvvəllərində Naftalan sanatoriyasına getmişdik dosum və qohumum Nəcəf Səlimovla. Mərhum Xalq artisti, "Dəli Kür" filminin Cahandar ağası Ələddin Abbasov da orada dincəlirdi. Qaldığımız iki həftdədə iki gündən bir Naftalan vannası qəbul etdikdən sonra!!! axşamüstü Ələddin Abbasovu sanatoriyanın yaxınlığındakı kababxanaya dəvət edib süfrədə o böyük insanın söhbətlərini dinləyirdik. Çox ciddi, müdrik bir sənətkar idi. Hüseyn Cavidi əzbər bilirdi.

Elə o illərdə təyyarə ilə Naxçıvana gedəndə Xalq artisti " Yeddi oğul istərəm" filminin Bəxtiyarı- Həsən Məmmədovla tanış oldum. İki gün Naxçıvanda müxtəlif məclislərdə oturduq. Bakıda da arabir görüşürdük, çörək yeyirdik. Olduqca ağıllı, mütəvazi və ciddi bir adam idi.

Mehdi Məmmədov, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Həsən Turabov, Rafiq Hüseynov... təkcə teatrda, televiziyada yox, xalqın arasında, məclislərdə də davranışları ilə seçilirdi. Bir şəxsiyyət olaraq onlar xalqın könlündə taxt qurmuşdu.
Bu gün "Xalq artisti" fəxri adını daşıyan bəzi utanmaz və abırsızları o sənətkarlarla müqayisə etmək onların ruhuna təhqirdir.

Qazanılmış arsızlığın formalaşmasında ətraf mühitin mühüm önəmi var. Adətən, ictimai rəyin heç bir dəyərə malik olmadığı toplumlarda arsız adamların sayı çox olur.
İctimai rəy nəzərə alınsaydı, Xalq artisti yarımlüt vəziyyətdə səhnəyə çıxmazdı, unitazda oturduğu halının şəklini sosial şəbəkədə paylaşmazdı, siyasətçi utanmadan xalqın gözünün içinə yalan danışmazdı, evinin içində belə hörməti olmayan biri prezidentlik iddiasına düşməzdi, ömründə bir kitab oxumayan zırcahil Qurandan danışmazdı.

İctimai rəy nəzərə alınsaydı ardan-abırdan məhrumların üzlərinə televiziya kanallarının qapıları taybatay açılmazdı
Min təəssüflər ki, ictimai rəy bizim toplumda saya salınmır. Və nə qədər ki, belə davam edəcək arsızlar və abırsızlar, utanmazlar və həyasızlar at oynadacaq...
Arsızlıq kişinin özünün faciəsi deyil. Ailə üzvlərinin faciəsidir.
Atasının arsızlığına, həyasızlığına görə xəcalət çəkən oğullar var.
Ərinin arsızlığına görə xəcalət çəkən xanımlar var...

Baxın, Azərbaycan dilinin izahlı lüğətinə. Arsızlara, abırsızlara, həyasızlara görün, KİŞİ deyilir, ya yox?

"Təşəbbüs" Vətəndaş Platforması. Səxavət Əlisoy

0.042501926422119