Ziyalıları qınamayın... Eldəniz Quliyev

Ziyalıları qınamayın... Eldəniz Quliyev
 

ESSE

Meydan boşdur...Xəyalpərəst psevdo-patriotlar buyursunlar - fürsəti fotə verməyib, zəbt eləsinlər meydanı! Əlbəttə, əgər bacarırlarsa!..

Xalqın taleyüklü məqamlarında, indi həzm edə bilmədiyiniz ziyalı bəndələr önə düşüb ölkənin siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni göstərmədimi, həzarat?

Bəzi siyasətbazlar razı olmadılar: “Yol nədi, çarə nədi?“ - deyə, iki ayaqlarını bir başmağa pərçimləmədilərmi?..

İndi olan-qalan ziyalıları nə haqla qınayırsınız?..
Həmən o ziyalı kəslər azmı xalqın zəkası, iradəsi və ruhunun güc mərkəzi olmağa can atdılar; məgər bütün varlıqları ilə cəmiyyəti total satqınlıq və dəllallıq virusundan xilas etməyə çalışanlar, kirpiyilə od götürənlər onlar deyildimi?..

Siyasəti oyuncağa çevirmiş təkəbbürlü naşılar isə, daş atıb başlarını tutdular: “Olmaz, olmaz! - dedilər. - Hər şeyin zamana ehtiyacı var! Gedin, gedin öz işinizlə məşğul olun!”

Neçə-neçə ziyalı bəndə bir ovuc ədəbazın xalqın üzərində apardığı siyasi, iqtisadi, psixoloji və mənəvi zorakılığı durdurub, qarşısına sədd çəkməyə çalışdı, hamını müqavimət göstərməyə, ədalətli, hüquqi və aktiv mübarizəyə səslədi. Yalan və korrupsiya adlı dəhşətli mərəzin metastaz verdiyini, millətin mütərəqqi düşüncəli kəsiminin tədricən manqurtlaşdığını deyib də, fəryad qopardı. Amma təəssüf və səd heyif ki, rəhbəri avtoritetdən, demaqogiyanı vətənpərvərlikdən, süarı proqramdan, komformizmi mövqedən, azadlığı özbaşınalıqdan, populizmi ideologiyadan seçib-ayıra bilməyənlər aysberqin görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmayan partiya "liderləri”, az qala xorla qışqırdılar: “Sizlik deyil, bəylər!.. Yox-yox, bu, qəliz məsələdi! - dedilər, - mane olmayın, qarışmayın bizim işimizə!!!"
Vəssəlam. Dairə belə qapandı!

Bu gün mən zərrə qədər də şübhə etmirəm ki, ölkədə hökm sürən vətəndaş ətalətinin, kütləvi xof və passivliyin, eləcə də ictimai-siyasi nihilizm və simasızlığın əsas baiskarları sırasında, mövcud rejim sahiblərilə yanaşı, bəzi müştəbeh müxalifət rəhbərləri də var...

SÖZDƏN başqa özgə bir müdafiəsi (eləcə də, hücumu) olmayan ziyalıları qınamağa nə var ki!..

Belə çətinliklə yaratdığımız və nəyin bahasına olursa-olsun, qoruyub hifz etməyə çalışdığımız müqavimət institutunun bu gün bu sayaq və bu cür biganəliklə çıxılmaz duruma salınması, sözün əsl mənasında, nonsensdir! Özü də bunun günahı aydın insanlardan daha çox, onları küsdürüb rəncidə salan, mücadilədən bezdirib kənara çəkilməyə sövq edən nadürüst siyasətbazlardadı!..

Buyurun bəylər, bu meydan bu da... siz! Hələ bir 20-30 il də vaxtınız var!.. Didin bir-birinizi.
Didin bu biçarə xalqın ümidlərini.
Didin, amma eyni zamanda unutmayın ki, xalqın mənəvi yükünü daşımağı öz ALIN YAZISI hesab edən, ONUN ləyaqət və vicdan simvolları, ruhunun və ağrı-acılarının təmsilçiləri ZİYALI insanlar hər zaman olub, var və bundan sonra da olacaq. Buna şübhə etməyin.
O ayrı söhbətdi ki, bu gün belə İNSANLAR barmaqla sayılır və onları gündüz çıraqla da tapmaq olmur...

Və tutaq ki, belə işıqlı insanlar həqiqətən bir əlin barmaqları qədərdir...Axı bu barmaqlar təkcə yeyib-içmək, çırtma çalmaq, kiminsə başına tumar çəkmək, pul saymaq və sairə üçün deyil; O barmaqlar, həm də, - bəlkə də ilk növbədə, - xalqın göz yaşlarını silib MƏBƏDƏ APARAN YOLU göstərmək üçündür!

P.S. Ağrını kəlməyə, göz yaşlarını cümləyə çevirməkdən usandım, Allah!

0.020004034042358