Mənzil bazarında bahalaşmanın səbəbləri - DETALLAR

Mənzil bazarında bahalaşmanın səbəbləri - DETALLAR
 

Ötən il Azərbaycanda mənzil bazarında qiymətlər 2022-ci ilə nisbətən 9.7% yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 7.8%, təkrar mənzil bazarında isə 9.8% artıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dəyəri təqribən 250 min manatdək olan mənzillərdə daha çox qiymət artımları müşahidə edilir.

Onun sözlərinə görə, dəyəri ondan yuxarı olan əmlaklarda isə qiymət artımı o qədər də yüksək deyil. 

Bütün hallarda ucuz mənzillərdə qiymət artımlarının bahalı mənzillərə nisbətən daha çox müşahidə olunduğunu deyən eskpert bildirib ki, əslində, mənzil bazarında qiymət artımı açıqlanan rəqəmlərdən daha çoxdur.

Onun fikrincə, bu, həm son illərdə bazara pul axınlarının kəskin artımı ilə, həm də müəyyən inzibati təsirlərin rolu ilə bağlıdır: "Mənzil tikintisi ilə bağlı qərarlar sərtləşdikcə tikinti şirkətlərinin xərcləri artır. Hazırda bazarda, demək olar ki, boş torpaq sahələri mövcud deyil. Buna görə də əksər tikinti şirkətləri daha çox müəyyən əraziləri alıb, daha sonra onu söküb inşaat işlərini həyata keçirirlər. Burada köçürmə xərcləri, vətəndaşlara ödənilən kirayə haqları, mənzillərin təmir xərcləri və bu kimi digər məsələlər tikinti şirkətlərinin xərclərini xeyli dərəcədə artırır. Hazırda Bakıda sıxlıq əmsalları tətbiq olunmağa başlayıb və bu, ikinci tərəfdən şirkətlərin mənzil tikinti kooperativlərinin mənfəət marjasını aşağı salır". 

Mənzil bazarında qiymətlərin daha çox ilkin mənzil bazarından, yəni yeni tikililərdən formalaşdığını deyən ekspert qeyd edib ki, bu qərarlar öz növbəsində köhnə tikililərə də təsir göstərir: "Eyni zamanda regionda baş verən iqtisadi, siyasi, hərbi və s. qanunauyğunsuzluqlar da mənzil bazarında qiymətlərə təsir göstərən amillərdəndir. Bu il üçün də proqnozlar artıma istiqamətlənir. Azərbaycan daşınmaz əmlak bazarı daha çox iqtisadi təsirlərdən asılı olsaydı, daha dəqiq proqnoz vermək olardı. Nəzərə almaq lazımdır ki, bəzən bir qərar bazarda çox ciddi dəyişikliyə gətirib çıxarır. Maliyyə bazarları üzrə indikator mövcud olmadığı üçün növbəti illərdə mənzil bazarında qiymətləri əvvəlcədən proqnozlaşdırmaq bir qədər çətindir".

Qeyd edək ki, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 1,7%, o cümlədən ilkin mənzil bazarı üzrə 1,8%, təkrar mənzil bazarı üzrə 1,7% artıb.

 

0.015247106552124