Global Təhsil Nazirliyi - dos. İlham Əhmədov 

Global Təhsil Nazirliyi - dos. İlham Əhmədov 
 

Qlobal güclərin məqsədi yeni müstəqillik qazanan ölkələri inkişafdan saxlamaq, onların inkişafına mane olmaq, özündən asılı hala gətirmək, ona xammal mənbəyi kimi baxaraq sərvətlərini talamaqdır. Bunun üçün ən asan yol onun təhsil sistemini çökdürməkdir. Bu zaman təhsili tam dağıtmağa ehtiyac da yoxdur, elə məktəb təhsilini dağıtmaq kifayətdir. Təhsilin digər səviyyələri, eləcə də ölkə iqtisadiyyatı tədricən bu dağıntıların altında qalacaq, bu pillələr də çökəcəkdir.
Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) - bu gün dünyada qlobal Təhsil Nazirliyi funksiyasını daşıyır. Bu qurum bizim kimi ölkələrin və onların təhsil sisteminin inkişafında çoxmu maraqlıdırlar? Məqsəd nədir?
25 il əvvəl bu funksiyanı Dünya Bankı (DB) icra edirdi. Bizim ölkədə, eləcə də bir çox ölkələrdə, o cümlədən MDB ölkələrində 2000 - ci illərdə başlanan təhsil islahatlarının ideoloqu məhz DB olmuşdu. Onlar həm kredit verib qazanırdı, həm də öz qlobal məqsədlərinə nail olurdu- geridə qalan ölkələrə texniki və institusial yardım adı ilə onların təhsilini zəiflədirdi.
Başa bəla Kurikulum "islahatı" məhz DB-nın "ekspert"lərinin bizim milli təhsilə verdiyi (sırıdığı) "innovasiya" idi. Nəticəsi də göz qabağındadır. Məktəb təhsilinin məzmunu və metodologiyası dağıdıldı, əvəzində əcaib bir sistem yaradıldı, hələ də bunu normal bir hala sala bilmirik, deyəsən heç bilməyəcəyik də.
Bir çox ölkələr DB-nın təhsil sahəsində bu "köməyi"nin mahiyyətini sonralar, gec də olsa anladılar və daha ehtiyatlı hərəkət etməli oldular. Məsələn, son 10 ildə RF alimləri DB-nın apardığı təhsil islahatlarını ciddi tənqid etdilər.
Son illər DB-nın təhsil sahəsində etdiyi "köməyi"n mahiyyəti ifşa olunduqdan sonra, onu səhnədə yeni aktyor- AİƏT əvəz edir.
Çox vaxt AİƏT məlum pedaqoji paradiqmalara zidd, mükəmməl olmayan fikirlər səsləndirir və bunu əməkdaşlıq etdiyi ölkələrin təhsil sisteminə "innovasiya" kimi təqdim edir. Bu paradiqma dəyişikliyi isə mövcud ənənələrə və təcrübəyə zidd olur, təhsil ictimaiyyətində çaşqınlıq yaradır, nəticə etibarı ilə uzunmüddətli mina effekti yaranır.
Belə ölkələrin təhsil menecerləri də təcrübəsizlikdən bu kimi fikirləri doqma olaraq qəbul edir, təkrarlayır, reallaşdırmağa çalışırlar. Məsələn, sinifdə şagirdlərin sayının keyfiyyətə mənfi təsiri yoxdur, təhsil sisteminin səviyyəsi onun müəllimlərinin səviyyəsindən yüksək ola bilməz v.s. kimi şübhəli tezislər.
Bu və digər belə şübhəli tezislərin təhsil sistemi üçün ziyanlı olmasını əvvəllər öz məqalələrimizdə ətraflı şərh etmişik.
Bəs bizim təhsil menecerləri niyə bu ziyanlı fikirləri artıq illərdir ki, reanimasiyada olan təhsilimizin xilası kimi qəbul edirlər? Təbii ki, məlumatsızlıqdan. Bizdə hələ də təhsil tədqiqatlarına dair beyin mərkəzləri, tədqiqat institutları, peşəkar komandalar yoxdur. Ona görə də AİƏT və DB-dan nə eşidirlərsə, onu Quran ayəsi kimi, təhlilsiz, filansız qəbul edib, tez tətbiq etmək istəyirlər. Bu isə bataqlıqda olan adamın çabalarını xatırladır.
Biz əvvəllər də təhsilə dair belə mərkəzlərin yaradılmasını dəfələrlə təklif etmişdik. Amma faydası olmayıb. Həm də yaradılsa, nə olacaqdı ki? Yenə də elm və təhsilə aidiyyatı olmayan birini tapıb ora rəhbər təyin edəcəkdilər, bununla da bu yeni yaradılan beyin mərkəzi yaranmamışdan iflic olacaqdı. Elə təhsilimiz kimi.

"Paralel.az" 

0.015154838562012