Gedən qatarın
dalanca baxma,
QOCA!!!

Yaxud, dilənçiliyə məhkum edilən təqaüdçülər

 Mən hər zaman o prinsiplərlə yaşamışam ki, gedənin dalınca danışmazlar, yıxılanı vurmazlar. Lakin bəzən elə situasiyalar olur ki, danışmamaq olmur.

Məsələn, dövlətimizin başçısının böyük etimad göstərərək, yüksək dövlət vəzifəsinə təyin etdiyi şəxsin dövlətə, xalqa, millətə, ən azında onu bu vəzifəyə təyin edən şəxsə sədaqətlə xidmət etməsi əvəzinə, qohumbazlıqla, talançılıqla məşğul olmasından, insanları dövlətdən narazı salmasından necə yazmayasan, necə danışmayasan?

Belələri isə bu gün də aramızda var və öz əməllərini davam etdirərək düşünürlər ki, onlar hər zaman gedən qatarın içində olacaqlar. Lakin bu yaxınlarda prezident İlham Əliyevin sərəncamı ilə belə şəxslərdən bir çoxunun qatardan salınması, onu deməyə əsas verir ki, nə xalqı, nə də xalqın inam və etibarını qazanmış prezidenti aldatmaq olmaz. 

Gedən qatardan salınan belə məmurlardan biri də, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdur. Yaxın zamanlara qədər, "qılıncının hər iki tərəfi kəsən" Səlim Müslümovun bu gün heç yerini də bilən yoxdur. Buna görə də, bu möhtərəm zat barəsində şayiələr baş alıb gedir. Biriləri deyir, dərin depressiyaya düşdüyü üçün(vəzifədən getmək çoxxx böyük dərddir)cəmiyyət arasına çıxmır, digərləri deyir barəsində 2 milyard manat mənimsəmə ilə bağlı araşdırma aparılır, dünən eşitdiyim bir şayiəyə görə isə yaxın zamanlarda 2-ci vitse-prezident postuna təyinat alacaq və yeni vəzifəsinə hazırlaşar. Qoy belə olsun! Bu bizim işimiz deyil. Ancaq görünəni odur ki, Səlim Müslümov, artıq bizdən birmizə çevrilib, söhbət onun diləçi gününə saldığı pensiyaçılardan gedir.

Əslində, mən kiminsə əməlinə görə zindanlara göndərilməsinin tərəfdarı deyiləm. Eyni zamanda çox istərdim ki, Səlim Müslümov həmin pulları mənimsəyibsə belə, onu həbs etməsinlər, sadəcə olaraq taladıqlarını əlindən alıb, 200 manat pensiyayla yaşamağa məhkum etsinlər. Ancaq bildiyim qədər, onun hələ özünün yaratdığı “möhtəşəm” pensiya islahatları səbəbindən buna da yaşı çatmır.

İndi isə hələ Səlim Müslümovün qılıncının hər iki tərəfinin kəsdi dövürdə yazdığım bir yazını təkrar diqqətinizə çatdırıram. Çünki, artıq Səlim Müslümov da o qatardan düşüb və onun arxasınca baxmaq məcburiyyətindədir.Allah köməyi olsun! 

-Gedən qatarın dalınca baxma QOCA, çata bilməzsən! Çünki bu qatarın sükanı Səlim Müslümov cənablarının əlindədir. O Səlim Müslümov ki, əslində vəzifəsi əhalinin sosial müdafiəsidir. Yəni, o Səlim Müslümov ki, ölkəmizin Əmək və Əhalinin Sosial Müdafiəsi naziridir.

Xatırlatmaq üçün qeyd edim ki, bu möhtərəm şəxs əvvəllər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub. Burada DÖVLƏT sözünə diqqət edin ki, söhbətin məğzini tuta biləsiniz. Yəni, mənim anladığım qədər, bu qurumda çalışdığı zaman Səlim Müslümovun vəzifəsi dövlətin mövqeyinin müdafiəsi olub. Bu məmləkətdə isə dövlət dedikdə, ilk növbədə bu dövləti idarə edən məmurlar nəzərdə tutulur.

Bildiyiniz kimi, bu gün ölkəmizdə ən yüksək pensiya təminatına malik şəxslər də, dövlət məmurlarıdır. Yəni, hörmətli Səlim Müslümov ona tapşırılan vəzifəni artıqlaması ilə yerinə yetirə bilib. Bu səbəbdən də, Səlim Müslümovun həmin qurumdakı fəaliyyəti yüksək qiymətləndirilərək, ona Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi də etibar edildi ki, bir qədər də məzlum insanların halına qalsın, məmurların işləri onsuzda "xod" gedir. Gördülər ki, Səlim Müslümov olmasa, məmurların vəziyyəti fəna olacaq, DSMF-ni də birləşdirdilər onun rəhbərlik etdiyi nazirliyə.

Əlqərəz, o qatarın dalınca baxma QOCA, o qatar bizlik deyil. O qatarda Səlim Müslümovun "bütün dünyaya nümunə ola biləcək pensiya islahatları" nəticəsində dilənçiliyə məhkum olanlara yer yoxdur.

O qatar, yalnız məmurlar üçündür, QOCA , məmurlar üçün!

O məmurlar ki, sovet dönəmində də xalqı və dövləti talamaqla sərvət, var-dövlət, hörmət sahibi olublar. İndi də Səlim Müslümovun "uğurlu islahat"ları nəticəsində 40-50 il zavodda, fabrikdə, kolxozda, sovxozda can qoyan əməkçilərdən 2-3, hətta 5-6 dəfə çox pensiya alırlar. Niyə və nə üçün?

Bax, bu sualın cavabını mən də bilmirəm, Səlim Müslümov bilir-bilmir bundan da xəbərim yoxdur. Ancaq, mən bir şeyi dəqiq bilirəm ki, o dövürdə zəhərli istehsalat sahəsində can qoyan və 5 il bundan əvvəl 42 il iş stajı ilə pensiyaya çıxan bəndəniz, bu gün cəmi 200 manat pensiya ilə dilənçi vəziyyətində yaşamaq, yaxud bu ahıl vaxtında yenə də gecə-gündüz işləmək məcburiyyətindədir. Əks təqdirdə, ya dilənməli, ya da acından ölməlidir.

İlk baxışdan bizə belə gəlir ki, Azərbaycan pensiya sistemində heç bir qanunauyğunluq yoxdur. Əslində, müəyyən qanunauyğunluqlar var. Səlim Müslümov da, bu Azərbaycansayağı qanunauyğunluqdan çıxış edərək, öz islahatlarını həyata keçirib. Yəni, sovet dönəmində 80-150 manat maaşla yağ-bal içində yaşayan məmura bu gün 150-200 manat, o dövürdə 400-500 manat maaşla şor-çörək yeyib dolanan fəhləyə 800-1000 manat pensiya təyin edilsə, görün nələr baş verə bilərdi?!

Onsuz də bərbad vəziyyətdə olan səhiyyə sistemi tamamilə çokər, QOCA! Tox məmurun ac qalması kimi, ac fəhlənin çox yeməsi də, onların sağlamlığında ciddi problemlər yarada bilər. Bu baxımdan da, Səlim Müslümov çox böyük humanistlik nümayiş etdirərək, elə bir pensiya sistemi yaradıb ki, ac, elə ac qalsın, toxun da halı pozulmasın. Bax, Azərbaycanın pensiya sistemində bu qanunauyğunluq prinsipinin tətbiqinə görə, Səlim Müslümova ən azından Nobel mükafatı düşür.

Dünyanın analoji qurumlarının Səlim Müs-lümovun islahatlar proqramına maraqları da buradan qaynaqlanır. Necə olur ki, minimum pensiya 110 mant olan bir ölkədə, təqaüdçü ayda 100-150 manat kommunal xərclərə pul ödəyir və yaşayır?! Bax, bu çox maraqlı məsələdir. Bunun da cavabını yalnız hörmətli Səlim Müslümov verə bilər.

Zarafat deyil QOCA, cənab Müslümov bu boyda ölkənin insanlarının həm əmək, həm də sosial müdafiəsini təmin etməlidir. Digər bir tərəfdən, bir məmur həmrəyliyi də olmalıdır axı, yoxsa, sən gəl fəhləni məmurdan üstün tut, adama öz "kruqu" nə deyər?!

Əlqərəz, QOCA, gedən qatarın dalınca baxma, bu qatarda gedənlərə də çox həsəd aparma, çünki bu qatarın da son dayanacağı bəlli deyil. Son zamanlar elə öz ölkəmizdə baş verənlərə diqqət et, QOCA, Eldar Mahmudov, Cahangir Hacıyev və onları ətrafı da, bu qatarda ən mötəbər yerlərdə oturmuşdular.

O qatarın dalınca baxma, QOCA, o qatarın ki, sükanı Səlim Müslümovun əlindədir (hələ ki), sən ona çata bilməzsən.

P.S.Gələn sayımızda S. Müslümovun uğurlu islahatları nəticəsində, "JEK"də 70 manat maaşa süpürgəçi işləyənlə, zavodda 500-800 manata fəhlə işləyəni eyniləşdirilməklə, pensiyaya məhkum edilənlərdən soz açacağıq, bizi izləyin!

P.S.S. Bu yazını Səlim Müslumov cənabları oxumasa da olar, çünki mənim yazdıqlarım ona gün kimi aydındir, bir də zəhmət çəkməsin, zatən!

Yazıya sözardı. Bu yazı təxminən bir il əvvəl yazılıb. O zaman onun ardının yazılmasına müəyyən maneələr oldu və yazını davam etdirə bilmədim.

Bu gün bütün pensiyaçıların ümidləri yeni nazir Sahil Babayevə bağlıdır. Görəsən, Səlim Müslümovün yaratdığı dinlənçilər səltənətini dağıda biləcəkmi? Biz də öz növbəmizdə yeni nazir Sahil Babayevə bu vəzifəsində uğurlar diləyirik. Təki S.Müslümovun yolunu davam etdirməsin.  

0.17936086654663