Azərbaycan Qafqazın ən
etibarlı sabitliyə malik ölkəsidir

Azərbaycan Qafqazın ənetibarlı sabitliyə malik ölkəsidir
 

Ölkəmizdə mövcud olan dözümlülük və multikultural dəyərlərə verilən yüksək önəm sabitliyi sığortalayır

 Dünyanın bir sıra nöqtələrində yeni münaqişə ocaqlarının alovlanması, ətraf ölkələr üçün təhlükə mənbəyinə çevrilib. Sözsüz ki, qonşu ölkələrdə baş verənlərin təsiri Azərbaycandan da yan keçmir.

Artıq bir sıra beynəlxalq araşdırma mərkəzləri ölkəmizdə dini, iqtisadi və siyasi zəmində baş verə biləcək hadisələrin proqnozlarını verirlər. Təəssüf ki, həmin proqnozlar əsasən gərginlik, qarşıdurma və münaqişələr üzərində qurulub. "Minchenko Consulting" şirkətinin mütəxəssislərinin hazırladığı "Cənubi Qafqaz regionunda siyasi risklərin qiymətləndirilməsi" adlı hesabatda Qafqazdakı ölkələrin stabilliyi qiymətləndirilib. Bildirilib ki, Qafqaz regionu üçün ən böyük təhlükələrdən biri iqtisadi qeyri-stabillikdir. Bu qeyri-stabilliyin yaradılmasında Rusiya və İŞİD-in də xüsusi rolunun olduğu iddia edilir.

Hesabatda həm də bildirilir ki, regionda Avropa və Avrasiyaya inteqrasiyaya aid layihələr arasında rəqabət güclənib. Müəlliflərin fikrincə, Qafqaz şəraitində inteqrasiyaya aid istənilən layihənin reallaşadırılması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır.

Qarabağ münaqişəsi ərazisində və Azərbaycan-Ermənistan arasındakı təmas xəttində gərginliyin artması, Gürcüstanın Avroatlantik məkana meyllənməsi, Yaxın Şərqdə İŞİD terrorçu qruplaşmasının möhkəmlənməsi, radikal əhval-ruhiyyənin və terrorçu metodların Qafqaza ötürülməsinə cəhd, bu region ölkələri üçün yeni təhlükədir. Hesabatda region ölkələrinin makroiqtisadi vəziyyətinin də təzyiq altında olduğu qeyd olunub: "Ölkələrdə pulun hissedilən həcmdə devalvasiyası xaricdən pul köçürmələrinin azalması və investisiya sahəsində azalma fonunda baş verir".

Qafqazda ən stabil ölkə olaraq qiymətləndirilən Azərbaycanda əsas təhlükə kimi "sistemsiz islamçı müxalifətin" fəallaşması göstərilir. Türkiyə və İranın isə siyasi gələcəyinin qeyri-müəyyən olduğu bildirilir. Rusiyanın regionda stabilliyin qorunmasında maraqlı olduğu bildirilsə də, ölkənin Qərblə münasibətlərini yenidən nəzərdən keçirməyə hazır olmadığı qeyd edilir. Mütəxəssislər bildirir ki, regionda Rusiya, Türkiyə, İranın güclü olması Azərbaycanı terrorçu dini təşkilatlardan bir qədər sığortalayıb. Türkiyənin terror müstəvisinə çevrilməsi göstərir ki, İran və Rusiyada da ara qarışa bilər. Dini müstəvidə böhranın yaşanması, ölkəmiz üçün də istisna deyil. Türkiyənin son vəziyyəti isə bizə xəbərdarlıqdır. Ümumiyyətlə, söhbət tək İŞİD-dən getmir. İŞİD-ə qədər də, İslam adı altında bir sıra terror təşkilatları var idi. Məsələn,  "Əl Qaidə". Bu gün İŞİD-i Qərbin yeni layihəsi hesab edənlər də kifayət qədərdir. Sabit müsəlman dövlətlərini qarışdırmaq üçün İŞİD-in bir vasitə olduğu söylənilir.  Onların Azərbaycana nüfuz etməsi də, gözlənilən bir təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün Dövlət intensiv təbliğat-təşviqat proqramları hazırlamalı, gənclərə həqiqi dini təfəkkür aşılanmalıdır.

Çünki Azərbaycan hüquqi cəhətdən dini dövlət olmasa da, hər bir Azərbaycan vətəndaşının daxilində din yatır, adət-ənənələrimiz də müəyyən mənada, dini baxışlarla tənzimlənir. Bir çoxlarının ölkəmizdə sünni-şiə təriqətlərini üz-üzə qoymaqla təxribat yaratmaq cəhdləri hər zaman olub. Bunun qarşısını almaq üçün dövlət bir sıra zəruri dini proqramlara start verməli, həyata keçirilən mövcud dini maarifləndirmə proqramları bir qədər də genişləndirilməlidir. Ölkəmizdə ənənəvi sünni-şiə məzhəblərinin sağlam, vətənpərvər, dövlətçi din alimlərinə KİV-də geniş yer ayrılmalı, telekanallar vasitəsilə sadə camaata göstərilməlidir ki, ölkəmizdə sünni-şiə davamçıları qardaş münasibətdə, birgə yaşayırlar və onların arasında heç bir anlaşılmazlıq yoxdur. Bu səbəbdən də multikulturalizm, dini dözümlülük baxımından Azərbaycan bir çox dünya dövlətlərinə nümunə kimi göstərilir. Amma bu, bizi heç zaman arxayın salmamalıdır. Ölkəmizdə mövcud olan dözümlülük, multikultural dəyərlərə verilən yüksək önəm, belə düşünməyə əsas verir ki, belə hallar ölkəmizdə baş verə bilməz. Lakin ərəb ölkələrində baş verənlər göstərdi ki, terrorçuların ölkəmizə daxil olmasını gözləmək lazım deyil. Çox ola bilsin ki, onların ökəmizdə hər an potensial təhlükəyə çevrilə biləcək qeyri-ənənəvi dini cərəyanlarla, beynəlxalq terror şəbəkələri ilə əlaqələri olsun. Bunu görə də, təkcə hüquq-mühafizə orqanları deyil, bütün cəmiyyətimiz maksimum ayıq-sayıq olmalıdır. Qərbin "tolerantlıq" adı altında ölkəmizə sırıdığı qeyri-ənənəvi təriqət-məzhəblər öz "meyvələri"ni dərmədən profilaktik addımlar atılmalıdır.

Azərbaycana qarşı dini zəmində olan təhdidlər rəsmi qurumlar tərəfindən də qəbul olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İŞİD nəinki region ölkələrinin, hətta dünyanın gündəmində olan bir təşkilatdır, lakin Azərbaycanda İŞİD-in hansısa dayağı, sosial bazası, məntəqəsi yoxdur və ola da bilməz. Amma o, Azərbaycanda müəyyən radikal qüvvələrin olduğunu da etiraf edib: "Onlara qarşı digər qurumlarla birgə apardığımız işlər kifayət qədər yaxşı nəticələr verir. Biz məscidlərdə bu qruplaşmaların təbliğat aparmasının qarşısını alırıq və alacağıq".

Son dövrlərdə Qafqazda sabitliyin pozulacağı barədə çoxsaylı təhlil və proqnozlar verilir. Artıq bölgədə bir gərginlik ocağı söndürülüb. Lakin Qafqazlarda gərginlik hələ də qalır. Bu gərginlikdən Qərbin region ölkələrinə qarşı təzyiq aləti kimi istifadəsinə imkan vermək olmaz. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qərbin analitik mərkəzləri əksər hallarda ola biləcəkləri deyil, görmək istədiklərini, yaxud nəyisə əldə etmək üçün məsələni daha da mürəkkəbləşdirməyi üstün tuturlar. "Minchenko Consulting" şirkətinin araşdırmalarına da bu aspektdən yanaşmaq lazımdır.

Əslində, radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv və subyektiv səbəbləri var və bu özünü bir çox sahələrdə göstərir. Dövlət siyasətində ayrı-seçkiliyə rəvac verilməsi, dinlərarası münasibətlərin gərginləşdirilməsi, bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmində ədavət və düşmənçiliyin qızışdırılması da, bu səbəblər sırasındadır.

Bir sıra ölkələrdə zərərli dini təriqətlərin sərbəst yayılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, dindən siyasi məqsədlər üçün istifadəyə şərait yaradılması, beynəlxalq və regional əhəmiyyətli münaqişələrin uzun illər həllini tapmaması və yeni qarşıdurmaların yaranması, dünyada ekstremizm və dözümsüzlük meyllərini daha da artırır. Lakin dünya ölkələrinin və beynəlxalq qurumların bu risklərin qarşısının alınması məqsədilə göstərdikləri səylər və həyata keçirdikləri tədbirlər bir sıra hallarda ciddi nəticə vermir, əksinə, münasibətlərin daha da gərginləşməsinə, vəziyyətin mürəkkəbləşməsinə və münaqişələrin artmasına rəvac verir.

Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə bəşəriyyəti ciddi təhdid edən terrorizm və ekstremizmin tarixi qədim dövrlərə təsadüf edir və yaranması müxtəlif səbəblərlə əlaqələndirilir. Bir çox hallarda bu kimi münaqişələr etnik, dini, irqi və s. zəmində baş verir. Motivindən və yaranma səbəblərindən asılı olmayaraq, terrorizm ekstremizmin təzahür formalarından biridir və bu təhlükənin aradan qaldırılması bəşəriyyətin ən mühüm və başlıca vəzifələrdən biridir.

Bu da danılmaz faktdır ki, terror hadisələrindən heç bir dövlət sığortalanmayıb. Müasir dövrdə bütün dünya xalqları terrorun dəhşətli nəticələrini birbaşa və yaxud dolayısı ilə hiss edir və bu kimi hadisələrdən əziyyət çəkir. Bu təkcə hər hansı bir ölkənin və yaxud xalqın deyil, bütün bəşəriyyətin problemidir. Hər il dünyanın ayrı-ayrı ölkələrində baş verən terror aktları və siyasi münaqişələr nəticəsində çoxlu günahsız insan terrorun qurbanına çevrilir.

Azərbaycan xalqı da tarixin müxtəlif mərhələlərində terrora məruz qaldığından onun ağrı-acısına, ağır nəticələrinə daha dərindən bələddir. Təəssüf ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bölgədə və dünyada baş verən münaqişələrə ikili standartlarla yanaşır, prinsipial mövqe nümayiş etdirmir, problemlərin həllini bilavasitə münaqişəyə cəlb olunmuş tərəflərin işi hesab edir. Bu, xalqımız üçün son dərəcə mühüm olan Dağlıq Qarabağ probleminin həllinə yanaşmada da özünü açıq göstərir. Azərbaycan olduqca həssas, böyük dövlətlərin maraqlarının toqquşduğu bölgədə yerləşdiyindən, gələcəkdə yarana biləcək, davamlı inkişafa mane olacaq münaqişələrin vaxtında qarşısının alınması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Onu da xüsusi qeyd etmək lazımdır ki Azərbaycan Respublikasında dini ekstremizm təhlükəsi keçən əsrin 90-cı illərindən meydana çıxmağa başlayıb. Müstəqilliyin ilk illərində respublikada siyasi stabilliyin pozulması, Ermənistanla silahlı münaqişə və iqtisadi durumun çətinləşməsi bu meyillər daha da gücləndirib. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin, dözümlülüyün, multikulturalizmin və tolerantlığın təməli qoyulub. Bu təməl üzərində bərqərar olan azarbaycançılıq ideologiyası bu gün də prezident İlham Əliyev tərəfindən davam etdirilir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.75749206542969