Təhsil islahatları niyə nəticəsizdir?
dos. İlham Əhmədov

Təhsil islahatları niyə nəticəsizdir?dos. İlham Əhmədov
 

Elm və təhsil naziri E. Əmrullayev AzTV-də yayımlanan “Əsas Məsələ” verilişində müəyyən elmi tədqiqatların nəticələrindən danışıb: “Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir. ... Azərbaycan ictimaiyyəti tədris məsələlərini müzakirə etməlidir. Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nəticəsinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”.
Nazirin bu fikirlərində aydınlaşdırılmalı məqamlar var. Bu gün təhsilimizin ən ciddi problemi, aparılan islahatların heç bir elmi bazaya istinad etməməsidir. Biz bunu illərdir ki, deyirik. Amma bu haqda ETN-də düşünən yoxdur. Bəs “Azərbaycan ictimaiyyəti tədris məsələlərini müzakirə etməlidir” kimi bəyanatlar niyə verilir. Əvvəllər də belə gəlişi gözəl sözlər çox deyilib, amma heç bir təklif nəzərə alınmayıb. Nə vaxt sözünüzlə əməliniz eyni olacaq görəsən?
Əgər indi söhbət konkret olaraq təhsilin monitorinqindən gedərsə, 5,5 milyard büdcəsi olan bir qurum özü niyə monitorinq tədqiqatları aparmır? Nazir deyir ki, “Elmi tədqiqatların nəticəsinə görə ....”. Hansı tədqiqatlardır bunlar, onu kim, nə vaxt aparıb, niyə saytlarda bu tədqiqatların materialları və nəticələri yoxdur? Əgər bu fikirlər xarici tədqiqatlara əsaslanırsa, onda bilin ki, təhsilimiz analoqsuz geriləmədədir, başqa ölkələrin normal təhsil mühitində apardığı tədqiqat və eksperimentlərin nəticələri bizim üçün keçərli deyil.
ETN əslində həm də etiraf edir ki, onların əsaslanmağa heç bir yerli tədqqiqatları olmadığı üçün KİV-də olan monitorinqlərə əsaslanırlar. KİV-dəki monitorinqlər 1-2 mütəxəssisin rəyi ola bilər. Bu ciddi, davamlı tədqiqat, monitorinq sayıla bilməz. Ciddi tədqiqatı ciddi də maliyyələşdirmək lazımdır, “ucuz ətin şorbası olmaz”. Bunun üçün ETN belə lazımı tədqiqatları autsorsinq etməlidir. Kimə? Ekspert və mütəxəssislərdən ibarət yaradılan müvəqqəti elmi texniki layihə qruplarına. Onlar da davamlı olaraq (1 il və daha çox müddətdə) monitorinq tədqiqarları aparmalıdır.
Nazir hələ 2021-ci ildə deyirdi ki, biz təhsil layihələrinə 550 milyon manata yaxın vəsait sərf (əslində isə israf) etmişik. Bu az məbləğ deyil, artmış təhsil büdcəsinin 10 %-dir, vaxtvar idi ki, təhsilin ümumi büdcəsi bundan az idi. Hər il təhsil büdcəsinin 10 % belə nəticəsi məlum olmayan işlərə sərf edilirsə, bu nə idarəetmədir? Bu məbləğə təhsilimizin bütün elmi təminat problemləri həll edilə bilərdi, hansı ki, son 25 ildə heç vaxt olmayıb.
Bu məqsədlə təhsilin bütün problemləri sistemləşdirilməli, daha sonra bu problemlər ayrı-ayrı layhələr formasında müvəqqəti elmi-texniki layihə qruplarına, təhsil yönümlü QHT-lərə tender və ya qrant formasında icraata verilməli idi. Hələlik əsasən səmərəsiz qrantların dost tanışa verilməsini, bunların isə təhsilə heç bir təsir etmədiyini görürük. Təhsil büdcəsinin cəmi 0,01 % hissəsi hansısa konkret müsabiqəyə, layihələrə sərf edilir (məktəb qrantı bura aid deyil, amma o da çox azdır). Özü də müsabiqə adları (“Təhsildə könüllü hərəkatı???”), layihələr (“Məktəblərdə skaut klublarının yaradılması”???) və istiqamətləri çox vaxt təhsil problemlərinin həllinə yönəlmir. Son 3 ildə olan belə müsabiqələrin təhsilə nə faydası ola bilərdi?
Əslində isə hər il büdcənin yuxarıda qeyd edilən məbləği (550 milyon) tam olaraq təhsilin elmi-metodik bazasının yaradılmasına yönəlməli idi. Yüksək səviyyəli təhsili olan ölkələrdə islahatlar belə elmi bazaya əsasən aparılır. Bizim xarici təhsilli təhsil menecerlərimiz bu sadə həqiqəti də bilmirsə,, onda bu nə menecmentdir belə? Tətbiqi tədqiqatlar adı ilə cüzi məbləğ (5-6 milyon) ilbəil ARTİ-yə ayrılır, hansı kı, artıq 7-8 ildir bu qurum elmi mərkəz kimi yox, əsasən tədris mərkəzi kimi fəaliyyət göstərir.
Nazir başqa bir müsahibəsində qeyd edirdi ki, tədris -metodik təminatın yaradılması üçün gələcəkdə məktəb müəllimlərindən sertifikasiyada yüksək bal yığanlara “ekspert” titulu verəcəyik, onların vasitəsi ilə bu işlər aparılacaq. Bəs universitetlər, tədqiqat institutları nə üçündür? Onlar əlavə maliyyəni necə, hansı yollarla qazansınlar? Nə vaxtdan yaradıcılığın, alimliyin, tədqiqatçılığın diaqnostikası testlərlə müəyyən edilməyə başlayıb? Bu tədris-metodik bazanın da yaradılması, yəqin ki, son illərdə orta məktəblər və məktəb müəllimləri üçün verilən “qrant”ların “innovativ” mexanizmi əsasında reallaşar.
Digər tərəfdən hanı o 550 milyonluq layihələrin nəticəsi ki, indi nazir KİV-dəki epizodik qeydlər və rəylər əsasında monitorinqdən danışır? Bu onu göstərir ki, təhsil menecerlərinin əsas məqsədi təhsildəki ciddi problemlərin həlli deyil. Əgər belə olsaydı, həmən anonim layihələrə sərf edilən pullar, şəffaf olaraq konkret təhsil problemlərinin həllinə yönəldilərdi bu illər ərzində.
Bu səpkili problemlər necə həll edilə bilər, əgər onlar maliyyələşmirdisə? Bəs son illər maliyyələşən layihələr təhsilin hansı problemlərini həll etdi? Bu məsələlər elm-təhsil sektorunda idarəetmənin sadə prinsipləridir.
Nazir deyir ki, biz prosesləri yox, nəticələri maliyyələşdiririk. Əgər artıq nəticə varsa, onun maliyyələşməsinə nə ehtiyac? Dünyanın heç bir yerində elm və təhsilə belə yanaşma yoxdur, çünki bu sağlam məntiqə ziddir. Nazirin bu fikri, həm də onu göstərir ki, biz tədqiqatları maliyyələşdirmək istəmirik. Ona görə də bizim təhsil islahatları ortabab təhsilin ləğvi edilməsi, əvəzində isə əvvəlkindən dəfələrlə zəif və keyfiyyətsiz təhsil sisteminin yaradılmaması ilə nəticələndi.
Məsuliyyətdən yaxa qurtarmaq üçün də nazirliyin yaxşı bəhanəsi var: “Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir.”. 25 il islahatlar üçün az müddət deyil. Heç 10 il də az müddət deyil. 10 il ərzində bir çox ölkələrdə uğurlu və nəticəvi islahatlar aparılma təcrübəsi var. Bu 10 ildə çox şeylər etmək olardı. Əgər elmi təminat problemlərinin həlli maliyyələşərdisə, şəffaf maliyyə mexanizmləri və normal kadr siyasəti mövcud olardısa.

"Paralel.az"

0.021512031555176