Sinqapurun yaxşı təhsilindən pis nümunə 
- dos. İlham Əhmədov 

Sinqapurun yaxşı təhsilindən pis nümunə - dos. İlham Əhmədov 
 

“Sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur” (E. Əmrullayev).

Nazir bu səhv fikri əvvəllər də dəfələrlə təkrarlayıb. Bu fikir pedaqoji elmin prinsiplərinə və təhsil təcrübəsinə ziddir. 5 il Təhsil instituna, 4 il ETN rəhbərlik edən şəxsin belə ziyanlı fikir səsləndirməsi çox qəribədir. Sosial şəbəkələrdə yüzlərlə müəllim bu fikrin səhv olduğunu yazırlar. Bu fikrin ziyanlı olmasını hətta sertifikasiyadan kəsilən müəllimlər də bilir, bəs təhsil menecerləri niyə bunu bilmir görəsən?

Nazir Sinqapur təcrübəsini bizə nümunə gətirir. Əslində Sinqapurla biz heç bir sahədə müqayisə edilə bilmərik.
Sinqapurda korrupsiya 0 səviyyəsindədir, bizdəki səviyyəni isə o özü yaxşı bilir. Qalan bütün məsələlər burdan nəticə kimi alına bilər.
Bizdə Sinqapur səviyyəsində təchiz edilmiş məktəblər, dərsliklər, proqramlar, elektron resurslar, müəllimlərin hazırlanma və təkmilləşdirmə sistemi, elmi-metodik baza, obyektiv qrant siyasəti, təhsil layihələrinin maliyyələşməsi müəllim nüfuzu, müəllim maaşları və müəllimin sosial müdafiəsi varmı?
Sinqapurda təhsilə, təhsil tədqiqatlarına və təhsil innovasiyalarına qoyulan real investisiyanı niyə bizdəki ilə müqayisə etmirlər?
Bizdə heç Sinqapurdakı təhsil menecerləri də yoxdur.
Sinqapur təhsili dünyanın ən yaxşı təhsil sistemlərindən biridir. Onların təcrübəsindən çox şey öyrənə bilərdik. Amma nazirin təklif etdiyi bu ideya bəlkə də bizim təhsilə ziyan verəcək ən pis nümunədir. Biz yaxşı sistemin bizə uyğun olmayan, ziyanlı tərəfini niyə əxz edək ki? Məqsəd nədir? Biz əvvəlcə Sinqapurun təhsil ekosistemini burda qurmalı, bundan sonra o təcrübəni bura transfer etmək haqqında düşünməliyik.
Amma Sinqapur təhsil təcrübəsini bura transfer etmək üçün də gərək onların təhsil menecerlərini bura transfer edək. Çünki, təhsildə hər bir işin uğuru insan kapitalına, bu işin başında duran menecerlərin peşəkarlığına bağlıdır. Bizim təhsil menecerləri əgər Sinqapur təhsil sisteminin bizim üçün ən ziyanlı elementini bəyənirsə, deməli hələ yaxşı ilə pisi ayıra bilmirlər, bu təcrübəni düzgün dəyərləndirə bilmirlər.
Hər bir müəllim yaxşı bilir ki, sinifdə şagirdlərlə ünsiyyət (daxili bağlılıq və qarşılıqlı təsir) yaratmasa, əks- əlaqə qurmasa fəaliyyəti səmərəsiz olar. Bu iki şərti 40 nəfərin iştirak etdiyi sinifdə reallaşdırmaq mümkün olarmı?

Digər tərəfdən Sinqapurda onlayn təhsil inkişaf edib. Ona görə də sinifdə çox şagirdin olması fərdi onlayn təlimlə kompensasiya edilir.

Bəs niyə belə səhv fikir hər dəfə təkrarlanır?
Düşünürəm ki, gələcəkdə sinifləri optimallaşdırma bəhanəsi ilə belə komplektləşdirmək istəyirlər. Niyə?
Təhsildə əmək haqqı fonduna qənaət etmək üçün. Təhsilin büdcəsi ilbəil artdığı dönəmdə niyə əmək haqqı fondu artmasın ki?
Görünür təhsildə daha mühüm "layihələr" olacaq, onları maliyyələşdirmək üçün.
Deputatların da sual etdiyi kimi, əvvəkli illərdəki yüz milyonlarla manatın hansı "layihə"lərə xərclənməsinə, təhsilə verdiyi fayda haqqında suallar niyə hələ də cavablanmayıb ?

"Mən bilirəm, siz məktəblərdə dərs keçmirsiniz" (E. Əmrullayev).
Nazir bu sözü 2022-ci ilin avqustunda, BŞTİ-də məktəb direktorları ilə keçirilən iclasda deyib. İndi sinifdə 40 şagird söhbəti həm də ona işarədir ki, jurnal üzrə siyahıda nə qədər şagird olsa da, siniflər boşdur, uşaqlar repetitor yanındadır, 40 yox, hətta 60 şagirdin adı jurnalda olsa da, boş sinifdə təlimin keyfiyyətə bu təsir etməz.
Bəlkə Sinqapulular da bizdən bu təcrübəni əxz etsinlər?

"Paralel.az"

0.016890048980713