Bütün dostlarım yenidən bərpa olunmuş ata ocağıma dəvətlidirlər...
Yeni həyatın başlanması , yoxsa köhnə həyatın davamı ?
Uzun illərdir ki , hər ilin ilk iş günü məskunlaşdığım rayonun məcburi köçkünlərlə iş şöbəsində olub qeydiyyatdan keçirəm. Xocalıya Böyük Qayıdış ərəfəsində olsaq belə otuz illik vərdiş əsasında bu gün də Suraxanı rayon qaçqın və məcburi köçkünlərlə iş şöbəsinə getdim . Şöbə Suraxanı rayon icra hakimiyyətinin köhnə inzibati binasında yerləşir . Binaya daxil olduqda uzun illər boyu burada qarşılaşdığımız hadisələr yaddaşımda canlandı . İH - sabiq başçısı Hacıbala Abutalıbovun "mənim qapım həmişə qaçqın və köçkünlərin üzünə açıqdır" deməsini , rayonda məskunlaşan bu qəbildən olan insanların hər zaman yanında olmasını , dövlət qaygısı ilə tam əhatə olunmaları üçün əlindən gələni etməsini xatırlamaya bilmədim .Eyni zamanda o illərdə üz - gözlərindən ümidsizlik yağan , evsiz - eşiksiz insanların uzun növbələrdə xəcalət hissi ilə yardım payı alması, bəzilərinin əsəblərini cilovlaya bilməyərək qanqaraşılıq yaratlmaları sanki dünən olmuşdu . Bu divarlar arasında hər hansı bir sənədin , arayışın alınması üçün uzun -uzadı növbələr zamanı köçkünlük illərində bu şöbədə işə düzəlmiş həmkəndlim Qaladərəli Qədimin "səbrli olun hər birinizə növbə çatacaq" deyən sakit səsi qulaqlarımda əks səda verdi . Əfsuslar olsun ki , uzun illərin ayrılığından sonra hər birimizin xətrini dünyalar qədər istədiyi Qədim qardaşımız , dünyasını dəyişdiyi üçün bizimlə Xocalıya dönə bilməyəcəkdir .
Beynimdə dolaşan "getsin o günlər bir daha geri dönməsin" fikri ilə hər zaman yanımızda olan, diqqət və qayğısını bizlərdən əsirgəməyən şöbənin müdiri Əkbər müəllimlə görüşdüm , xüsusi zərurət olmasa da adətim üzrə vəsiqəmi 2024- cü il üçün qeydiyyatdan keçirdim . Xocalıya qayıdışla bağlı bir qədər söhbət etdik . Sonda rayon rəhbərliyinin ,ictimaiyyətinin bu illərdə bizlərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək , xudahafizləşib geri döndüm . Yol boyunca otuz iki illik məcburi köçkünlük illərinin Suraxanı rayonunda keçən acılı - şirinli xatirələr dolu bir hissəsi kino lenti kimi yenidən gözlərimin önündən keçdi . Ağdamın işğalından sonra məskunlaşlığımız Suraxanı rayonunda çətinlik və mərhumiyyətlər dolu günlərin acı xatirəsi , məni ağuşuna alaraq yenidən o arzu olunmaz günlərə , aylara , illərə qaytardı.
Bir tərəfdən uzun ayrılıqan sonra nəhayət yurdumuza dönə biləcəyimizin sevinci digər tərəfdən isə otuz ildə yaşadığımız yerlərdən ayrılmagın kədəri bir - birinə qarışmış və ikili hisslərin arasında qalmışdım . Dogrudan da çox agrılı məsələdir , insan neçə dəfə köç edər ? Xocalının işğalından sonra Ağcabədi rayonunun Hindarx kəndinə , ordan Ağdam rayonunun Kiçikli daha sonra isə Nəmirli kəndlərinə və Ağdamın işğalından sonra Bakı şəhərinə köç etmək və hər yeni məkana uyğunlaşmaq üçün keçən vaxtlar , çətinliklər ... Hər yeni məskunlaşdığımız məkana adaptasiya olunmaq üçün illər keçir . Keçən isə zaman deyil insan ömrüdür . Köçkünlük illərində dünyaya gələn yeni nəsil , yeni məkanda təhsil alır , ailə qurur . Yaşlı nəsildən dünyasını dəyişənlər burada dəfn olunur , yeni simalar, tanışlıqlar , dostluq münasibətləri , yeni qohumluq əlaqələri hər birimizi yeni yaşayış məskəninə görünməz tellərlə möhkəm bağlayır . Lakin bunların hamısının önündə qədim yurdumuza Böyük Qayıdış durur və hər birimizi ora səsləyir .
Bu yaxınlarda dəyərli feysbuk dostlarımdan biri olan Aqil Kəngərli öz səhifəsində babasının ötən əsrin qırxinci illərinin sonunda Qərbi Azərbaycandan deportasiya olunduqdan sonra onlara verilmiş köçkünlük vəsiqəsini tarixi bir sənəd olaraq paylaşmışdı . Zaman gələcək Qaçqınların və Məcburi köçkünlərin işi üzrə dövlət komitəsi , onun rayon şöbələri ləgv olunaraq tarixə qovuşacaqdır . Eləcə də keçmişin acı xatirələrini özündə qoruyub saxlayan , bu yazının ərsəyə gəlməsinə səbəb olan məcburi köçkün vəsiqəsidə tarixin arxivinə veriləcəkdir . Ancaq gələcək nəsillər tərəfindən baş vermiş hadisələrin unudulmaması , qan yaddaşına əbədi yazılması üçün bu kimi sənədlər muzey eksponatı kimi qoruyub saxlanmalı yırtıcı xislətli erməni daşnaklarının əməllərini xalqımıza daim xatırlatmalıdır .
R S Yazını paylaşdıqdan bir neçə saat keçmiş komitədən mənə zəng etdilər . Qayıdış planı ilə baglı sorğunun nəticələrinə uyğun olaraq orada qalan evlərin təmirinə start verilməsini bildirərək , sıra nömrəmin 80 olmasını və ikinci köç dəstəsində iyun ayında Xocalıya dönə biləcəyimin müjdəsini verdilər .
Bütün dostlarım yenidən bərpa olunmuş Xocalımızda ata - baba yurduma dəvətlidirlər.
Akif Mirsiyaboğlu
"Paralel.az"