Siyasi qərəzin və ikili standartların növbəti nümunəsi - açıqlama

Siyasi qərəzin və ikili standartların növbəti nümunəsi - açıqlama
 

Amerika Birləşmiş Ştatları Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il üçün hesabatında irəli sürülmüş əsassız iddialarla Azərbaycanın “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısı”na daxil edilməsi siyasi qərəzin və ikili standartların növbəti nümunəsidir. Multikulturalizmi və tolerantlığı özünün ideoloji əsaslarından hesab edən Azərbaycanın həmin siyahıya daxil edilməsi ən azından ədalətsizlikdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov söyləyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edənlər, bu üzdəniraq hesabatı hazırlayanlar, yaxşı olardı ki, öz diqqətlərini ABŞ da daxil olmaqla, Qərb ölkələrinin bir çoxunda hökm sürən islamafobiya və ksenafobiya hallarına yönəltsinlər. “Məsələn, Fransanın təhsil naziri Qabriel Attal 2023-cü il 18 avqust tarixində respublikanın məktəblərində bəzi müsəlman ölkələrinin milli geyimi sayılan “əba” və “qamis” kimi paltarların qadağan olunacağını bildirdi. O, bu qadağanı guya “dini kommunitarizmin rədd edilməsi” və “məktəblərin hər vəchlə dini prozelitizmdən qorunmasının labüdlüyü” ilə əlaqələndirdi. Sözügedən geyimlər, sanki “dini təbliğat” xarakteri daşıyırdı. Bu münasibət, əslində, Fransa hökumətinin başqa xalqlardan və dinlərdən olan insanların ənənələrinə hörmətsizliyinin, hətta onları fransızlaşdırma siyasətinin təzahürüdür. Bir çox beynəlxalq təşkilat Fransanın bu qərarını pisləyən bəyanatlar verdi. ABŞ Dövlət Departamentinin Dini etiqad azadlığı haqqında hesabatında, hətta bu məsələlərə toxunulduğunu belə görmürük. Bunun əvəzinə dini tolerantlığı ilə dünyaya nümunə olduğunu bir çox amerikalı elm və ictimai xadiminin təsdiqlədiyi Azərbaycana qarşı əsassız iddiaların şahidi oluruq. Ölkəmizdə yaşamış və ya səfərdə olmuş bir çox amerikalı siyasətçi və elm adamı Azərbaycanın dini tolerantlıq baxımından İslam dünyasında və hətta bütövlükdə dünyada nümunə bir ölkə olduğunu dəfələrlə qeyd edib. Təsadüfi deyildir ki, bu hesabata qarşı ən sərt reaksiyalardan birini məhz ABŞ-nin ölkəmizdəki keçmiş səfiri olmuş Metyu Brayza vermişdi”.

“Hesabatdakı əsassız iddialardan biri guya ölkəmizdə İslam məzhəblərindən birinin nümayəndələrinin təqib olunmasıdır. Bu iddia, əslində, dünyəvi dövlətçiliklə mübarizəni öz ideologiyasına çevirənlərə dəstək nümayiş etdirməkdir. Azərbaycanda dini fəaliyyətinə görə heç kim həbs edilmir. “Dini fəaliyyət” adı altında qanun pozuntusuna yol verənlər isə ABŞ da daxil olmaqla, bütün ölkələrdə məsuliyyətə cəlb edilirlər.
Azərbaycan dini və məzhəbi tolerantlıq baxımından nümunə göstəriləcək bir ölkədir. Hesabatda “məzhəb” adının diskriminasiya çərçivəsində qeyd edilməsinin əksinə olaraq, ölkəmiz məzhəbi qardaşlıq baxımından İslam Şərqində örnək sayılacaq səviyyədədir. Azərbaycandan başqa digər bir ölkə yoxdur ki, onun ən böyük mərkəzi məscidində nəinki Cümə namazı, hətta gündəlik namazlar belə, növbə ilə bəzən bir, bəzən isə digər məzhəbin nümayəndələri tərəfindən qıldırılır. Həmin məzhəblərin mənsubları yanaşı durub, eyni imamın arxasında ibadətlərini yerinə yetirirlər. Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatı o zaman obyektiv sayılardı ki, bu məqamlara diqqət çəkilərdi”, - deyə rektor əlavə edib.

Azərbaycanda müsəlmanlarla yanaşı, Xristianlığın və Yəhudiliyin müxtəlif qollarının nümayəndələrinin, eləcə də Krişnaçılıq və Bəhailiyin mənsublarının sülh və əmin-amanlıq mühitində yaşadıqlarını və onların heç bir diskriminasiya hallları ilə qarşılaşmadıqlarını vurğulayan rektor deyib: ”Halbuki elə ABŞ-ın özündə diniəsaslı diskriminasiya ildən-ilə artır. Kaliforniya Dövlət Universitetinin Nifrət və Ekstremizm Tədqiqatları Mərkəzi tərəfindən 2023-cü ildə hazırlanmış “Xalqa raport 2023: inanc hücuma məruz qalır” adlı tədqiqatda ABŞ-da 2022-ci ildə dini nifrətmotivli cinayətlərin 27 faiz artdığı qeyd olunur. Həmin araşdırmada bildirilir ki, yəhudilərə qarşı törədilən dinəsaslı cinayətlərdə 28, müsəlmanlara qarşı 16, digər dinlərin mənsublarına qarşı 117 faiz artım olub. Niderlandda 2023-cü ildə “Quran”ın qadağan edilməsini və müsəlman ölkələrindən gələn miqrantların geri göndərilməsini tələb edən edən Gert Vildersin partiyası qalib gəldi. Bütün bunlar Qərb ölkələrində islamafob və ksenafob tendensiyalarının sürətlə artdığını göstərir, bəzən isə bu halları birbaşa müəyyən Qərb dövlətlərinin siyasi iradəsi təhrik edir. Azərbaycanda, halbuki dini nifrətmotivli cinayətlərin bir nümunəsini belə göstərmək mümkün deyil. Bu gün Azərbaycan İlahiyyat İnstitutunda müxtəlif dinlər və məzhəblər deskriptiv yolla – aralarında fərq qoyulmadan tədris olunur. Bu da, şübhəsiz ki, dövlətimizin müxtəlif inanclara tolerant münasibətinin nəticəsidir”.

“Hesabatın Azərbaycana dair hissəsinin erməni müəllif tərəfindən hazırlanan “obyektiv” sətirlərində guya ölkəmiz tərəfindən Qarabağda xristian dini irsinin məhv olunması iddiası da qaldırılır. Ərazilərimizin işğal dövründə ermənilər tərəfindən məhv edilən 80-dən çox məsciddən, həqiqi siması dəyişdirilərək qriqorianlaşdırılan Alban kilsələrindən, Ermənistanda isə məhv edilən yüzlərlə müsəlman ibadətgahından bir cümlə belə yoxdur. Azərbaycan hökumətinin Qarabağda təkcə dağıdılan müsəlman ibadətgahlarına deyil, xristian dini abidələrinə qarşı qayğı və diqqəti haqqında onlarca nümunə sadalamaq mümkündür. Xristian dini abidələrinə qarşı ölkəmiz tərəfindən törədilən bir mənfi hal belə göstərilə bilməz və göstərilməyib də. Bütün sadaladıqlarımız hesabatın məqsədli və qərəzli olduğunu göstərir. Ümid edirik, ABŞ Dövlət Departamenti dini vəziyyətlə əlaqəli gələcək hesabatlarını hazırlamaq vəzifəsini xalqımıza qarşı öz etnik qərəzini sətirlərə tökərək ifadə edənlərə deyil, ən azından ölkəmizi akademik səviyyədə araşdıran və tanıyan amerikalı alimlərə həvalə edəcək”, - deyə A.Şirinov fikrini yekunlaşdırıb.

 

0.048358917236328