Əhməd Cəfəroğlunun anım günüdür

Əhməd Cəfəroğlunun anım günüdür
 

Azərbaycan əsilli Türkiyə dilçisi və ədəbiyyatşünası Əhməd Cəfəroğlunun anım günüdür (17.04.1899, Gəncə – 06.01.1975, İstanbul).

Əhməd Cəfəroğlu üç yaşında atasını itirib. 1905-ci ildə erməni-müsəlman (azərbaycanlı) davası qalxanda ailəsi Səmərqəndə köçüb. Əhməd Cəfəroğlu ilk təhsilini orada alıb, sonradan ailəsi ilə birgə Gəncəyə qayıdıb. 1909–1916-cı illərdə Gəncə gimnaziyasında təhsil alan Əhməd Cəfəroğlu, daha sonra Kiyev Ali Ticarət İnstitutuna daxil olub, orada üç semestr oxuyub. Lakin həmin dönəmdəki situasiya ilə bağlı 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıtmalı olub.

Əhməd Cəfəroğlu Gəncədə istiqlal mübarizəsinə qoşulub. Qafqaz Türk-İslam Ordusu üzv olub; 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti kimi iştirak edib.

Əhməd Cəfəroğlu yenicə açılan Azərbaycan Darülfününün (BDU, 1919) Tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olub. Lakin tale elə gətirib, bu universiteti də yarımçıq qoyaraq Gürcüstana, oradan da Türkiyəyə keçib...
İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsinə daxil olan Əhməd Cəfəroğlu, ünlü türkoloq Mehmed Fuad Köprülüdən dərs alıb və bu universiteti 1925-ci ildə bitirib. Bir il işlədikdən sonra onunçün yeni şans yaranıb: Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslan universitetlərinə göndərilib, tanınmış türkoloqların mühazirələrini dinləyib. 1929-cu ildə Əhməd Cəfəroğlu İstanbul Universitetinə filologiya doktoru kimi dönüb. Öncə Türk dili tarixi kafedrasının dosenti, sonra professor, 1946-cı ildən (Mehmet Fuad Köprülünün vəfatından sonra) kafedra müdiri olub.
Əhməd bəy həm də universitetin Türkiyyat İnstitutuna başçılıq edib.

"O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi". - Bu sözləri Əhməd bəyin həmkarı Səadət Cağatay yazıb və əlavə edib ki, o "öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu".

1923–1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb.

Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub.

O, "Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru, habelə dünyanın ən ünlü elmi cəmiyyətlərinin, akademiyalarının üzvü olub.
Onun Türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilib, bu gün də dərslik kimi istifadə olunur.

Sayğılarla anırıq.
Ruhu şad olsun!

Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi

"Paralel.az"

0.020279169082642