Yaxın Şərqdə nə baş verir?! - Ərastun Oruclu yazır...
Kirmanda törədilən və 80-dən çox insanın həyatına son qoyan terror aktının ardınca İraqdakı İrana bağlı "Harakat əl-Nucəba" silahlı birləşməsinin komandiri Müştaq Cavad Kazım əl-Cəvarinin qətlə yetirilməsi təkcə son aylar Yaxın Şərqdə baş verənlərlə bağlı deyil, həm də həmin hadisələr zəncirinin tərkib hissəsi sayıla bilər.
Kirmanda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə İŞİD, İraqdakı qətlə görə isə Pentaqon götürdü. ABŞ ordusunun açıqlamasında bildirilir ki, əl-Cəvari İraqdakı və Suriyadakı ABŞ mövqelərinə qarşı həyata keçirilmiş 100-ə qədər hücuma görə məsuliyyət daşıyırdı və buna görə də məhv edilib.
Amma bütün bunların keçən il oktyabrın 7-də Həmasın İsrailə qarşı həyata keçirdiyi əməliyyatdan başlayan hadisələrlə sıx əlaqəli və onların davamı olduğunu desək yəqin ki, yanılmarıq. Təsadüfi deyil ki, Həmas-İsrail savaşının ardınca prosesə ilk aktiv qoşulan Yəməndəki İranla sıx əlaqəli, adətən "husilər" kimi təqdim olunan şiə təmayüllü "Ənsər Allah" silahlı qüvvələri oldu.
Qırmızı dənizdə hərəkətə keçən husi silahlıları iki istiqamətdə fəaliyyətə başladılar: İsrailə raket və PUA hücumları; Qırmızı dəniz hövzəsində hərəkət edən gəmilərə basqın etməklə bölgəni daşımalar üçün təhlükəli məkana çevirmək. Bununla da Yaxın Şərq üzərindən əsas dəniz daşımalarını iflic vəziyyətə salmaq.
Sadalananlara paralel olaraq İraqda və Suriyadakı silahlı Iran tərəfdarları (proxy-ləri) ABŞ mövqelərinə hücumları gücləndirdilər. Nəhayət, İsrail-Livan sərhədlərində yəhudi dövlətinin ordusu ilə İranın bölgədəki əsas və ən güclü tərəfdaşı sayılan "Hezbollah" silahlı qüvvələri arasında artilleriya və raket zərbələri mübadiləsi müntəzəm xarakter almağa başladı.
Son belə hücumlardan biri Beyrutda Həmas liderlərindən olan, hərəkatın Siyasi Bürosunun sədr müavini Saleh əl-Ərurinin qətlə yetirilməsi ilə nəticələndi. Bir qədər əvvəl isə İsrail aviasiyasının Suriyaya hava zərbələri nəticəsində Sepah-ın briqada generalı Seyyid Reza Musəvi qətlə yetirilmişdir.
Gördüyümüz kimi, Yaxın Şərqdə proxy- müharibələr öz pik nöqtəsinə çatmaqdadır, amma bunlar hadisələrin görünən tərəfidir. Onların görünməyən və ya daha az diqqətçəkən tərəfi isə bölgə ətrafında cərəyan edən geosiyasi gəlişmələrdir.
Həmin gəlişmələrə start verən də Hindistanda keçirilən G-20 sammiti zamanı 8 dövlət və Avropa Birliyi tərəfindən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə (IMEEC) dair imzalanan memorandum idi.
Amma bu gün artıq yüksək ehtimalla demək olar ki, həmin memorandum ya "ölü doğulmuş uşaq" idi, ya da Yaxın Şərq ətrafında hadisələri sürətləndirməyə hesablanmış böyük təxribat.
Hər bir halda, onun ardınca HƏMAS-ın İsrailə hücumu ilə başlayan və bu gün az qala bütün Yaxın Şərq coğrafiyasını əhatə edən proxy-savaşın həmin memorandumun imzalanmasına reaksiya olduğu inkar edilə bilməz.
Əslində isə Yaxın Şərq uğrunda böyük savaş bizim bölgədən baıladı. 2020-ci ilin iyulunda Tovuzda Azərbaycan-Ermənistan sərhəddində təxribatdan başlayan və ardınca da 44 günlük müharibə ilə davam edən hadisələr həmin həlledici geosiyasi savaşın "ilk qaranquşu" idi.
Bunu elə 44 günlük müharibə ərəfəsində də demişdik. Hələ o zaman bildirmişdik ki, savaşa start verən Rusiyanın 3 hədəfi var: Azərbaycan ərazisinə sülhməramlı adı altında silhalı qüvvələr yeritmək, Gəncə dəhlizinə və digər kommunikasiyalara nəzarəti ələ keçirmək və Ermənistandakı Paşinyan hakimiyyətini dəyişmək.
Amma o zaman Türkiyənin savaşa aktiv müdaxiləsi və Azərbaycan Ordusunun uğurları həmin planı qismən pozdu. Sülh adına imzalanan bədnam 10 noyabr üçtərəfli bəyanatı əslində geosiyasi mübarizə tərəfləri üçün time-out idi. İlk növbədə də Rusiya üçün
Öncə bir suala cavab verək: Yaxın Şərqi geosiyasətin əsas hədəfinə çevirən nədir? Əslində bu, cavabı ən sadə olan sualdır: qlobal ticarət və daşımalar üçün nəzərdə tutulan əhəmiyyətli 3 layihənin üçü də son iki minillikdə olduğu kimi Yaxın Şərq üzərindən keçir:
1. Şərq-Qərb Dəhlizi; Şimal-Cənub Dəhlizi və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi. Deməli, Yaxın Şərq heç bir halda vazkeçiləcək bölgə deyil. Həmin səbəbdən də həlledici savaş Yaxın Şərq uğrunda olacaq və o, artıq başlayıb. Düzdür, hələlik ancaq proxy-savaş şəklində
Bu savaşda da nə qədər təəccüblü də olsa ən güclü tərəf qlobal güclər olan ABŞ, Rusiya və ya Çin deyil. Yuxarıda sadalananlardan da göründüyü kimi, həmin dövlət İrandır. Bu da ən azı 20-30 il ərzində yürüdülən siyasətin nəticəsidir.
İranın xarici siyasətinin və milli təhlükəsizlik doktrinasının da əsas prinsiplərindən biri "bufer zonalar" vasitəsilə təhlükəni öz ərazisindən uzaqlaşdırmaq, savaşları proxylər vasitəsilə öz sərhədlərindən kənarda başqa dövlətlərin ərazisində daşımaqdır.
Görünür elə həmin siyasəti pozmaq və İran rejimini daxildən sarsıtmaq nəqsədilə həmin savaşın İranın daxilinə qaytarılmasına cəhdlər edilir. Hər halda son hadisələrin görünən ümumi mənzərəsi bunu deməyə əsas verir.
Bu kontekstdə Kirman terrorunun ardınca Tehran tərəfindən atılan iki diqqətdən addım maraqlı olmaya bilməz: İranın ali dini rəhbərinin ABŞ-la birbaşa toqquşmadan çəkinmək çağırışı və SEPAH qüvvələrinin ölkənin mərkəzi hakimiyyətinin nəzarətinin zəifliyi və separatçılıq tendensiyaları baxımında ən həssas bölgəsi olan Sistan və Bəlucistan bölgəsinə yeridilməsi.
Görünür Tehranda artıq anlayırlar ki, başladılmış proxu-savaşın uğuru gözlənildiyi qədər effektiv olmayacaq. Bu da o deməkdir ki, birbaşa İran-İsrail və İran-ABŞ toqquşması qaçılmaz ola bilər. Belə toqquşmanın başlanğıcının ən real olduğu bölgə (ölkə) isə Suriyadır.
Suriya Yaxın Şərq uğrunda gedən savaşda qarşı-qarşıya dayanan Çin xaric bütün tərəflərin hərbi güclə təmsil olunduğu yeganə ölkədir. Bu da böyük savaşın səbəbi (və ya bəhanəsi) ola biləcək birbaşa toqquşma meydanı ola bilmək deməkdir.
(davamı var)
P.S.: Yazıdakı təşkilat və şəxs adları ingilisdilli mənbələrdən götürüldüyü üçün dilimizə çevirmədə yanlışlıqla verilmiş ola bilər.
"Paralel.az"