Hikmət Hacıyev: "Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır"

Hikmət Hacıyev:
 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib.

Paralel.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:

- Cənab Hacıyev, “Reuters” agentliyinin dekabrın 19-da verdiyi məlumata görə, siz demisiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə 35 ildən sonra başa çatıb. Azərbaycan hazırda “sülhün təmin olunması” strategiyasını həyata keçirir. Həmçinin sülh sazişinin imzalanmasının çətin olmadığı bildirilib. Ermənistanla sülh sazişi real olaraq nə vaxt imzalana bilər?

- 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsipi təqdim etməklə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.
Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır. Biz həqiqətən də sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur.

Son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyanı təəccübləndirməyi bacarıb. Mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yaydığı mühüm birgə açıqlamaya istinad edirəm. Bunun nəticəsində mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edilib. Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib. Bu, Azərbaycanın və Ermənistanın vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadir olduğunu göstərir.

- Əgər gündəm belə müsbətdirsə, siz real olaraq sülh sazişinin nə vaxt imzalanmasını gözləyirsiniz?

- Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı.

- Hər iki ölkə sərhədin demarkasiyası və Zəngəzur dəhlizinin yekun həlli olmadan sülh sazişi bağlamağa hazırdırmı?

- Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır.
Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib. Sonuncu görüş bu ilin noyabrında Azərbaycan-Ermənistan sərhədində baş tutub. Bu görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılaşdırma işinə başlanılması və komissiyalar arasında görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Biz bu razılaşmanı da müsbət əlamət kimi qiymətləndiririk, ən azı ona görə ki, bu, ikitərəfli formatda əldə olunub.

- Dekabrın 6-da Prezident Əliyev Azərbaycandan Naxçıvan anklavına “asan gediş-gəliş”lə bağlı çağırış edib. Orada “yoxlamalar və müdaxilələr” olmamalıdır. Bu, Azərbaycanın legitim hüququdur. Bu, gömrük və sərhəd nəzarəti olmadan nəqliyyat əlaqəsi deməkdirmi? Bu iddianın Azərbaycanın legitim hüququ olması barədə müddəası qüvvədə olan beynəlxalq hüququn hansı müddəasına istinad edir?

- Azərbaycanın Naxçıvan regionu 30 ildir ki, blokadadadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Prezident İlham Əliyev bu öhdəliyə istinad edib.
Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik.

- Siz Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Bəyanatın 9-cu maddəsini nəzərdə tutursunuz: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Azərbaycan bu maddəni belə şərh edir ki, Ermənistan gömrük və sərhəd nəzarətindən imtina edəcək?

- Sualınıza qısa cavab olaraq, bəli deyirəm. Məhz buna görə də sənəddə sərnişinlərin və yüklərin “maneəsiz” hərəkəti ifadəsi işlənir. Bu, Ermənistanın imzaladığı öhdəlikdir. Bununla belə, bir məsələyə aydınlıq gətirmək lazımdır ki, biz malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq.

- İstinad edilən 9-cu maddədə, həmçinin qeyd olunur: “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Bu arada Rusiya-Ermənistan münasibətləri xeyli soyuyub. Azərbaycan nöqteyi-nəzərindən, 2020-ci ildəki bənd sizin üçün hələ də aktualdırmı?
- Mən Rusiya-Ermənistan münasibətlərini şərh etmək istəmirəm. Vurğulamaq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. İkincisi, Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üçtərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. Amma burada mənim vəzifəm bölgədə sərhəd qoşunlarının müdafiəçisi kimi danışmaq deyil. Bizim narahatçılığımız ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası var. Bu il İrəvanda Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistanda vəhşicəsinə döyülməsi ilə bağlı internetdə çoxlu kadrlar var.
Ancaq önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaşmalar yerinə yetirilməlidir) .

Beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır.

- “Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi” dedikdə Ermənistan-İran sərhədi boyunca köhnə sovet marşrutunu, yoxsa daha şimalda yerləşən dəhlizi nəzərdə tutursunuz?

- Sovet dövründə və hətta ölkələrimizin müstəqilliyinin ilk illərində istismarda olan dəmir yolu ilə keçməli olan ən qısa marşrutu nəzərdə tuturuq, bu marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistan bu dəmir yolu əlaqəsini bərpa etməkdə maraqlı olduğunu desə də, onlar paralel magistralın tikintisinə qarşı çıxırlar və bunun əvəzində Azərbaycana uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha Ermənistanın nəqliyyat əlaqələrini açmaq istəmədiyini nümayiş etdirir.

- Belə bir nəqliyyat dəhlizinin Ermənistanın suverenliyini və Ermənistan-İran əlaqələrini məhdudlaşdırmasının qarşısını necə almaq fikrindəsiniz?

- Biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük. Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük.

- Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ərazisində Azərbaycanla Naxçıvan və ya Türkiyə arasında bir neçə şərq-qərb əlaqəsinin yaradılması təklifi ilə çıxış edib. Bakının bununla bağlı mövqeyi necədir?

- Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri - Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən Ermənistan regionumuzun əsas enerji və kommunikasiya layihələrindən kənarda qalıb. Ermənistan uzun illər özünü təcrid vəziyyətində saxlayıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində regional kommunikasiyaların açılması üçün müxtəlif layihələr də müzakirə oluna bilər. Ermənistan ərazisindən Naxçıvana nəqliyyat xəttinin istifadəyə verilməsi Ermənistanın Orta Dəhliz layihəsinə daxil edilməsində mühüm rol oynayacaq. Ancaq Ermənistan nəhayət ki, nə istədiyini aydın şəkildə bəyan etməlidir.

- Gömrük və sərhəd nəzarəti olmayan Zəngəzur dəhlizinə tələbin Orta Dəhlizin reallaşmasını ləngitməsi riski mövcuddurmu? Belə bir siyasət Çindən tutmuş Avropaya qədər maraqlı tərəfləri Azərbaycana qarşı qoymaq riski yarada bilərmi?

- Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alternativ həllər üzərində işləyirik. Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini ildə 5 milyon tona çatdırmaq istiqamətində işlər görürük. Biz iranlı tərəfdaşlarımızla birlikdə İran ərazisindən keçməklə Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən kənarda qalması yalnız onun öz siyasətindən asılı olacaq.

Onu da deyim ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gündəmdən çıxarılması demək deyil. Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır. Ermənistan vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır.

- Dağlıq Qarabağ münaqişəsində, beynəlxalq hüquq çərçivəsində sərhədlər bərpa edilib, lakin dərin humanitar yaralar qalmaqdadır. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanı Dağlıq Qarabağın etnik erməni əhalisinin geri qayıtması üçün “etimad mühiti və maddi şərait yaratmağa”, o cümlədən Azərbaycanın onları həvəsləndirməsi və onlar üçün imkanlar yaratması istiqamətində fəal addımlar atmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışa cavab olaraq hansı addımlar atmağı planlaşdırır?

- Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuata yaydığı məlumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb.

Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib.

Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrətə görə. Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şurası yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib.

Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteqrasiya portalı fəaliyyətini davam etdirir.

Eyni zamanda, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı kompakt şəkildə yaşadıqları məskənlərindən kütləvi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistanın baş naziri onları “Ermənistanın milli təhlükəsizliyinə təhdid” adlandırıb ki, bu da tamamilə qəbuledilməzdir. Bir tərəfdən “sülh dövrü” elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlı qaçqınları “ölkənin milli təhlükəsizliyinə təhdid” adlandırmaq olmaz.
Ermənistandan qovulmuş azərbaycanlı qaçqınları təmsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını vurğulayır. Onların məqsədləri, sadəcə olaraq, Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıtmaqdır.

Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ münaqişəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, itkin düşən oğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təsəlli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona səfər etmisiniz və bu işğalın Azərbaycan şəhərlərini, kəndlərini nəyə çevirdiyini görmüsünüz. Bir vaxtlar inkişaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işğalçıları dəqiq mina xəritələri olmadan bizə bir milyondan çox minadan ibarət ölümcül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrdə azərbaycanlılar öz suveren ərazilərində mina partlayışlarının qurbanına çevrilirlər. Hazırda azərbaycanlıların qarşısında ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzifə dayanır.

Digər humanitar yara isə mədəni irsimizin - abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şəkildə dağıdılmasıdır. Məscidlərimiz donuzların və inəklərin saxlanılması üçün tövlə kimi istifadə edilib. Ermənistan bununla Azərbaycan xalqının izini silməyə çalışıb.

- Dediniz ki, hər iki ölkə vasitəçisiz məhsuldar danışıqlar aparmağa qadirdir. Sizin təcrübənizdə hansı format daha effektivdir: Azərbaycan-Ermənistan danışıqları, qonşu İran, Rusiya və Türkiyə ilə 3+3 formatı, yoxsa Qərbin iştirakı ilə danışıqlar, istər ABŞ, istərsə də Aİ olsun?

- Hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı. Müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır.

 

 

 

0.020224809646606