Ali Məhkəmə də məhkəmə müdafiəsi hüququna qadağanı “hüquq və azadlıq” sayır
Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov, İlqar Hüseynov üçlüyü şikayət verilmədən kassasiya hüququna qadağa qoyub
Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Cahangir Yusifov, Pərviz Yusifovdan ibarət üçlüyünün sədr dəyişikliyi ilə DİN-ə və DSMF-ə qarşı 1-ci dərəcəli Qarabağ qazisinin kassasiya şikayəti vermək üçün hüquqi yardım almaq hüququnu “hüquqdan sui-istifadə” sayıb, dövlət hesabına vəkil ayrılmasına qadağanı “əsas insan hüquq və azadlıqları” kimi aktlaşdırması ölkədə məhkəmə-hüquq sisteminin, insan hüquq və azadlıqlarının durumunu tam çılpaqlığı ilə ortaya qoyur. Apellyasiya instansiyasının 1-ci dərəcəli Qarabağ qazisinə qərəzini, nifrətini, antihumanistliyini , çətin də olsa, anlamaq olar. Məhkəmə təminatı hüququna kobud qadağanı mediada işıqlandırmaq əsas insan və vətəndaş hüquq və azadlıqlarından olsa da, Bakı Apellyasiya Məhkəməsi Qarabağ əlillərinin məhkəmə təminatı hüququna qadağanı, məhkəmə qərarlarının illərlə verilməməsini qınamağı bağışlaya bilmir. Ona görə də acığını təkcə Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququna yox, həm də 61-ci maddə ilə təminat verilən hüquqi yardım almaq hüququna da qadağa qoymaqla çıxır. Hakim ki qərəzli oldu, acıq sərgilədi, onda , necə deyərlər, apar qaytar!
Ali Məhkəmənin İnzibati Kollegiyası (Nigar Rəsulbəyova, İlqar Hüseynov , Kəmaləddin Bədəlov) 17.11.2023-cü il tarixli, 2-1(102)-2392/2023 saylı qərarla Bakı Apellyasiya Məhkəməsinin 05.07.2023 tarixli DİN-ə qarşı iş üzrə kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina barədə qərardadından VERİLMƏYƏN ( axı 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmır, kassasiya şikayəti necə verilə bilər?) şikayəti təmin etməyib. (?) Olduqca ilgincdir, bundan öncə 2 dəfə eyni ali heyət işi apellyasiya instansiyasına qaytarıb, lakin aşağı instansiya ali instansiyanın məcburi göstərişlərinə əməl etməyib. Üçüncü dəfə isə xəbərdarlıq etmədən, şikayət verilmədən aşağı instansiyanın vəkil ayrılmasından imtina barədə qərardadı hətta Avropa Məhkəməsinin presedent hüququ ilə qanuni və əsaslı sayılıb. Bəyəm Avropa Məhkəməsi (də!) ədadlətli-ədalətsiz olması bir yana, məhkəmə təminatı hüququna qadağanı “əsas insan hüququ” sayır? Bəlkə Avropa Məhkəməsi də məhkəməyə müraciət etmək, kassasiya vermək, hüquqi yardımdan yararlanmaq hüququnu “ HÜQUQDAN SUİ-İSTİFADƏ” sayır? Yəqin Konstitusiya Məhkəməsi bu suallara cavab verər. Təbii ki, icraatına götürməyə işin faktiki hallarına toxunmaq bəhanəsi ilə qadağa qoymasa…
Onu da vurğulayaq ki, Bakı Apellyasiya Məhkəməsində olduğu kimi, ali instansiya da 09.06.2023 tarixli Qanunla ləğv edilən MPM-in 67.2 və 121.2 maddələrini, özü də yersiz tətbiq edib. Bir də onu vurğulayaq ki, sədr dəyişikliyi ilə eyni ali heyət ( İlqar Hüseynov, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov) eyni apellyasiya heyətinin ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) eyni iş üzrə DSMF və DİN-ə qarşı eyni “predmet”- kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtina qərardadından VERİLMƏYƏN (?) kassasiya şikayətini 29.12.2023 tarixli qərardadla mümkün saymayıb. “Əsas” da bilirsiniz nədir? KASSASİYA ŞİKAYƏTİNİ VƏKİL TƏRTİB ETMƏYİB!(?) Yeri gəlmişkən, Kəmaləddin Bədəlov 12.02.2020 tarixli qərardadla DİN-ə qarşı Şəki Apellyasiya Məhkəməsinin iddianın mümkün sayılmaması haqqlnda 11.04.2019 tarixli qərardadından kassasiya şikayətini mümkün saymayıb ki, vəkil şikayəti 8 aydan sonra yazıb!(?) Vəkil Nəvahid Abbasov VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilovun göstərişi ilə şikayəti gec yazıbsa, burada 1-ci dərəcəli Qarabağ qazisinin müddəti ötürməsindən necə danışmaq olar? Özü də iddiaçı əlilin qərardadı alan kimi birbaşa Ali Məhkəməyə kassasiya şikayəti verib, vəkillə dövlət hesabına təminatına ərizə verdiyi halda. Elə indi də Kəmaləddin Bədəlovun içində olduğu heyət 25 noyabrda “e-məhkəmə” informasiya sistemindən şikayətin vəkilsiz verildiyini, 18 dekabra kimi “yanlışlığı” düzəltməyi bildirmişdi. “Yanlışlıq” Ali Məhkəmədən vəkil ayrılmasını təmin etmək barədə ərizə ilə aradan qaldırılmışdı. Di gəl, yazılı icraat iclası 18 dekabrdan 29 dekabra dəyişilsə də, şikayətin mümkün sayılmayacağı qərardadı dəyişməyib.
Hüquqsuzluğa qiymət vermək Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrinin, ali inzibati kollegiyanın sədrinin görəv borcudur.
Məğrur Bədəlsoy
P.S. Ali Məhkəmə iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatını mümkün saymır ki, tərəflərin hüquq bərabərliyi cavabdehə nisbətdə pozulacaq. Cavabdeh dövlət inzibati orqanları isə - DİN VK-nın intizam komissiyyisasının üzvü Əlirza Həbilovla, 3 ilin (bu ildən 4 ilin) vəkili Orxan Babayevlə , DSMF bütöv 39 saylı vəkil bürosu ( müdir-filial direktoru Abuzər Mütəllimov, direktor müavini-vəkil Roman İsmayılov, departament müdiri-vəkil Yeganə Məmmədova, mütəxəssis -vəkil Emil İsgəndərli, Rüstəm Şikarlı.. 39 nəfərlik vəkil-məmur ordusu) ilə təmsil olunur!.(?)