...İlin sonunda bir də xatırlayarıq - Rövşən Ağayev
İlin sonunda iqtisadi mövzuda ən çox müzakirə edilən məsələ ölkədə iqtisadi durğunluğun yaşanması oldu.
Söhbət illik artımın 1%-in altında qalmasından gedir (11 ayın yekunları 0,8% göstərdi). Əhalini hər nəfərinə düşən göstəriciyə görə hətta artımın 0,5% olduğu görünür.
Mərkəzi Bank isə dekabrın 30-da açıqladığı bəyanatında 2024-cü il üçün 3-3,5%-lik, o cümlədən qeyri-neft sektoru üzrə 5-5,5% iqtisadi böyümə proqnozlaşdırır.
Bəs bu nə qədər realdır?
İş ondadır ki, hökumət 2024-cü il üçün iqtisadi artımın 2,4% (BVF 2,6%), qeyri-neft sektorunun 4,6% böyüyəcəyini deyir.
Mərkəzi Bankın proqnozunun reallaşması üçün neft-qaz sektorunda azalma tam dayanmalı (hətta artım olmasa belə), qeyri-neft sektorunda artımın 6%-dən aşağı olmaması lazım.
Halbuki gələn il Azərbaycan hökuməti neft-qaz seqmentində 1,8%-lik azalma gözləyir. Əgər bu baş verərsə, Mərkəzi Bankın qeyri-neft sektoru üzrə 5,5%-lik artıım proqnozu reallaşsa belə, ümümi artım ən yaxşı halda 2% ətrafında olacaq.
Yəni Bankın 3,5%-lik gözləntisi bu rəqəmlərin fonunda xeyli optimist görünür.
Zəruri bir xatırlatma: 2023-cü ildə qeyri-neft sektorunun 3,2%-lik artımı, neft sektorunun 1,6%-lik azalması şəraitində iqtisadi artım cəmi 0,8% təşkil edib. Hər 2 sektorun iqtisadiyyatda payı təxminən eyni olduğu üçün artıma (azalmaya) statistik olaraq təsiri eyni səviyyədə baş verir. Sadə desək, biri 3,2% artırsa, ümumi artıma töfhəsi 1,6% olur. Digəri 1,6% kiçilirsə, ümumi iqtisadi tempi 0,8% zəiflədir.
Hər halda bu status qalsın burda, ilin sonunda bir də xatırlayarıq.
"Paralel.az"