2023-cü ilin iqtisadi mövzuda son postu... - Rövşən Ağayev
Mərkəzi Bank 2024-cü il üçün pul-kredit siyasətilə bağlı mövqeyiini açılayıb.
Bankın gələn illə bağlı əsas risk saydığı məsələlərdən biri məcmu tələbin ölkənin istehsal potensialından daha yüksək artımıdır.
Bunun sadə izahı belədir: istehsalda durğunluq yaşanır, iqtisadiyyat böyümür, amma əvəzində ev təsərrüfatlarının istehlak xərclərinin, hökumətin büdcə xərcləmələrinin, eləcə də iqtisadiyyatın genişlənməsilə müşayiət olunmayan investisiya qoyuluşlarının sürətlə artımı baş verir.
Problem ondadır ki, əgər tələb istehsalı üstəyirsə, bu halda ehtiyac duyulan əmtəə və xidmətləri xaricdən idxal etmək lazım gəlir.
İdxal isə ölkədə əlavə valyuta çıxışı, cari balansının defisitinin artması (yaxud profisitinin azalması) deməkdir.
Üstəgəl, istehsalın məcmu tələbdən geri qalması paraşütlə tökülən neft pulları hesabına büdcə xərclərinin, kreditləşmənin artmasını tələb edir (hərçənd ki, məcmu tələbin borclanma hesabına maliyələşməsi daha ciddi makroiqtisadi risklər yaradardı).
Biz bunu yola salmaqda olduğumuz 2023-cü ildə görürük:
İqtisadi artım cəmi 0,8%, amma əvəzində büdcə xərclərində 15%-lik, kreditləşmədə 18%-lik, investisiya qoyuluşlarında 17%-lik artım.
Bu genişlənməni maliyyələşdirmək üçün manatla pul bazasında 10%-lik artım.
Əmtəə idxalında 24%-lik (11 ayın nəticəsinə görə), xidmət idxalında 12%-lik (9 ayın nəticəsinə görə).
Yüksək təbii resurs qiymətləri hesabına izafi qazanclarla iqtisadiyyata pul pompalamaqla məcmu tələbi süni genişləndirməyin yaratdığı mənzərədir bu - amma çox dayanıqsız, riskli və qeyri-məhsuldar iqtisadi tablodur.
Mərkəzi Bank sənəddə orta aylıq əmək haqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artmasını da uzunmüddətli dövrdə inflyasiya riskləri baxımından təhlükə sayır.
Bu o vəziyyətdir ki, biznesin əmək haqqı xərcləri istehsalın bir işçiyə düşən həcminin artım tempindən daha sürətlə artır. Məsələn, 1 işçiyə düşən istehsal həcmi 2% artır, amma maaş fondu 10%. Bu vəziyyət təkcə inflyasiyanı tətikləmir, uzunmüddətli dövrdə biznesi də çökdürür.
Amma bu təkcə maaş-əmək məhsuldarlığı məsələsi deyil: biznesin vergi yükünün ağırlaşması da onun istehsal potensialının, əmək məhsuldarlığının artımına adekavat olmalıdır. Əgər qiymət amilinin təsiri nəzərə alınmazsa, vergi yükü istehsalın artımını əhəmiyyətli dərəcədə üstələyirsə, çox keçməz biznes müflisləşər.
Məsələn, 2023-də (11 ayın nəticəsi) Azərbaycanın qeyri-neft sektorunun 3%-lik böyüməsi müqabilində vergi ödəmələrinin 20% artdığı deyilir. Əgər hətta bunun 10%-lik hissəsi qiymət amili ilə bağlı olsa belə, yenə də biznesin vergi yükünün artım tempi onun böyümə tempini az qala 3 dəfə üstələyir.
Mərkəzi Bank fiskal genişlənmənin bu şəkildə baş verməsinin də inflyasiya riski yaratmasını gözardı etməməlidir.
"Paralel.az"